Logo
news content
User
Kateqoriyalar

Araşdırma

İşğal ağrıları, “qonşu Vanya”, müharibənin görünməyən yaraları...
Psixoloq: “Gənclər arasında kriminal avtoritet kimi böyümək istəyi çox artıb”

İnsan cəmiyyətində şiddət, zorakılıq, psixi və psixoloji anomaliyalar artdıqca, bunun səbəblərinin axtarışı da aktuallaşır. Ötən aylarda Bakıda yeniyetmənin öz ailə üzvlərini qətlə yetirməsi, ardıcıl intihar hadisələri, ailə zorakılığı faktları yenidən bu sual üzərində düşünməyə vadar edir. 

Yapon alimləri deyirlər ki, müharibə gedən ölkələrdə müharibədən sonra belə, uzun müddət psixoloji problemlər olur. Postravmatik stress amilindən tutmuş, kütləvi psixoza qədər müxtəlif hallar da müharibənin fəsadları sayıla bilər. 

Həqiqətən belədirmi? İnsan cəmiyyəti yeni mərhələyə qədəm qoyub, yoxsa bu sadadıqlarımız həmişə mövcud olan, fəqət son vaxtlar haqqında daha çox informasiya yayılan problemlərdir?

Psixoloq, hipnoterapevt Jalə Abbasova ilə bu suallara cavab axtarmağa çalışmışıq. 

– Deməzdim ki, psixoloji problemlər indi yaranıb, yaxud indi daha çoxdur. O problemlər həmişə olub və var. Sadəcə, indi biz onu doğru adlandırmağa başlamışıq ki, bu psixoloji problemdir. Biz sovet uşaqları həm psixoloji, həm fiziki şiddətə məruz qalanda etiraz etmək ağlımıza da gəlmirdi. Heç bilmirdik ki, psixoloji problemimiz var, bizdə özünəqapanma yaranıb. Heç düşünmürdük ki, psixoloqa gedib bu problemlərdən müalicə almalıyıq. 

-Heç ağlımız ada gəlməyib ki, şiddət göstərənin özünün psixologiyası qaydasında deyil, sağlam psixologiyası olan şiddətə gedər?

-Elədir, nə etiraz etmişik, nə də üstünə getmişik. Amma bu gün seanslarda açıq-aydın belə etirafların şahidi oluram. Analar deyirlər ki, bəzən özümdən asılı olmadan uşağıma əl qaldırmaq istəyirəm, amma dərhal da özümü ələ alıram. Biz onu seansla geriyə - uşaqlığına aparıb görürük ki, eyni şiddəti öz anasından görüb və beyninə ana rol-modeli bu cür cızılıb.

- Anası da öz anasından onu görüb…

-Bəli, təəssüf ki, çox dərinə işləyib. Necə olur ki, bütöv toplum fiziki şiddətlə böyüyüb? Əslində psixoloji şiddət toplumun məruz qaldığı siyasi, geopolitik mühitdən də asılıdır. Əsrlər öncə işğallara, istismara məruz qalmışıq. Qadının cəmiyyətdə rolu assimilyasiya olunub. Qadın cəmiyyətimizdə həm ana, həm xanım kimi var idi, formal yox, nüfuz, şəxsiyyət idi. Assimilyasiya prosesindən sonra qadının mövqeyi cəmiyyətdə yerlə yeksan oldu. Qadının öz sözünü demək üçün Klara Setkin olmasına ehtiyac yox idi. Azərbaycan qadını Sara Xatun idi, sözünü deyən, özünü ifadə edən. Nə oldu ki, Cəfər Cabbarlı “Sevil”i, “Almaz”ı yazmalı oldu? Əlbəttə, işğalın, ağır kolxoz, zavod işinə göndərilib istismar olunmağın böyük rolu oldu. Bir seansda qadının onurğasındakı ağrıların onun nəsil-kökünün sürgün olunan zaman çəkdikləri əziyyətlə bağlı olduğunu görəndə özüm də şok yaşadım. Qadının genetik yaddaşı o ağrıları onun onurğasında göstərmişdi. Bu baxımdan bizim gördüklərimiz aysberqin görünən tərəfləridir, problemin kökü bu günün məsələsi deyil. Dərinliyinə varmağa bəzən tənbəllik edirik.

-Bəzən də etiraf edə bilmirik… 

- Azərbaycan reallığını elit təbəqənin olmadığı sosial şəbəkələrdə tapmaq olur. Hər şey orda çılpaqlığı ilə paylaşılır. Biz də görüb deyirik problem yaranıb. Problem zatən var idi, indi sosial şəbəkələrdə ortaya çıxır. Kriminal hadisələr var idisə, demək, psixoloji problem də var idi, indi də var.

-Kriminal hadisələr psixoloji problemdən doğur, yoxsa psixoloji problemlər kriminal hadisələrdən yaranır? 

-Kriminal hadisələrin təbliğatı problemləri çoxaldır. Bu gün gənclər arasında kriminal avtoritet kimi böyümək istəyi çox artıb. 12-17 yaş arasında yeniyetmələrin ən böyük problemi budur. Dünənə qədər deyirdiksə televiziyaların təbliğatı düzgün deyil, bu gün o da var, amma televiziyaya baxanlar azdır, hamı internetin əsirinə çevrilib və bunun qarşısını almaq olmur. Problemi kökündən həll etmək lazımdır. Türk psixoloqun bir kitabını oxudum, yazır ki, supermen türk olsaydı, paltarını anası geyindirərdi. Bu, bizə də aiddir. Uşaqların sevgisini qazanmaq, sevməyi öyrətmk lazımdır onlara, həm ailədə, həm məktəbdə. Azərbaycan müəllimi yalnız proqram üzrə hərəkət edir. Xüsusən azərbaycanlı uşağa sadəcə isti qucaq lazımdır. Nə qədər telefon, kompüter istəsə də o qucaqla kifayətlənər. Biz neyniyirik? Evə də iş aparırıq, uşağa “mane olma, iş görürəm” deyirik. Öz sərhədlərimizi qoya bilmədiyimizə, istismara məruz qaldığımıza görə, övladlarımıza sərf etməli olduğumuz vaxt onlardan oğurlanır. 

- Uşağın vaxtını işə satırıq.

-O zamanı da uşaq istəmədiyimiz istiqamətə gedir. Sonra da deyirik ki, uşağı tik-tokdan ayıra bilmirik. Sən özün yönləndirmisən ora, daha ayıra bilməzsən.

-Bir məsələ də var ki, uşağı bizdən çox zəmanə tərbiyə edir, onu cəmiyyətdən təcrid edə bilmərik axı...

-Amma uşağa seçim verə bilərik. Bir pasiyent danışırdı ki, biz uşaq idik, bir dəfə anam bizi məktəbdən götürüb, bara apardı. Deyir, təəccübləndik ki, anam neyləmək istəyir. Ana deyib ki, mən özüm sizi bura gətirdim ki, buranın necə bir yer olduğu marağınızı çəkməsin, mən göstərmiş olum, bilin və bura can atmayın. Bura gələcəyiniz təqdirdə seçiminizin nə olduğunu indidən bilin. Doğru şəxsiyyət olmaq istəyirsinizsə, mənim dediyim yolla gedin. Amma bu o demək deyil ki, bayaq haqqında danışdığım kitabda olduğu kimi, ana övladını idarə etməlidir. Biz uşaqlarımıza həddən artıq qəyyumluq etmək istəyirik.

-Edirik, daha düzgündür, məncə. Körpəliyindən son günümüzə qədər himayədarlıq edirik və bir gün biz olmayanda ona çətin olur, özünə himayədar axtarır, öz həyatını öz əlinə almalı olduğunu düşünmür.

-Razıyam, bu problemdir, amma bir çox insanlar bunu norma kimi qəbul edirlər, deyirlər belə olmalıdır. İstənilən situasiyadan uşaq özü yol tapıb çıxmalıdır. İcazə verməliyik düşünsün, tapsın, problemini özü həll etsin. Xarici ölkələrdə valideynlər uşaqlarına təkbaşına qonşu ölkələrə səyahətə çıxmağa icazə verirlər, bizdə mümkündür belə bir şey? Əsla. Azərbaycanda uşaq düşərgələri yaranır, sevindiricidir, uşaq ən azı 1 gün ailədən kənarda sərbəst yaşamağın dadını almalıdır. Bilməlidir ki, ailədə olduğu kimi heç yerdə əzizlənməyəcək, həyatla baş-başa qalmalıdır. Bəzən mənə deyirlər ki, qızını çox sərbəst buraxırsan, idarə edə bilməyəcəksən. Deyirəm, mən onu idarə etmək istəmirəm. Uşaqlarınızı idarə etdikcə özünüzdən verəcəksiniz. Özünüzü unudub yalnız onunla məşğul olmağınız həm özünüzə, həm də uşağa ziyandır. Qurban ana qurban cəmiyyəti yetişdirir. Qurban cəmiyyəti inkişaf edə bilmir.

-Burda xeyir görən tərəf yoxdur.

-Yoxdur. Bir məqam da var, qonşu nə deyər? Mən elə bilirdim bu bizim mentalitetlə bağlıdır. Akademiyada oxuyanda bu barədə ayrıca blok dərsimiz oldu. Sovet psixologiyası deyilən bir bölüm var. Sən demə, bu mövzu 1970-ci illərdə araşdırılıb və o nəticəyə gəlinib ki, “qonşu Vanya mənim barədə də düşünər?” psixoloji məqamının kökündə repressiyalar durur. Məndə bu fincanın olmağını qonşu görər, gedib hökumətə deyər və dövlət bunun məndə haradan olduğunu soruşub, məni həbs edər, güllələyər, sürgünə göndərər. Bunun psixologiyaya təsirinə baxın, nəsillər dəyib, amma o xof hələ qalır.

-Həyatımızı başqalarının fikrinə görə qurmağımızın əsasında bu durur? Onun da təsiri ola bilər, amma tam o deyil, bizdə bu həm də mentalitelə bağlıdır, genetik yaddaşla bağlıdır. 

-Mentalitet dediyimiz əslində budur. Uşağa deyirsən əlini fincana vurma, istidir. Bu komanda bəzən bütün ömür boyu gedir.

-Yəni psixologiyanın zədəsi davam edir. Hələ sovet dönəmində aldığımız zədələr bizimlədirsə, görün dünən yaşadığımız müharibənin vurduğu zədə hara qədər gedəcək.

-İşğal günlərini qeyd etməyimizin özü sağalmaz zədəmizdir. İlk növbədə özümüzə güvənimizi geri qaytarmalıyıq. Mənim əsas işim analarladır. Sağlam ana sağlam cəmiyyətdir. Fiziki, psixoloji şiddət görən ana sağlam psixologiyalı uşaq yetişdirə bilməz. Şiddət görən uşağın 2 seçimi olur - ya özü şiddət göstərən olacaq, ya da gözüqıpıq, qorxaq, əzilmiş olacaq. Heç biri sağlam yol deyil. Travma əslində baş verən hadisə deyil, bizim o hadisəyə münasibətimizdir. Məktəb psixoloqlarına geniş imkanlar verilməlidir. Psixoloq ixtisası olan ali məktəblərdə proqram yenilənməlidir. Psixoloq kitabda oxuduğu şablonu hər kəsə tətbiq etməməlidir.

-Jalə xanım, müharibənin zədələri təzədir, amma qələbə də terapiya oldu bizə, özgüvənimiz qayıtdı. 

-Qələbəmizin kökündə də ordunun psixoloji hazırlığı dayanırdı, bu, çox vacib məsələdir. Cəmiyyət dəyişəcək, kifayət qədər ağrıyandan sonra. İnsan yalnız çətinlikdən keçərək böyüyür. Bu, yapon xalqının fəlsəfəsidir. Biz ibtidai insandan müasir insana qədər gəlmişik. Cəmiyyət özü özünü dəyişə bilər, hər kəs özündən başlamalıdır.

Ramilə Qurbanlı