Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Şahzadənin ölümü: sevgi, xəyanət və əfsanələrlə dolu tarixçə
“Utancaq” gözəlin həyatının və ölümünün sirləri

1997-ci il avqustun 31-də gənc qadın Parisin Alma körpüsünün altındakı tuneldə avtomobil qəzasına düşdü. Bir neçə saat sonra xəstəxanada vəfat etdi. Qızlıq soyadı Ledi Diana Spenser, evləndikdən sonra Ülyahəzrət Uels şahzadəsi Diana, boşandıqdan sonra Uels şahzadəsi Diana, ölümündən sonra isə xalqın şahzadəsi oldu.

Dünyasını dəyişmiş bir çox məşhurlar daha az xatırlanır və daha tez unudulurlar — bir qayda olaraq, sadəcə ona görə ki, onların şöhrəti özlərindən əvvəl gəlib keçir. Lakin Dianaya maraq səngimir.

 Onun həyatı mifə çevrilib, var-dövlət, şöhrət, gözəllik və pərəstişin təzadlarının çulğaşdığı mifə. Gerçək Diana, hər birimizə xas olan xoş və o qədər də xoş olmayan xarakter xüsusiyyətlərinə malik qadın isə ictimai şüurun yaratdığı əfsanənin içində geridönməz şəkildə yoxa çıxdı.

Lakin həqiqət heç də az maraqlı deyil, çünki parlaq görüntünün arxa tərəfinə nəzər salmağa və həyatın gözəl və kədərli nağıldan daha çoxşaxəli olduğuna əmin olmağa imkan verir.

Şahzadə Diana yox, Uels şahzadəsi Diana

 Hamı Diananı şahzadə Diana adlandırmağa o qədər öyrəşib ki, heç kim belə müraciətin reallığa nə dərəcədə uyğun gəldiyini düşünmür. Bu, sözlərin yerini dəyişəndə mənanın da dəyişdiyi hallardan biridir. “Şahzadə” titulunun addan əvvəl işlədilməsi həmin şəxsin ya monarxın qızı, ya da onun övladlarının qızı olduğunu bildirir.

Kraliça II Yelizabetin qızı şahzadə Annadır. Diana isə evli olduğu müddətdə Diana, Uels şahzadəsi adlanırdı. Keyt Middlton şahzadə Uilyamla evləndikdən sonra hersoginya oldu. Əri 2022-ci ildə Uels şahzadəsi titulunu aldıqdan sonra o, Ketrin, Uels şahzadəsi adlandı.

Bunun prinsipial əhəmiyyəti varmı? Əslində, heç bir əhəmiyyəti yoxdur. Amma bu, reallıqla bağlı kifayət qədər uzun siyahıdakı ilk uyğunsuzluqdur.

Xalqın şahzadəsi, amma xalqdan çıxmış şahzadə yox

Düşünmək lazım deyil ki, şahzadə Çarlz “sadə” bir qızla evlənmişdi. Bu hekayənin bütün iştirakçıları üçün təəssüf ki, o, gələcək həyat yoldaşının mənşəyinin və statusunun əhəmiyyət daşıdığı kral ailəsi üzvlərinin sonuncu nəslinə mənsub idi.

Potensial şahzadə aristokratiyaya mənsub olmalı və necə deyərlər, “keçmişi olmamalı”, yəni əvvəllər heç bir kişi ilə münasibəti olmamalı idi.

Ledi Diana Spenser hər iki tələbə cavab verirdi. Üstəlik, onun damarlarında kral qanı da axırdı, hərçənd bu qan həmişə qanuni nikahlar vasitəsilə gəlməmişdi.

İlk Spenser qrafı Con bu titulu 1765-ci ildə aldı. Onun qızı Ledi Corciana Spenser Devonşir hersoqu ilə evləndi. Kira Naytlinin çəkildiyi “Hersoginya” filminə baxmısınızsa, söhbət məhz ondan gedir.

