Gec idi, bir gün əvvəl onları güllələmişdilər... – 100 milyonluq cinayət
Ermənisayağı qarət: dövlət bankından milyonları aparan əmioğluların inanılmaz sonu
10 Avqust 2026
49 il əvvəl – 1977-ci il avqustun 5-də SSRİ tarixində ilk və ən böyük Dövlət Bankı oğurluğu baş verdi. Həmin vaxta qədər ölkənin baş bankının pul anbarını qarət etməyə hətta ən peşəkar cinayətkarlar belə cəsarət etməmişdilər. Lakin Yerevan sakini Nikolay Kalaçyan əmisi oğlu ilə birlikdə ağlasığmaz bir işə imza atdı. Kalaçyanlar Dövlət Bankının pul anbarına gizlicə daxil olmağa və oradan 1,5 milyon rubl oğurlamağa nail oldular.
“Zaven Bağdasaryan Yerevan Dövlət Bankı şöbəsində saxlanılan pulların yenidən sayılması üzrə komissiyanın üzvü idi. O, mənə həmin şöbəni qarət etməyi təklif edəndə çox hiddətləndim: “Sən nə danışırsan? Bu, əmanət kassası deyil axı! Mən silahlı basqınlara getmirəm”. Zaven cavab verdi: “Kim dedi ki, silahlı basqın olacaq? Hər şey bundan qat-qat asandır!” - Nikolay Kalaçyanın dindirilmə protokolundan.
***
Nikolay Kalaçyan 1951-ci ildə Krasnoyarsk diyarının Rıbinsk rayonunun Borodino kəndində yaşayan erməni ailəsində anadan olub. Kalaçyanlar çox kasıb yaşayırdılar: ailə başçısı xərçəng xəstəsi idi və Nikolayın anasının qazandığı pulun demək olar ki, hamısı ərinin müalicəsinə və qayğısına sərf olunurdu. Evdəki ağır vəziyyətdən bezən Nikolay bir gün ailəsini tərk edib qaçdı.
“Kolya nə işləməyi sevirdi, nə də oxumağı. Dördüncü sinifdən sonra evdən qaçıb qaraçılarla yaşamağa başladı, onlarla dostluq edirdi”, - Qoar Kalamyan, jurnalist.
Qaraçı düşərgəsində Kalaçyan əvvəlcə narkotik alveri ilə məşğul oldu, sonra zibil yığmağa başladı və tornaçı peşəsini öyrəndi. Elə həmin dövrdə dostları ilə birlikdə bir əmanət kassasını qarət etdi: onlar divarda kiçik bir deşik açaraq içəri girdilər və bir neçə min rubl ələ keçirdilər.
Bu cinayət Kalaçyan üçün cəzasız qaldı – milis oğruları tapa bilmədi. Bir müddət sonra artıq Yerevana köçmüş Nikolayın həyatında özündən kiçik əmisi oğlu Feliks Kalaçyan peyda oldu. Ermənistan SSR-in Aşotsk rayonunun Kazançı kəndində anadan olmuş Feliks kuzenindən fərqli olaraq uşaqlıqdan nümunəvi övlad sayılırdı.
O, məktəbdə yaxşı oxuyur, idman gimnastikası ilə ciddi məşğul olurdu. Orta təhsilini başa vurduqdan və idman ustalığına namizəd adını qazandıqdan sonra Leninakana (indi: Gümrü) gedərək mühəndislik təhsili almağa başladı. Orada taleyini – yerli sakin Maruşu tapdı. Maruş onun həyat yoldaşı oldu, ona bir oğul və Mani adlı bir qız övladı bəxş etdi.
“Feliks çox yaxşı insan idi – xeyirxah, qayğıkeş. Biz bir-birimizi çox sevirdik”, - Feliks Kalaçyanın həyat yoldaşı Maruş Kalaçyan.
Ailə mehriban idi, amma yoxsulluq içində yaşayırdı. Dalandar işləyən Felikslə xadimə işləyən Maruşun qazancı dolanışığa güclə çatırdı. Feliks maddi vəziyyətini yaxşılaşdırmaq üçün Yerevana getdi və orada Nikolayla görüşdü.
