Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nazim Bəydəmirli özünü siyasi məhbus hesab etmir

Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat, hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sahibkar Nazim Bəydəmirlinin işi üzrə hazırlıq iclası keçirilib.

İclas zamanı Bəydəmirlinin vəkili Aqil Layıc müttəhimin "siyasi motivlərlə" həbs olunduğunu deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin hər iki maddəsi: 182.2.4 (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) və 182.2.2-ci maddə (hədə-qorxu ilə tələb etmək, dəfələrlə törətmək) üzrə nə cinayət obyekt var, nə də cinayət hadisəsi.

Bundan əlavə, ikinci maddə üzrə Bəydəmirli 1996-cı ildə, üstəlik Rusiya Federasiyasında törədilmiş hansısa hərəkətə görə günahlandırılır. Bu maddənin zaman aşımı artıq keçib. Digər tərəfdən, Rusiyada Bəydəmirliyə qarşı cinayət işi açılmayıb.

Vəkil məhkəmədən cinayət işinə xitam verilməsini və ya qətimkan tədbirinin dəyişdirilməsini, ya da Bəydəmirlinin həbsdən azad edilməsini istəyib.

Bəydəmirli özünü günahkar hesab etməsə də, siyasi məhbus olmadığını bildirib. Buna baxmayaraq, qeyd edib ki, "ola bilsin" onu keçən yayın Gədəbəy hadisələrlə əlaqədar həbs ediblər (Söyüdlü kəndində qızıl- mədən müəssisəsi tərəfindən ətraf mühitin çirklənməsinə qarşı iğtişaşlar nəzərdə tutulur).

Məhkəmə məşvərətdən sonra vəsatətlərin heç birini təmin etməyib və mahiyyəti üzrə dinləmələri mayın 13-nə təyin edib.

*Nazim Bəydəmirli 4 iyul 2023-cü ildə  Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb.

Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonu Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirkləndirilməsinə qarşı etirazlarını dəstəkləməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə  qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanıb. Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.