Diana həmçinin Uinston Spenser Çörçillə və eşqbaz kral II Çarlzla qohum idi. Çünki onun əcdadları arasında II Çarlzın nikahdankənar iki oğlu — Henri Fisroy və Çarlz Lennoks — da vardı. Deməli, onun ulu nənələrindən biri II Çarlzın ulu nənəsi Mariya Stüart idi.

Bundan başqa, Diana ilə Çarlzın özləri də çox uzaq qohum idilər — hər ikisi VII Henrixin qızlarından, Şotlandiya kralı IV Ceymslə evlənmiş Marqaretdən və Çarlz Brendonun həyat yoldaşı olmuş Meridən törəyirdi.

Onun qardaşı indiki kraliçanın xaç oğlu, nənəsi isə V Corcun həyat yoldaşı kraliça Merinin saray xanımlarından biri idi.

Britaniya aristokratlarının şəcərə məlumatlarının yer aldığı “Burke's Peerage” nəşrinin məsləhətçilərindən biri vaxtilə “Time” jurnalına demişdi ki, “kral ailəsi ilə Spenserlərdən daha möhkəm bağları olan başqa ailə yoxdur”.

Buna görə də Diananın heç nədən xəbəri olmayan, çiçəklər və zinət əşyaları ilə bəzədilərək qurbanlıq qoç kimi qurbangaha gətirildiyini söyləmək tam doğru deyil: o, kral ailəsinin nə olduğunu çox yaxşı bilirdi.

Başqa sözlə, demək olar ki, Diana autsayder kimi görünməyi uğurla bacaran insayder idi və bu işdə mətbuat ona fəal şəkildə kömək edirdi.

Diana utancaq idi (deyildi), bu, onu kral ailəsinin digər üzvlərindən müsbət fərqləndirirdi

 Populyar fikrə görə, Diana diqqət mərkəzinə, projektorların işığı altına çıxmağa heç də can atmırdı, sadəcə ictimaiyyət qarşısında görünməyin öz vəzifələrinin bir hissəsi olduğunu könülsüz şəkildə qəbul etmişdi.

II Yelizabetin keçmiş mətbuat katibi Dikki Arbiterin sözlərinə görə, bu, heç də belə deyil. “Toydan təxminən üç-dörd gün əvvəl onunla tanış oldum, — o, “Vogue” jurnalına danışıb. — Onu “Utancaq Di” (Shy Di) adlandırırdılar, çünki o, insanlarla həmişə başını aşağı əyərək danışırdı. Amma bu, utancaqlıqdan irəli gəlmirdi. Sadəcə, o, beş fut 10 düym (178 sm) boyda olduğunu daim xatırlayırdı. İnsanların onunla danışmasını asanlaşdırmaq üçün başını aşağı əyirdi”.

 Diananın qardaşı, Spenser qrafı da onun “utancaq olmadığını, əvəzində özünəməxsus düşündüyünü və yeni insanlarla ilk görüşdə həmişə çox təmkinli davrandığını… Sözlərinə reaksiya verməzdən əvvəl həmsöhbətini qiymətləndirdiyini” deyirdi. “Bu, əslində, utancaqlıq deyil, fərasətdir”.

Diana səmimi və dürüst idi (deyildi)

 Diananın ərinə xəyanəti, bulimiya ilə mübarizəsi və intihara cəhdləri barədə açıq danışması onun ətrafında səmimiyyət və dürüstlük aurası yaratmışdı.

Əslində isə onun həqiqətlə münasibəti bir qədər ikimənalı idi. Dəfn mərasimində onun şərəfinə söylədiyi nitqdə Spenser qrafı demişdi ki, “dünya onun həssaslığını əziz tuturdu, dürüstlüyünə heyran qalırdı”.

Lakin bundan bir neçə il əvvəl o, bacısının “həqiqəti söyləməkdə böyük çətinlik çəkdiyini, çünki öz hekayələrini bəzəməyi xoşladığını” qeyd etmişdi.

