Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Konqresinin Azərbaycana qarşı sanksiya siyahısında yeni adlar çəkilir

ABŞ Konqresinin sanksiya tətbiq etmək niyyətində olduğu azərbaycanlı dövlət məmurlarının siyahısına (41 nəfər) üç yeni ad əlavə edilib.

Ötən həftə Dina Titusun rəhbərliyilə bir qrup konqresmen insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə azərbaycanlı yüksək vəzifəli məmurların cəzalandırılmasına imkan verəcək qanun layihəsini (HR8141) Nümayəndələr Palatasına təqdim edib. Bu barədə Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu qanun layihəsi Konqres üzvləri arasında tərəfdarları toplamağa davam edir. Hazırda həmmüəlliflərin sayı 21-dən 27 konqresmenə çatıb. Son tərəfdarlar arasında qanun layihəsinə qoşulan konqresmenlər Den Qoldman, Mişel Stil və Mayk Kuiqli də var.

Bundan öncə Turan bildirib ki, qanunun son versiyasında 44 azərbaycanlı məmurunun siyahısı var – Konqresə təqdim olunan variantda adları göstərilən üç yeni məmur aşağıdakılardır:

— Kərim Vəliyev, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi;

— Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi;

— Azər Tağıyev, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi.

Ötən həftə təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici işlər komitəsinə və Hüquq komitəsinə təqdim edilib, hələlik gələcək addımlar atılmayıb.

Qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından tələb edəcək ki, Azərbaycanda siyasi müxalifətə qarşı amansız repressiyalara və ötən il Qarabağda hərbi əməliyyatlara görə "Maqnitski qanunu" çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etsin.