Qərb daha sərt addımlara hazır olmalıdır
23 Fevral 2022
ABŞ-ın “Vaşinqton Post” qəzeti “Bayden Ukraynadakı kataklizm təhlükəsinə düzgün reaksiya verir” başlığı altında redaksiya məqaləsi dərc edib.
Məqalədə xatırladılır ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsindəki separatçı rejimləri müstəqil dövlətlər kimi tanıyandan dərhal sonra ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların ilk mərhələsini tətbiq etməyə başlayıb.
Məqalədə bildirilir ki, bunlar Baydenin əvvəllər vəd etdiyi sərt və dağıdıcı sanksiyaların cüzi hissəsidir və illüziyaya qapılmaq olmaz: qarşıdakı günlərdə, həftələrdə rus qoşunları və hərbi texnikası Donbasda təmas xəttini aşaraq Ukraynanın dərinliklərinə daxil ola bilər, ona görə ABŞ və müttəfiqləri Rusiyanı daha sərt iqtisadi sanksiyalarla təcrid etməyə hazır olmalıdır.
Məqalədə deyilir ki, Baydenin fevralın 22-də elan etdiyi, Rusiyanın iki dövlət bankını və elitasının bir qismini hədəf götürən, Moskvanın Ukraynanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliyini pozmasına cavab olan sanksiyalar haqlı və zəruri tədbirlərdir: “Böyük Britaniya və Avropa Birliyi də Rusiyaya qarşı müəyyən sanksiyalara qərar verib. Almaniya Rusiyadan Avropaya gedən “Şimal axını – 2” qaz kəmərinin lisenziyalaşdırılmasını dayandırıb. ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla planlaşdırdığı görüşü ləğv edib. Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi Bayden-Putin sammitinin indiki təcavüz fonunda təxirə salınması da düzgün addımdır”.
Daha sonra məqalədə vurğulanır: “Putinin məntiqsiz, gülünc açıqlamalarına nəzər yetirsək, bu və digər iqtisadi sanksiyaların onu niyyətindən çəkindirməyəcəyini güman etmək olar. Deməli, o, Ukraynaya qarşı təcavüzünə görə cəzalanmağı artıq gözünün altına alıb. Ancaq yəqin ki, Putin ABŞ və müttəfiqlərini parçalaya biləcəyinə də ümid edir. Xoşbəxtlikdən ABŞ və müttəfiqləri bu gərgin anlarda birgə hərəkət etməkdədir”.
“Vaşinqton Post”un redaksiyası hesab edir ki, Putin öz aqressiyası ilə əsas yaradan kimi sanksiyaların növbəti mərhələsinə keçilməli, həmin mərhələdə sanksiyalar Rusiyanın iri banklarını vurmalı, eyni zamanda Qərb Putinin çevrəsindəki oliqarxları, klanları cəzalandırmaq üçün nəhəng tor qurmalıdır.
2014-cü ildə Ukraynada hakimiyyətə Qərbə bağlı qüvvələr gələndən sonra Rusiya bu ölkənin Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya prezidenti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanımaq barədə fərmanlar imzalayıb.
Tərcümə: Novator.az
Mənbə: The Washington Post