Bunun daha konkret nümunələri də var. 1995-ci ildə Diana BBC-nin “Panorama” proqramının aparıcısı Martin Bəşirə müsahibə verdi (indi biz bilirik ki, o, Diananı bu söhbətə o qədər də düzgün olmayan üsullarla razı salmışdı, amma bu, məsələnin mahiyyətini dəyişmir). Müsahibənin stenoqramından kiçik bir parça:

Bəşir: Kraliça 1992-ci ili “dəhşətli” adlandırıb. Məhz həmin il Endryu Mortonun sizin haqqınızda yazdığı kitab (“Diana: Her True Story”) nəşr olundu. Siz heç Endryu Mortonla görüşmüsünüzmü və ya kitabın yazılmasına şəxsən kömək etmisinizmi?

Diana: Mən onunla heç vaxt görüşməmişəm.

Bəşir: Bəs kitabın yazılmasına şəxsən kömək etmisiniz?

Diana: Bir çox insan həyatımın nə qədər iztirablarla dolu olduğunu görürdü və mənə kömək etməklə məni dəstəkləyəcəklərini düşünürdülər.

Onun ölümündən sonra məlum oldu ki, Diana həqiqətən də Mortonla şəxsən görüşməyib, lakin ona çoxlu sayda lent göndərib. Həmin lentlərdəki etiraflar Mortona kitabını dərhal bestsellerə çevirməyə imkan verdi.

Morton kitabın ikinci, yenidən işlənmiş nəşrində Diananın kitab üçün əsas informasiya mənbəyi olduğunu açıq şəkildə etiraf etdi və belə bir hadisəni də açıqladı: “Yazıçı və televiziya aparıcısı Klayv Ceyms mənə danışdı ki, bir dəfə nahar zamanı Dianadan bu kitabın yazılmasına kömək edib-etmədiyini soruşub. Və ən azı bir dəfə o, Dianadan birbaşa yalan eşidib: “Mənim Endryu Mortonun kitabına həqiqətən heç bir aidiyyətim yoxdur”, — deyib. Bu zaman onun gözlərinin içinə baxırdı və Klayv onun nə qədər inandırıcı şəkildə yalan danışa bildiyini öz gözləri ilə gördü”.

Diananın başqa bir dostu Piter Pəlambo da buna bənzər təcrübəsini bölüşüb: “Ondan həqiqətən bunun və ya digərinin baş verib-vermədiyini soruşurdum, o isə açıq-aşkar yalan danışırdı və mən inanırdım. Amma incimirdim. Sonunda, onun təbiəti və xarakteri belə idi”.

Şahzadə Çarlz ilk həyat yoldaşını sev(m)irdi

Şahzadə Çarlz Diananı sevirdimi, yoxsa onların bütün təlatümlü və heç də xoşbəxt olmayan ailə həyatı boyunca ürəyi Kamillaya aid idi? Diana Çarlzı sevirdimi, yoxsa kral hakimiyyətinin və simvollarının parıltısına sadəlövhcəsinə “aldanmışdı”? Amerikalıların dediyi kimi, bunlar milyon dollarlıq suallardır. Onların cavabı yoxdur və ola da bilməz. Ən azı ona görə ki, tərəflərdən biri çoxdan həyatda yoxdur, digəri isə xarakteri və aldığı tərbiyə səbəbindən şəxsi həyatı barədə danışmayacaq.

Britaniyanın ITV telekanalının Martin Bəşirlə həmin söhbətin 25-ci ildönümü münasibətilə hazırladığı “Diana ilə müsahibə: şahzadənin intiqamı” sənədli filminin yaradıcılarına inansaq, aralarında sevgi olmayıb.