“Bütün bunları birlikdə planlaşdırdıq”
Qohumunun fiziki imkanlarını – Feliksin qeyri-adi çevikliyini və təxminən bir saat tək əli ilə sallana bilməsini – qiymətləndirən Nikolay onu cinayətə cəlb etmək qərarına gəldi. Ona yaxınlarda yeni mal gətirilmiş audiotexnika mağazasını birlikdə qarət etməyi təklif etdi.
Asan qazanc vədinə aldanan Feliks razılaşdı. Gecənin qaranlığında qohumlar mağazanın divarını sökərək bir neçə maqnitofon oğurladılar və onları əl arabasında aparıb gizlətdilər. Bir qədər sonra oğurluq malları bazar qiymətindən ucuz sataraq təxminən 15 min rubl qazandılar.
Payını alan Feliks pulun böyük hissəsini ailəsinə göndərdi. Qalan məbləği isə özünə saxladı və Nikolayla birlikdə Moskvaya gedərək kef-damağa xərclədi.
Əyləncə məkanlarının əməkdaşlarının xatirələrinə görə, Kalaçyan qardaşları pulları sağa-sola səpir, özlərini əsl milyonçu kimi aparırdılar.
Kalaçyanların maqnitofon oğurladığı mağazanın direktoru nədənsə milisə müraciət etmədi. Beləliklə, bu cinayət qohumların cəzasız qalması ilə nəticələndi. Nikolayın fikrincə, direktorun susmasının səbəbi oğurlanan maqnitofonların uçota alınmamış mal olması və qeyri-rəsmi satış üçün nəzərdə tutulması idi.
1977-ci ilin əvvəlində qardaşlar iqtisad fakültəsinin məzunu olan dostları Zaven Bağdasaryanla görüşdülər. O, Yerevan Dövlət Bankı şöbəsində saxlanılan pulların yenidən sayılması üzrə komissiyanın üzvü idi. Xəzinədə gördüyü məbləğlər Bağdasaryanı dərindən heyrətləndirmişdi. O, Kalaçyanlara bank şöbəsində 100 milyon rubl saxlanıldığını dedi və sonra onlara bu pulları oğurlamaq ideyasını irəli sürdü.
Bağdasaryan bildirdi ki, nağd pullar ikinci mərtəbədə yerləşən kiçik otaqda bir neçə rəfdə qalaq-qalaq düzülüb. Dövlət Bankının şöbəsi köhnə tikili olan üçmərtəbəli binada yerləşirdi. Bina 1930-cu illərdə məhbusların əməyi ilə inşa edilib, tikintidə isə nisbətən kövrək materialdan – vulkanik tuf daşından istifadə olunub.
Buna görə də xəzinəyə daxil olmaq elə də çətin deyildi. Kuzenlər əvvəlcə belə böyük riskə getmək istəmədilər, lakin üç ay sonra fikirlərini dəyişdilər. Daha bir neçə ay əməliyyatın hazırlanmasına sərf olundu. Planın əsas icraçısı çevik və bacarıqlı Feliks olmalı idi. Binanın mərtəbə planını, divarların quruluşunu və siqnalizasiya sistemini isə elə bankın əməkdaşı Zaven Bağdasaryan özü çəkmişdi.

“Mən xəzinəni, onun quruluşunu və yerləşməsini görmüşdüm. Bəli, bu planı birlikdə hazırlamışdıq. Bu, bir günün işi deyildi – təxminən dörd-beş ay çəkdi”, — Zaven Bağdasaryanın xatirələrindən.
İfşanın bir addımlığında
Nikolay rəssam qiyafəsində Dövlət Bankının yerləşdiyi küçələrdə gəzişməyə başladı. O, dəfələrlə bank binasının yanından keçərək onun iş rejimini və bütün incəliklərini diqqətlə öyrənirdi. Məsələn, Kalaçyan müəyyən etdi ki, binanın birinci mərtəbəsində milis bölməsi yerləşir.
Lakin sonrakı müşahidələr göstərdi ki, həftəsonları orada cəmi iki növbətçi qalır. Buna görə də oğurluğu yay həftəsonlarından birinə təyin etdilər. Avqustun əvvəlinə qədər plan tam hazır idi: Feliks üçüncü mərtəbədə yaşayış binası ilə ortaq olan divarı deşərək əvvəlcə bank işçilərinin istirahət otağına daxil olmalı idi.
