Logo
news content
User
Kateqoriyalar

Xəbər

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət başında yaxalanıblar

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirlərilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətlər müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.