Filmdə şahzadənin astroloqu Penni Tornton bildirib ki, Diananın sözlərinə görə, toy ərəfəsində Çarlz onu sevmədiyini deyib: “Məncə, o, gələcək həyat yoldaşına yalan danışmaq istəmirdi. Əvvəldən aralarında deyilməmiş sözlərin qalmasını istəmirdi və bu, Diananı tamamilə sarsıtdı”.

Lakin həmin söhbət zamanı Penninin əlində diktofon olmadığından həqiqət yenə də bizdən yayınır. Üstəlik, sadə məntiq göstərir ki, şahzadə belə bir şey danışmış olsa belə, bu heç də onun dediklərinin mütləq həqiqət olduğu anlamına gəlmir (əvvəlki bəndə baxın).

Artıq adı çəkilən kraliçanın keçmiş mətbuat katibi Dikki Arbiter “True Royalty TV” internet kanalına müsahibəsində bildirib ki, ən azı toylarından sonrakı ilk dövrdə yeni evlənənlər “bir-birlərinə toxunmaqdan özlərini saxlaya bilmirdilər”.

“Mən 1981-ci ildə onların ilk rəsmi səfərində onlarla birlikdə idim. O, təxminən 80 ildən sonra ilk Uels şahzadəsi idi (ondan əvvəlki Uels şahzadəsi V Georqun həyat yoldaşı, taxtdan imtina etmiş VIII Eduardın və VI Corcun anası, hazırkı kraliça II Yelizabetin nənəsi Mariya Tekli idi), ona görə də ona maraq böyük idi. Çarlz daim ona sığal çəkməyə çalışırdı, hətta bir dəfə onu yüngülcə qucaqlayıb sıxdı”.

Arbiter bu fikrini “Tac” serialının 4-cü mövsümü yayımlandıqdan sonra səsləndirib. Serialın əsas süjet xətti məhz Çarlz və Diananın münasibətləri idi. “Şahzadə üçün kobud əməldir, Dianaya münasibətdə isə bir qədər az kobuddur”, — deyə o, BBC-yə müsahibəsində bildirib.

Yəqin ki, Diananın Martin Bəşirlə müsahibəsində ən yadda qalan məqam onun məşhur ifadəsi olub: “Bu nikahda üç nəfər idik, ona görə də bir qədər qələbəlik idi”. Bu, Çarlzın Kamilla ilə münasibətlərinin onun nikahının dağılmasında hansı rol oynadığı barədə suala cavab idi.

Lakin monarxların məşuqələri haqqında “Krallarla seks” kitabının müəllifi Eleonor Hermanın sözlərinə inansaq, taxt-tac sahiblərinin başqa qadınlarla münasibətləri heç də həmişə fəal cinsi həyat demək deyildi: “Diana gözəl idi, amma emosional baxımdan qeyri-sabit idi, — o, BBC-yə danışıb. — Diana Çarlzı danlayır, onu qınayır və təhqir edirdi, sonra isə o, Kamillanın yanına gedirdi. Kamilla ona şərab və pendir təklif edir, bir də gülməli bir şey danışırdı. Fərq də məhz bundan ibarət idi”.

Lakin unutmayın ki, Diananın özünün də kənarda kifayət qədər çox eşq macərası vardı. Ər-arvaddan hansının fiziki xəyanətə ilk başladığını isə heç vaxt bilməyəcəyik.

Diana KİV-in qurbanı idi (deyildi)

1980-ci ildən — şahzadə Çarlzın nişanlısı olduğu vaxtdan — 1997-ci ildəki ölümünə qədər Diananın mətbuatla münasibətləri, yumşaq desək, heç də sadə olmayıb. Hər bir insan kimi onun da haqqında yaxşı danışılmasını xoşlayır, tənqidə dözə bilmir, jurnalist və fotoqrafların sözün əsl mənasında onun ovuna çıxdığından şikayətlənirdi. Lakin ictimai rəyi öz xeyrinə manipulyasiya etmək üçün KİV-dən istifadə etməkdən də çəkinmirdi. Britaniyalı PR məsləhətçisi Riçard Fitsvilyamsın dediyi kimi, “Diana ilə mətbuat arasındakı münasibətlər taleyüklü simbioz xarakteri daşıyırdı”.