Oradan isə döşəmədə açacağı dəlikdən istifadə edərək pul saxlanılan xəzinəyə enməyi planlaşdırırdı.
Kalaçyanlar hər xırda detalı belə nəzərə almışdılar. Hətta Feliks üçün üç şüşə mineral su da hazırlamışdılar. Hava çox isti idi və susuzluq planın həyata keçirilməsinə mane ola bilərdi. Bundan əlavə, həmin su ilə qazmada istifadə edilən burğuları soyutmağı düşünürdülər.
Planın mühüm elementlərindən biri adi çətir idi. Nikolayın fikrinə görə, Feliks əvvəlcə döşəmədə kiçik bir deşik açmalı, sonra çətiri həmin dəlikdən aşağı salıb açmalı və yalnız bundan sonra əl burğusu ilə dəlməni davam etdirməli idi. Beləliklə, qopan suvaq və beton parçaları açılmış çətirin üzərinə töküləcək, bu da səs-küyü minimuma endirəcəkdi.
Qardaşlar əməliyyat üçün ən münasib vaxtı da seçdilər — avqustun 5-nə keçən cümə gecəsini. Məqsəd o idi ki, həftəsonuna çıxan bank əməkdaşları pulun yoxa çıxdığını mümkün qədər gec aşkar etsinlər.
Lakin planlaşdırılan oğurluqdan bir həftə əvvəl Nikolay Tsaxkadzor şəhərində taksi ilə gedərkən yol-nəqliyyat hadisəsinə düşdü və xəstəxanaya yerləşdirildi.
Onu ziyarətə gələn Felikslə məsləhətləşdikdən sonra Nikolay əməliyyatı təxirə salmamağa qərar verdi və kuzeninin hərəkətlərini birbaşa xəstəxana çarpayısından koordinasiya etməyə başladı. Müəyyən olunmuş gecə Feliks əməliyyata yollandı. O, özü ilə iri turist çantası götürmüşdü.

Çantada əl burğusu, burğular, kəndir, ling, mişar, iskənə, çəkic, fənər və çətir var idi.
Yaşayış binasının üçüncü mərtəbəsinə qalxan Feliks Kalaçyan divarı deşməyə başladı. O, bütün gecəni işləsə də, arakəsməni deşə bilmədi. Səhərə yaxın binanı tərk etdi və axşam yenidən geri qayıtdı. Bu vaxta qədər başa düşmüşdü ki, bu qədər qalın divarda dəlik açmaq mümkün olmayacaq. Buna görə də elə hadisə yerindəcə "B planı" hazırlamağa başladı.
Feliks yaşayış binasının damına qalxdı və ətrafa nəzər salarkən gördü ki, Dövlət Bankı əməkdaşlarının istirahət otağının pəncərəsində nə barmaqlıq var, nə də pəncərə bağlıdır.

Məsələ burasında idi ki, həmin otaqda təmir gedirdi. Boya qoxusunun tez çəkilməsi üçün fəhlələr pəncərə taylarını açıq qoymuş, açıq hissəni yalnız nazik polietilen örtüklə bağlamışdılar. Bankın təsərrüfat müdiri isə sadəcə həmin pəncərəni bağlamağı unutmuşdu.
Yüzlük əskinasların ovu
Əvvəlcə Feliks ucuna ağırlıq bağlanmış kəndiri pəncərədən içəri atmağa çalışdı. Lakin bunu dəfələrlə cəhd etsə də, kəndiri pəncərə boşluğuna sala bilmədi. Onda Kalaçyan son dərəcə riskli addım atdı: sürətlə qaçaraq damdan tullandı və xoşbəxtlikdən birbaşa üçüncü mərtəbədəki pəncərədən içəri düşə bildi.
Planın ikinci hissəsi problemsiz həyata keçdi.

Döşəmədə diametri 34 santimetr olan dəlik açdıqdan sonra Feliks armatur parçasına bərkidilmiş kəndirlə pul anbarına endi və oradan ümumi məbləği 1,5 milyon rubl (təxminən 2 milyon AZN – red.) olan iki kisə pul götürdü.
Oğru nağd pulu səliqə ilə bel çantasına yığdı. Nəticədə çantanın çəkisi təxminən 32 kiloqram oldu. İstifadə etdiyi bütün alətləri isə hadisə yerində qoydu. Döşəmədə açdığı dəliyi çətirlə örtən Feliks bazar günü səhər, artıq hava işıqlanmağa başlayanda, kəndirin köməyi ilə istirahət otağının pəncərəsindən yenidən bayıra çıxdı.
