Logo
news content
User
Kateqoriyalar

İcmal

Konqresdə demokratların qələbəsi: İran və Ukraynanı nə gözləyir?

Mənbə: Azadlıq Radiosu

ABŞ Konqresinə aralıq seçkilərdə Demokratlar Partiyasının qələbə qazanması qüvvələr balansını dəyişəcək. Hökumətin fəaliyyətinə nəzarət və qanunvericilik üzərində daha böyük təsir imkanları əldə edəcək demokratlar Vaşinqtonun Rusiya, Ukrayna və İran siyasətinə də təsir göstərəcəklər.

3 noyabr seçkilərində demokratların qələbə qazanması prezident Donald Trampın Respublikaçılar Partiyasının həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti itirməsi deməkdir. Tramp isə nəticələri qəbul etməyə və demokratlarla işləməyə hazır olduğunu bildirib.

İran

Hazırda Konqres qarşısında duran xarici siyasətlə bağlı ən təxirəsalınmaz məsələ İranla müharibə ola bilər. Demokratlar seçki kampaniyalarını məhz bu müharibəyə son qoymaq vədi üzərində qurmuşdular. ABŞ və İsrailin bu il fevralın sonunda İrana zərbələr endirməsi ilə başlayan müharibə qiymətlərin artmasına və iqtisadi qeyri-müəyyənliyə səbəb olub.

Seçkilərin nəticələri Trampı müharibədən diplomatik çıxış yolu axtarmağa sövq edə bilər. Bunu AzadlıqRadiosuna Strategiya və Siyasət üzrə "New Lines" İnstitutunun proqram rəhbəri və baş analitiki Daniya Arayssi bildirib. Ekspertin fikrincə, bu nəticələr "Tramp administrasiyasını müharibədən çıxış strategiyası hazırlamağa, xüsusilə də diplomatik vasitələrə və danışıqlara üstünlük verməyə məcbur edəcək". Yanvar ayında yeni Konqres fəaliyyətə başladıqdan sonra isə demokratlar müharibəyə əlavə maliyyə vəsaitinin ayrılmasını əngəlləyə və administrasiyanın qərarları ilə bağlı araşdırmalara başlaya bilərlər.

Təhlilçinin qənaətinə görə, Tehran da Trampın hərbi kampaniyanı davam etdirmək üçün siyasi imkanlarının zəiflədiyini düşünərək danışıqlarda özü üçün daha əlverişli şərtlər qazanmağa çalışa bilə: "Bu, həm də o deməkdir ki, iranlılar əlavə güzəştlərə getmək üçün təzyiqlə üzləşməyəcəklər".

Bununla belə, Tramp silahlı qüvvələrin ali baş komandanı vəzifəsində qalmaqla yanaşı, hərbi əməliyyatlar və diplomatiya sahəsindəki səlahiyyətlərini də qoruyub saxlayır. Respublikaçıların əksəriyyəti isə İranın nüvə proqramı və regiondakı təhdidləri ilə mübarizə aparmaq üçün hərbi kampaniyanı zəruri hesab edir. Onların demokratların maliyyələşməni məhdudlaşdırmaq cəhdlərinə müqavimət göstərəcəyi gözlənilir.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, bütün bunlara baxmayaraq, müharibənin iqtisadi fəsadları administrasiya üçün siyasi problemə çevrilib. Benzinin və dizel yanacağının bahalaşması demokratlara imkan verib ki, yaşayış xərclərini seçki kampaniyasının əsas mövzularından birinə çevirsinlər. Qiymət artımında Hörmüz boğazı ətrafında tədarükün pozulmasının da payı var.

Yeni Konqres Pentaqonun və müdafiə naziri Pit Heqsetin fəaliyyətinə nəzarəti də gücləndirə bilər. Büdcədən vəsait ayrılması ilə bağlı danışıqlar isə Ağ Evlə yeni qarşıdurmaların yaranmasına yol aça bilər.

Ukrayna müharibəsi

Seçkilərin nəticələri Kiyev üçün həm qeyri-müəyyənlik, həm də müəyyən ümidlər yaradır. Axı Ukrayna Rusiyanın beş ilə yaxındır davam edən işğalına qarşı mübarizədə məhz ABŞ-nin dəstəyinə arxalanır.

Ukraynanın Konqresdəki bir neçə nüfuzlu tərəfdarı vəzifəsindən gedir ki, respublikaçı konqresmen Don Beykon da onlardan biridir. O, Rusiyanı sərt tənqid edir, Kiyevə dəstək məsələsində isə tez-tez öz partiyasının və Ağ Evin mövqeyindən fərqli baxışlar sərgiləyir.

Ukraynaəsilli amerikalıların təşkilatları isə hər iki partiyanın Kiyevə dəstəyi davam etdirəcəyinə inandıqlarını bildiriblər. Amerika Ukrayna Konqres Komitəsinin prezidenti Maykl Savkiv AzadlıqRadiosuna müsahibəsində belə deyib: "Bu seçki dövründə Ukraynanın çox nüfuzlu tərəfdarlarını itirsək də, Konqresdə qalanları da nəzərə alırıq. Ukraynanın bundan sonra da hər iki partiyadan əhəmiyyətli dəstək alacağına dair inam bizi ruhlandırır".

Seçkilərin nəticələri Konqresin Rusiyaya qarşı sanksiyalarla bağlı təzyiqini daha da gücləndirə bilər. Bunu AzadlıqRadiosuna Senatda xarici siyasət məsələləri ilə məşğul olan iki yüksəkvəzifəli respublikaçı müşavir bildirib.

Demokratların nəzarətinə keçən Konqresin Trampın Moskva ilə daha yumşaq münasibətlər qurmaq səylərini çətinləşdirəcəyi gözlənilir. Bu, xüsusilə administrasiya Rusiyaya qarşı sanksiyaları daha da yüngülləşdirməyə çalışarsa, özünü göstərə bilər. Amma Trampın veto hüququ və respublikaçıların müqaviməti də nəzərə alınmalıdır. Onlar Ukraynaya hərbi yardımın genişləndirilməsi istiqamətindəki səyləri əngəlləmək gücündədirlər.

Bununla belə, demokrat senator Çak Şumerin 2027-ci ildə yenidən Senatda çoxluğun lideri olacağı gözlənilir.