1992-ci ildə kral nikahı artıq çat verməyə başlayanda bütün dünyaya “tənha və atılmış” Diananın gözəl üzündə kədərli təbəssümlə məhz ər-arvad məhəbbətinin ən məşhur abidəsi olan Tac-Mahal məqbərəsinin qarşısında oturduğu foto yayıldı.

 Elə bir tabloid və ya parlaq jurnal yox idi ki, bu fotonun ideyasını “tutmasın”: kimsə sevdiyi mərhum arvadı üçün memarlıq şedevri ucaldır, digəri isə hələ sağ olan həyat yoldaşını atıb, onu ailə vəzifələrini təkbaşına yerinə yetirməyə məcbur edir. Kiçik bir düzəliş: əslində həmin səfərdə Diana və Çarlz birlikdə idilər...

Diananın ictimai şüurda müqəddəsləşdirilməsi onun faciəvi ölümündən demək olar ki, ertəsi gün başladı. Lakin sağlığında kifayət qədər çox jurnalist, şərhçi və geniş ictimaiyyətin müəyyən bir hissəsi Diananın mətbuatı öz birbaşa maraqları naminə necə məharətlə manipulyasiya etdiyini çox yaxşı anlayırdı.

Ümumilikdə, müəyyən çevrələrdə belə bir fikir formalaşmışdı ki, ailə həyatının son illərində KİV xəyanətkar ərinə və onun ailəsinə qarşı mübarizədə Diananın əsas silahına çevrilmişdi. Tac-Mahaldakı həmin fotonu da o, şəxsən səhnələşdirmişdi.

Bu, Diananın ərinin imicinin hesabına öz imicini yaxşılaşdırmaq üçün tabloidləri istifadə etdiyi heç də yeganə hadisə deyildi. 1992-ci ildə onun atası, Spenser qrafı vəfat etdi. Gözlənildiyi kimi, Çarlz onun dəfn mərasimində iştirak etmək istəyirdi. Məsələ təkcə mərhumun onun hələ də arvadı olan Diananın atası olmasında deyildi. O, bir növ peşəkar saray əyanı idi: VI Corcun dövründə və II Yelizabetin hakimiyyətinin ilk illərində ştalmeystr (və ya mehtərbaşı) vəzifəsində çalışmışdı və buna görə də kral ailəsinə yad adam deyildi.

Lakin Diana ərinə onun dəfn mərasimində iştirak etməsini istəmədiyini bildirdi. Çarlzın köməkçiləri onun dəfn mərasimində olmamasının qəddarlıq və laqeydlik kimi qəbul edilməməsi üçün təcili olaraq əvvəllər ləğv edilmiş bir görüş təşkil etməli oldular. Lakin şahzadənin dostları belə hesab edirdilər ki, Diana məhz buna nail olmaq istəyirdi. Bununla belə, onlar əlavə edirdilər ki, bunda Diananın günahı yoxdur — guya ona baxın, Çarlz onu hansı vəziyyətə salıb.

Bütün bunlar, əlbəttə, fotoqraf və jurnalistlərin diqqətinin onu tez-tez göz yaşlarına boğduğunu inkar etmir.

Tabloid qəzetlərdən birinin adının açıqlanmasını istəməyən redaktoru (hadisə Diananın dəfnindən dərhal sonra, ictimaiyyətin onun ölümündə paparassiləri, KİV-i və kral ailəsini topdan və pərakəndə şəkildə günahlandırdığı zaman baş verib) deyib ki, “onun bizimlə münasibətləri “sevgi-nifrət”dən daha az, “bundan mümkün qədər çox fayda götürəcəyəm, iş böyüsə, nəticələri minimuma endirmək üçün əlimdən gələni edəcəyəm” prinsipinə daha çox uyğun gəlirdi”. Həmin anonim redaktorun sözlərinə görə, Diana əla siyasi texnoloq idi.

