Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anar Məmmədli saxlanılıb, evində axtarış aparılıb

Bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Bakıda Teymur Əliyev küçəsində saxlanılıb və naməlum istiqamətə aparılıb.

Bu barədə Məmmədlinin həmkarları bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmakdaşı İbrahim Əmiraslani Turan-a açıqlamasında bildirib ki, Anar Məmmədli saxlanılıb.

Daha sonra Anar Məmmədlinin və onun atasının mənzilində axtarış başlanılıb. Anar Məmmədlinin bacısı Şəfa Məmmədli Amerikanın Səsinə deyib ki, qardaşının evində axtarış aparılan vaxt, paralel olaraq atasının evində də axtarış aparılıb.

“Atamın evindən köhnədən qalan sənədlər, guya Anarın köynəyinin cibindən qəbzlər, mənim komputerimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun komputerini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb”, o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçkilərin müstəqil monitorinqlərilə tanınır.

Daha öncə Məmmədli 2013-cü ildə iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs edilib. O, siyasi məhbus kimi tanınıb. Məmmədli Vatslav Havel adına mükafata layiq görülüb.

Bundan əvvəl hökumətyönlü mətbuat "Qərbin puluyla Azərbaycana qarşı iş aparan" vətəndaş cəmiyyəti nümayəndələrinin  arasında onun da adını çəkmişdi.