Feliks əmisi oğlunun yatdığı xəstəxanaya yollandı. Nikolay sevincindən elə həmin gün palatanı tərk etdi. Kalaçyan qardaşları əvvəlcədən kirayələdikləri mənzilə gedərək qəniməti orada gizlətdilər. Pullara baxarkən Nikolay diqqət yetirdi ki, 100 rubluq əskinasların böyük əksəriyyətinin seriyası eynidir — АИ.
Bunun istintaq üçün mühüm ipucu ola biləcəyini anlayan Nikolay qardaşına və Zaven Bağdasaryana tapşırdı ki, hələlik həmin yüzlük əskinaslara toxunmasınlar. Onun hesablaması doğru çıxdı. Cəsarətli oğurluq barədə xəbər alan Sov.İKP MK-nın baş katibi Leonid Brejnev işi şəxsən nəzarətə götürdü və АИ seriyalı 100 rubluq əskinasların dövriyyəsinin izlənilməsini əmr etdi. Ölkənin bütün əmanət kassalarına belə əskinaslardan istifadə cəhdləri barədə dərhal milisə məlumat vermək göstərişi göndərildi.
“Hətta gülməli hadisələr də olurdu: Nazirlər Soveti sədrinin müavinlərindən birini Moskvada yüzlük əskinası dəyişmək istəyərkən saxlamışdılar”, — Ermənistan SSR-in keçmiş daxili işlər naziri Yevgeni Potapovun xatirələrindən.
Səs-küylü oğurluğun araşdırılmasına həm Ermənistan SSR-in, həm də bütün Sovet İttifaqının hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri cəlb olundu.
“Yerevana SSRİ daxili işlər nazirinin müavini Şumilin (o, ölkənin cinayət axtarış xidmətinə rəhbərlik edirdi), SSRİ Cinayət Axtarış İdarəsi rəisinin müavini Volkov və İttifaq DİN-in digər müstəntiqlərindən ibarət nüfuzlu nümayəndə heyəti gəldi. Bir qədər sonra isə Cinayət Axtarış İdarəsinin rəisi Karpets də Yerevana çatdı”, — Fyodor Razzakovun “Sosializm dövrünün quldurları” kitabından.
“Sevgilim oğrudur”
İstintaq oğrunun bank binasına necə daxil olduğunu kifayət qədər tez müəyyənləşdirdi. Əməliyyatçılar özləri pəncərənin altına brezent gərərək həmin pəncərəyə tullanma fəndini təkrarladılar. Lakin bundan sonra istintaq dalana dirəndi.
Məşhur erməni “qanuni oğru” Rafael Bağdasaryana (Raf Svo) müraciət edən və Ermənistan SSR-in demək olar ki, bütün kriminal aləmini yoxlayan müstəntiqlər əmin oldular ki, peşəkar cinayətkarların bu oğurluqla heç bir əlaqəsi yoxdur. Bundan sonra bankın bütün 161 əməkdaşı cinayətkarlara yardım etmək şübhəsi altına düşdü, onların arasında Zaven Bağdasaryan da vardı.
“Məni də bir neçə dəfə dindirdilər. Amma arxamca izləmə aparıldığını hiss etməmişdim”, — Zaven Bağdasaryanın xatirələrindən.
Az sonra döşəmədəki dəliyin üzərində asılı vəziyyətdə qalan lampanın üzərində barmaq izləri aşkar edildi. Məlum oldu ki, bu izlər bankın təsərrüfat müdiri Qavrilova məxsusdur. O dərhal saxlanıldı və dindirilməyə başlandı. Qorxuya düşən təsərrüfat müdiri ifadələrində dolaşır, bununla da müstəntiqlərin şübhələrini daha da artırırdı. Lakin sonradan aydınlaşdı ki, Qavrilov soyğunçulara heç bir kömək göstərməyib.