Yaşasaydı, bu gün Diananın KİV-lə münasibətlərinin necə olacağını təsəvvür etmək çətindir. Unutmayın ki, o, çoxsaylı məşhurların həyatının sosial şəbəkələrdə mikroskop altında araşdırılmağa başlamasından əvvəl vəfat edib.

 Lakin hətta Diananın bütünlüklə kölgəyə çəkilməyə və özünə olan həddindən artıq marağı təhrik etməməyə qərar verdiyini fərz etsək belə, çətin ki, buna nail ola bilərdi. Bunun sadə bir səbəbi var: gələcək kralın anası, istəsə də, istəməsə də, həm mətbuatın, həm də ictimaiyyətin diqqətini cəlb etməkdə davam edəcəkdi.

Diananın ölümü bədbəxt hadisə idi

Bəli, mən şüurlu şəkildə “(deyildi)” sözünü əlavə etmirəm. Diananın ölümünün necə araşdırılması, hansı şahidlərin dindirilməsi və hansı nəzəriyyələrin irəli sürülməsi barədə ayrıca uzun və ətraflı məqalə yazmaq olar. Lakin onun ölümünün qətl olduğunu iddia edənlər onsuz da heç bir dəlilə inanmayacaqlar.

Ətraflı araşdırma sizin üçün maraqlıdırsa, BBC-nin “Sui-qəsd nəzəriyyələri” silsiləsindən sənədli filminə baxa bilərsiniz. Bu bölüm “Şahzadə Diana necə öldü” (The Conspiracy Files: How Diana Died) adlanır. “YouTube”da orijinala kifayət qədər yaxın versiyası var.

Amma bütün fərziyyələri və onlara qarşı arqumentləri qısaca belə ümumiləşdirmək olar:

  • Dodi əl-Fayed Dianaya nişan üzüyü almışdı, onlar evlənmək istəyirdilər. Xeyr, o, Dianaya sadəcə üzük hədiyyə etmişdi. Diana dostlarına deyirdi ki, “birinci evlilikdən yenicə çıxandan sonra dərhal başqa bir evliliyə atılmaq” fikrində deyil.
  • Diana hamilə idi və Britaniya isteblişmenti gələcək kralın ögey qardaşının, Dodinin atası Məhəmməd əl-Fayedin sözləri ilə desək, “yarımüsəlman” olmasına yol verə bilməzdi. Xeyr, o, hamilə deyildi. Diananın yaxın rəfiqəsi bildirib ki, Dodi ilə birlikdə tətilə getməsindən on gün əvvəl onunla bir həftə keçirib və Diana qətiyyən hamilə deyildi (məlum olan bütün fizioloji əlamətlərə görə).
  • Diana və Dodinin olduğu avtomobilin sürücüsü fransız müstəntiqlərinin iddia etdiyi kimi sərxoş deyildi, əksinə, intihar missiyasına göndərilmiş xüsusi xidmət agenti idi və onun qan nümunələri dəyişdirilmişdi. O, sərxoş idi və müvafiq qan analizləri aparılmışdı. Sürücünün valideynlərinin qanından DNA analizi götürülmüşdü və heç kim qan nümunələrini gizlicə dəyişməmişdi.
  • MI-6 sürücünü xüsusi bir işıq parıltısı ilə kor edib və o, bundan sonra avtomobilə nəzarəti itirib. Xeyr, MI-6-nın arsenalında belə bir qurğu yoxdur. Üstəlik, həmin işıqdan avtomobili təqib edən paparassilər niyə zərər çəkmədilər?
  • Təcili yardım əməkdaşları bilərəkdən vaxtı uzatmış, Diananı xəstəxanaya həddən artıq gec çatdırmış və ən uzaq xəstəxanaya çox yavaş getmişdilər. Xeyr. Təcili yardım əməkdaşları qəza yerinə altı dəqiqə ərzində çatıblar. Diananın ürəyi dayanmışdı və onlar onun həyatını xilas etmək üçün əllərindən gələn hər şeyi edirdilər. Onun ağır xəsarətləri olduğu üçün avtomobili yavaş sürürdülər, çünki belə vəziyyətdə ən kiçik silkələnmə belə ölümcül ola bilər. Xəstəxana isə ağır xəsarətlər, xüsusən döş qəfəsi travmaları üzrə ixtisaslaşdığı üçün seçilmişdi.

