Ələsgər Məmmədli DİN hospitalında müayinə edilib və istintaq təcridxanasına qaytarılıb
29 Aprel 2024
“Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli aprelin 26-da Daxili İşlər Nazirliyinin hospitalında müayinə olunub, sonra yenidən təcridxanaya qaytarılıb. Müayinənin nəticələri barədə ona və ailəsinə məlumat verilməyib. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.
Aprelin 27-də o, təcridxanada qardaşı ilə görüşüb. Xəstəxanada Ələsgərdən qan analizi götürülüb, daxili orqanların və qalxanvari vəzi ultrasəs müayinəsi aparılıb və elektrokardioqram çəkiblər.
"Lakin qalxanvari vəzində şişlə bağlı biopsiya əməliyyatı yenə də aparılmayıb. Bu, onun özünü və ailəmizi daha çox narahat edir. Bizim güvəndiyimiz həkimlərin iştirakı da müayinə prosesində təmin olunmayıb”, - Məmmədli qeyd edib. “Ələsgərin solğun və yorğun bənizindən xəstə halını aydın görmək olurdu. Heç bir təqsiri olmadan uydurma ittihamla həbsdə saxlanan qardaşımın ömrünə qənim kəsilənlər heç vaxt bu məsuliyyətdən qurtula bilməyəcəklər", - Nəsimi Məmmədli deyib..
Xatırladaq ki, aprelin 24-də müdafiə tərəfi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatəti geri götürüb. Bu, istintaq orqanı “Toplum” TV-nin təsisçisinin müalicəsilə bağlı araşdırmanın aparılacağını və məsələnin həll olunacağını vəd etdikdən sonra baş verib.
Nəsimi Məmmədli bildirib ki, vəkillə məsləhətləşmələrdən sonra Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətin bərpasına dair qərar qəbul edilə bilər.
*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.
Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.