Məlum oldu ki, lampanı məhz Qavrilov yerinə burmuş və çətirlə örtülmüş dəliyi ilk görən də o olmuşdu. Ancaq açıq qalmış pəncərəyə görə səhlənkarlıqda ittiham olunacağından ehtiyat etdiyi üçün bu barədə heç kimə heç nə deməmiş, çətiri də özü ilə götürərək istirahət otağını tərk etmişdi. Mühüm maddi sübut əldə edən müstəntiqlər çətirin üzərində cinayətkarın barmaq izlərini tapacaqlarına ümid edirdilər, lakin nəticəsiz qaldı — Feliks heç bir iz buraxmamışdı.
Bu vaxta qədər Kalaçyan qardaşları Moskvanın Krasnopresnenski rayonuna köçmüşdülər. Burada Nikolay Lyudmila Aksyonova ilə münasibət qurdu. O isə bilmirdi ki, Yerevanda Nikolayı nişanlısı — yüksək vəzifəli şəxslərdən birinin qızı Narine gözləyir. Lyudmila sevgilisinin varlı olduğunu bilirdi, amma bu qədər pula sahib olmasını Nikolay kazinoda pul udması ilə izah etmişdi.
“Mən onu həqiqətən sevmişdim. Biz kilsədə nikah bağlamağı planlaşdırırdıq. Məhz kilsədə evlənmək istəyirdik, sadəcə VVAQ-da nikah qeydiyyatı yox. Sonra isə uzun müddət inana bilmədim ki, bunu edən elə odur. Sadəcə inana bilmirdim ki, sevdiyim insan oğrudur”, — Lyudmila Aksyonovanın xatirələrindən.
Aksyonovanın köməyi ilə Nikolay oğurlanan pulların böyük hissəsini Yerevandan Moskvaya gətirdi. Qız sevgilisinin yanına qonaq gəlmişdi və Moskvaya qayıdarkən Nikolay onun çamadanını oğurlanmış pulla doldurdu. Dəmiryol vağzalında bir milis əməkdaşı Lyudmiladan çamadanı açmağı tələb etdi. Lakin həmin anda tələsik yaxınlaşan Nikolay məsələni tez həll etdi. Bundan əvvəl isə o, risk edərək diqqət mərkəzində olan yüzlük əskinaslardan birini vağzal kassasında xırdalatmışdı.
“Nikolay milis əməkdaşına ya 5, ya da 10 rubl verdi. Çox cüzi məbləğ idi və o da çamadanı açdırmadı”, — Lyudmila Aksyonovanın xatirələrindən.
Məşum sövdələşmə
Kalaçyanlar xırda nominallı əskinasların hamısını tezliklə xərclədilər və qarşılarında 110 bağlama 100 rubluq əskinasın taleyi ilə bağlı problem yarandı. Çıxış yolunu Nikolay tapdı. O, bu pulla 3 faizlik dövlət istiqrazlarını almağı, sonra isə onları sataraq artıq şübhə doğurmayan "təmiz" pul əldə etməyi təklif etdi. Ancaq oğrular əmanət kassalarına özləri getmək istəmirdilər.
Nikolay bu işi sevgilisi Lyudmilanın qardaşı, moskvalı taksi sürücüsü Vladimir Kuznetsova tapşırdı. O, taksi sürücüsünə dedi ki, guya qumarda iştirak etdiyinə görə cinayət təqibindən ehtiyat edir və buna görə də 100 rubluq əskinasları leqallaşdırmaq istəyir. “Yuyulmuş” pulları isə Lyudmila ilə təmtəraqlı toy təşkil etmək üçün xərcləyəcəyini bildirdi.

Kuznetsov gələcək qohumuna kömək etməyə razılaşdı. O, qiymətli kağızların ilk partiyasını Daşkənddə bir neçə gediş-gəlişlə aldı və buna təxminən 24 min rubl xərclədi. Cinayətkarların bəxti onda gətirdi ki, əmanət kassalarında işləyən əməkdaşlar kifayət qədər diqqətsiz idilər. Buna görə də cinayət axtarış əməkdaşları АИ seriyalı əskinasların Özbəkistan SSR-də dövriyyəyə çıxdığını dərhal müəyyən edə bilmədilər.
Əməliyyatçılar Daşkəndə çatanda isə Kuznetsov artıq oranı tərk etmişdi. Bu vaxt Kalaçyan qardaşları Soçiyə köçmək qərarına gəldilər. Nikolay Moskvada Cənub Çay Limanı yaxınlığındakı avtomobil bazarından 13 min rubla işlənmiş yaşıl rəngli “Jiquli” (başqa məlumatlara görə isə “Moskviç”) avtomobili aldı və izləri itirmək məqsədilə onu Lyudmilanın adına rəsmiləşdirdi.