Ən acınacaqlısı isə budur ki, Diana təhlükəsizlik kəmərini bağlamış olsaydı, sağ qala bilərdi.

Mərhum şahzadənin yaxın rəfiqəsi Roza Monktoun Diananın öldürüldüyü barədə bütün sui-qəsd nəzəriyyələrini cəfəngiyyat adlandırır. “Məncə, məsələ bundadır ki, o, qeyri-adi qadın idi və insanlar sadəcə onun belə adi bir ölümlə üzləşməsi ilə barışa bilmirlər”, – deyir.

Son söz əvəzi

 Diana Spenser adlı gənc qadının qısa, parlaq və təəssüf ki, o qədər də xoşbəxt olmayan həyatının mifə çevrilməsi onun populyarlığı haqq etdiyini heç də inkar etmir: o, fəal xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, çoxsaylı humanitar proqramları dəstəkləyir, ictimai marağın kənarında qalan insanlara – piyada əleyhinə minalardan zərər çəkmiş və şikəst uşaqlara, qaçqınlara, evsizlərə, HIV-ə yoluxmuş insanlara kömək edirdi.

O, hər kəslə özünə bərabər biri kimi danışırdı. Britaniya kral ailəsini və cəmiyyətin mətbuata münasibətini dəyişdirdi. Onun sağlığında kim olduğu və ölümündən sonra kimə çevrildiyi üç qısa sitatda ifadə olunur:

“İstərdim ki, bu dəhşətli zamanda Uca Tanrının bizə göstərdiyi kiçik mərhəmətlərə görə Ona təşəkkür edim. Diananı həyatın onun üçün sevinc olduğu bir vaxtda, belə gənc, parlaq və gözəl ikən yanımıza aldığı üçün. Amma hər şeydən əvvəl taleyin bizə fəxrlə bacım adlandırdığım bir qadını bəxş etdiyinə görə minnətdarıq: bənzərsiz, mürəkkəb, qeyri-adi və əvəzolunmaz Diana. Onun həm daxili, həm də zahiri gözəlliyi yaddaşımızdan heç vaxt silinməyəcək”. (Qraf Spenser, Diananın qardaşı)

“Diana haradasa varsa, o, axan və dəyişən, artıb-azalan, dayandırılması, ölçülməsi, məhdudlaşdırılması və zamana bağlanması mümkün olmayan şeylərdədir və buna görə də ildönümlərini mənasız edir. Bəlkə də o, heç ölməyib, sadəcə 1997-ci ilin payızında yenidən peyda olmaq üçün Alma tunelinə sürüşüb. Yaxalığı qaldırılmış plaşda incə bir fiqur; bıçaq kimi uzun ayaqları yağışı yarır”. (Hilari Mantel, “Canavar zalı” əsərinin müəllifi)

“Suallar verməyən məhəbbət sınaqlardan keçəcək,

Dəyərli olan hər şeyi peşmançılıq çəkmədən qurbangaha qoyacaq,

Dəyişməyəcək, qorxmayacaq, nə tələb olunursa, ödəyəcək,

Hətta lazım gələrsə, həyatını qurban verməyə hazır olacaq”.

(Diananın şahzadə Çarlzla nikah mərasimində seçdiyi himn)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada