Logo
news content
User
Kateqoriyalar

İcmal

“Biz birlikdə yaşamağın yollarını axtarmalıyıq”, -“Aqos” qəzetinin baş redaktoru Yetvart Danzikyan


Türkiyədə yaşayan ermənilərin bəziləri Azərbaycanın Qarabağdakı son hərbi əməliyyatlarından və separatçı qurumun təslim olmasından sonra etnik ermənilərin Qarabağı tərk etməsini və Ermənistana yerləşməsini “narahatlıqla” izlədiyini deyir.





Onların təəssüratlarını BBC News Azərbaycanca üçün Türkiyədə yaşayan jurnalist Könül Şahin öyrənib:





Ermənistan hökumətinin rəsmi açıqlamalarına görə, “antiterror əməliyyatı”ndan sonra Qarabağdan Ermənistana 100 mindən çox adam köçüb. Azərbaycan hələ ki, Qarabağı tərk edən edən etnik ermənilərin sayını açıqlamayıb.





İndiyə kimi Ermənistan Qarabağda 120 min, Azərbaycan 50 min etnik erməninin yaşadığını deyib.




“Antiterror əməliyyatları” zamanı Azərbaycan 190-dan çox hərbçisini, bir mülki şəxsini itirdiyini açıqlayıb, Qarabağda isə 18-i dinc sakin olmaqla, 200-də çox insanın həyatını itirdiyi bildirilir.





Separatçı qurum təslim olub özünü buraxdığını elan edəndən sonra onun bəzi rəhbər şəxsləri, o cümlədən “keçmiş prezidentləri” Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.




“Burada insanlıq faciəsi baş verir”




Nurhan Çetinkaya

ŞƏKLİN MƏNBƏYİ,NURHAN ÇETINKAYA




Nurhan Çetinkaya Qarabağdan ermənilərin köçü haqqında deyir: "Biz Türkiyə ermənilərinin edə biləcəyi bir şey yoxdur, sadəcə izləyirik"



Erməni əsilli iş adamı Nurhan Çetinkaya Türkiyə ermənilərinin hadisələri narahatlıqla izlədiyini bildirir:





“Burada insanlıq faciəsi baş verir. Bu dövrdə bu hadisələr baş verməməlidir. Bu, yer dəyişməsi deyil, insanlar evlərini, yurdlarını tərk edirlər. Biz Türkiyə ermənilərinin edə biləcəyi bir şey yoxdur, sadəcə izləyirik. İnsan faciəsi var və biz kədərlənirik”.





Azərbaycan rəsmiləri Qarabağı tərk edən ermənilərin qayıdıb Azərbaycan vətəndaşlığını aldıqları təqdirdə onların təhlükəsizliyinin və hüquqlarının təmin olunacağını bildirir. Rəsmi Bakının açıqladığı reinteqrasiya planında etnik ermənilərin yerli idarəetmədə iştirak etmək, erməni dilini qoruyub saxlamaq hüquqları da əks olunub.




Azərbaycanlılarla ermənilərin birgə yaşaya biləcəyinə inanan Nurhan Çətinkaya deyir ki, bunun baş verməsi üçün hər iki xalq nifrət dilindən uzaq durmalıdır:





“Sosial şəbəkələrdə erməni daşnakların azərbaycanlı versiyaları var. Daim insanları qıcıqlandırır, sərt ifadələr işlədirlər. Təbii ki, hazırda Azərbaycan hökuməti onların fikirlərini nəzərə alır, amma sabah bu dəyişəcək”.





Nurhan Çetinkayanın fikrincə, erməni diasporu da iki xalq arasında nifrətə səbəb olur. Sosial mediada Xocalı qətliamını andığı üçün erməni diasporundan ölüm təhdidləri aldığını bildirən Çətinkaya hər iki tərəfin öz səhvlərini görmək istəmədiyini bildirir.





O, Ermənistanın bu vəziyyətə düşməsində Nikol Paşinyanın “yöndəmsiz siyasəti”nin də rol oynadığını vurğulayır:





“Mən Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Saakaşviliyə oxşadıram. O da Paşinyan kimi gah Amerikanın, gah da başqasının sözlərinə qulaq asırdı. Əliyev daha təcrübəlidir, atasından aldığı təcrübə var. Amma Paşinyan naşı siyasətçidir, ona görə də işləri daha da çətinləşdirir”.





Türkiyə ermənilərinin hüquqları Qarabağda nümunə ola bilər




“Açığı, mən hər iki tərəfə də uzağam. Məni heç bir tərəf maraqlandırmır”, bizimlə söhbətdə gənc bir Türkiyə ermənisi deyir.





Təhlükəsizlik səbəbi ilə adını açıqlamaq istəməyən bir universitet tələbəsi deyir ki, baş verənlər Türkiyə ermənilərini dərindən təsirləndirir, amma o hesab edir ki, hadisələrə hərənin öz reaksyası var:





“Bəziləri Ermənistanda və ya diasporda olan ermənilərdən eşitdiklərinin əsasında emosional reaksiya verir, bəziləri isə Türkiyə vətəndaşı olaraq, milli kimlikləri ilə bir araya sığmadığını söyləyərək fikir bildirməkdən uzaq durur.





Bu hadisələrlə bağlı əksər hallarda susqunluq və çəkingənlik hökm sürə bilir. Məsələn, mən və ailəm ictimaiyyət arasında danışmaqdan çəkinirik, çünki iki tərəf arasında qalmışıq”.





Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında baş verən hadisələr bəzi mühitlərdə Türkiyə ermənilərinə qarşı qərəzləri artırsa da, çoxluq onlarla düşməncəsinə davranmır:




'Türk cəmiyyəti ilə əlaqələr baxımından bu hadisələr bəzi insanlarda qərəzləri artıra bilər. Lakin əksəriyyət bizi düşmən görmədiyi üçün belə vəziyyətlərdə aramızda tolerantlıq yaratmağa çalışırıq. Keçmişin ağrılarına baxmayaraq, biz dinc gələcək istəyirik və bunun üçün çalışırıq”.





Müsahibimin fikrincə, Türkiyə ermənilərinə verilən hüquqlar Qarabağ erməniləri üçün də nümunə ola bilər.





“Türkiyədə azlıqlar zaman-zaman çətinliklərlə üzləşsələr də, zaman keçdikcə bizə verilən haqlar genişləndirilib. Azadlıqların, haqq və hüquqların təmin edilməsi cəmiyyət üçün çox vacibdir. Azərbaycan da Qarabağda sülh və harmoniya üçün analoji yanaşmanı mənimsəməlidir. Bu, ilk növbədə, erməni icmasını qucaqlamaqla, onun mədəni kimliyinə və dininə hörmət etməklə, bərabər vətəndaşlıq hüquqlarını təmin etməklə mümkün ola bilər. Türkiyədə bizə verilən hüquqlar və imkanlar Azərbaycan üçün nümunə ola bilər”.





“Kifayət qədər insan itirmişik”




Yervart Danzikyan

ŞƏKLİN MƏNBƏYİ,YERVART DANZIKYAN




Türkiyədə dərc olunan “Aqos” qəzetinin baş redaktoru Yetvart Danzikyan



Türkiyədə türkcə və ermənicə nəşr edilən ilk qəzet olan və 1996-cı ildə Hrant Dinkin (o, 2007-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib) də daxil olduğu beş nəfərin təsis etdiyi “Aqos” qəzetinin baş redaktoru Yetvart Danzikyan BBC Azərbaycancaya müsahibəsində bildirib ki, Türkiyədəki erməni icmasi Azərbaycan-Ermənistan arasında müharibə və münaqişə olanda özünü narahat hiss edir.





“Türkiyədə media hadisələri birtərəfli işıqlandırır. Onlar yalnız Azərbaycan və Türkiyə hökumətlərinin dediklərini nəzərə alırlar. Ermənistanın dediklərinə məhəl qoyulmur. Xüsusən də, mediada Nikol Paşinyana lağ edilir, həm dövlət, həm də özəl mediada Ermənistan düşmən kimi göstərilir. Bu, Türkiyədəki erməni icmasında təşviş və özünə qapanma yaradır”.





Yetvart Danzikyan hesab edir ki, Türkiyə həm Ermənistan, həm də Azərbaycanla dialoq qursa, bu, hər iki ölkə üçün daha faydalı olar.





Danzikyanın sözlərinə görə, 2020-ci il müharibəsində və Qarabağda baş verən son hadisələrdə Paşinyan qədər, Ermənistanın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyanın da payı var. Onun sözlərinə görə, Ermənistan keçmiş Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən yeddi rayonu geri qaytarmalı və barışdırıcı mövqe nümayiş etdirməli idi:





“Ermənistan və Qarabağ 90-cı illərdə baş verənlərlə üzləşməlidir. 90-cı illərdə azərbaycanlılar da öz evlərini tərk etməyə məcbur olublar”.




“Ermənilər Qarabağa qayıdıb yenidən orada yaşaya bilərlərmi” sualına Yervart Danzikyan: “Niyə də olmasın? Bunun baş verməyəcəyini güman etməməliyik. Mənim fikrimcə, insanlar birlikdə yaşamalıdırlar'', - deyə cavab verir.





Azərbaycanın açıqladığı inteqrasiya planını nəzərdən keçirdiyini deyən Yervart Danzikyan bildirir ki, Azərbaycan bu planı və uyğun inteqrasiya modellərini daha tez açıqlamalı idi.





Onun sözlərinə görə, regionda beynəlxalq missiyanın olması Qarabağı tərk edən ermənilərin öz evlərinə qayıtmasını asanlaşdıra bilər:





''İnsan həyatında heç bir şey üçün gec deyil. Bir yerdən başlamalıyıq. İnsanların sülh içində yaşamasına kömək etmək üçün nələr edilə biləcəyini düşünməliyik. Mən Azərbaycanın insanlara inam verən münasibət göstərməsini gözləyirəm”.





Dazikyanın fikrincə, dialoq qurmaq və tez hərəkət etməklə həll yolu tapılmalıdır. O hesab edir ki, itirilən istənilən vaxt Ermənistan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək və insanların geri qayıtmasını çətinləşdirəcək:





''Evə qayıtmayan heç kim qalmamalıdır. Erməni də, azərbaycanlı da hamı evinə qayıtmalıdır. Bunlar millətçilik olmadan edilməlidir. Bunu bir xalqın digər xalqa tabe olması düsturundan qurtulmaqla etmək lazımdır. Biz hamımız insanıq və hamımızın müəyyən hüquqları var. Biz birlikdə yaşamağın yollarını axtarmalıyıq. Kifayət qədər insan itirmişik”.





Qarabağa getməsə də, tez-tez Ermənistana səyahət edən Yetvart Danzikyan Ermənistanda qarışılaşdığı çoxlu erməninin Azərbaycan dilində danışdığını deyir.





“Bir-birinizin dilində danışırsınızsa, birlikdə yaşaya bilərsiniz”, - deyə o əlavə edir.