Bir qədər sonra Nikolay ehtiyat təkəri gizli saxlanc yerinə çevirdi. O, paytaxtdan bütün pulları məhz həmin gizli bölmədə çıxarmağı planlaşdırırdı.
Daşkənddəki uğur cinayət ortaqlarını ruhlandırmışdı. Vaxt itirməmək üçün taksi sürücüsü Kuznetsov artıq başqa şəhərlərə getməməyə qərar verdi və dövlət istiqrazlarını Moskvanın əmanət kassalarından almağa başladı.
Əvvəlcə o, gündə bir-iki istiqraz alırdı. Sonra isə birdən-birə 6 min rubl dəyərində istiqraz almaq qərarına gəldi. Çertanovskaya küçəsindəki əmanət kassasının əməkdaşını bu qədər böyük məbləğ şübhələndirdi. Qadın 6 min rublu qəbul etdi, sonra isə bildirdi ki, kassada cəmi 3 min rubl dəyərində istiqraz qalıb, qalanını isə anbar otağından gətirməlidir.
Bu bəhanə ilə o, milisə zəng vurmağa getdi.
Kassirin on dəqiqə keçməsinə baxmayaraq geri qayıtmaması Vladimiri şübhələndirdi. O, qalan istiqrazları gözləmədən qaçdı. Lakin bu dəfə müstəntiqlərin bəxti gətirdi. Kassir qadının yaddaşı olduqca güclü idi.
O bildirdi ki, qaçan şəxs əmanət kassasına yaşıl rəngli “Jiquli” avtomobili ilə gəlmişdi və şübhəli şəxsin dəqiq fotorobotunu hazırlaya bildi. Az sonra milis taksi sürücüsü Vladimir Kuznetsovun kimliyini, ev ünvanını və iş yerini müəyyənləşdirdi.
Yaşıl “Jiquli”nin axtarışı
Hüquq-mühafizə orqanları “gizli milyonçu”nun axtarışı ilə yanaşı, paytaxtdakı bütün yaşıl rəngli “Jiquli” avtomobillərinin sahiblərini də yoxlayırdılar. 1978-ci ilin yazının son günlərindən birində Lenin prospektində xidmət aparan sahə müvəkkili yolun kənarında dayanan yaşıl “Jiquli”yə diqqət yetirdi. Az sonra üç nəfər avtomobilə minib oradan uzaqlaşdı.
Qısa müddət sonra milis əməkdaşı müəyyən etdi ki, həmin şəxslərdən ikisi — Kalaçyan qardaşları — Yablonskaya soyadlı qadının evində otaq kirayələyiblər. Lakin bir neçə gün əvvəl Nikolayın nişanlısının evinə köçüblər.
“Onlar təxminən bir ay onun evində yaşamışdılar. Təbii ki, qadın oğurluqdan xəbərsiz idi. Amma onların çoxlu pulu olduğunu bilirdi”, — MUR-un keçmiş müfəttişi Sergey Juravlyov.
Müstəntiqlərin xahişi ilə Yablonskaya Kalaçyan qardaşlarına zəng vurdu, guya onların evdə bağlama unutduqlarını dedi və gəlib götürmələrini xahiş etdi. 1978-ci il iyunun 7-nə keçən gecə Nikolay bağlamanı götürmək üçün gəldi. O, mənzildə qurulmuş milis pusqusunu gözləmirdi, lakin saxlanılarkən müqavimət göstərmədi.
Əməliyyatçılar daha sonra Lyudmila Aksyonovanın mənzilinə gedərək Feliksi saxladılar. Bir qədər sonra isə taksi sürücüsü Kuznetsov da həbs edildi. Həmin vaxta qədər Kalaçyan qardaşları oğurladıqları 1,5 milyon rublun 600 minini artıq xərcləmişdilər.
“Sökülmüş ehtiyat təkərinin içindən Yerevan Dövlət Bankından oğurlanmış pulların 800 mindən çoxu tapıldı. Qalan təxminən 100 min rublu isə cinayətkarlar Leninakandakı evin yaxınlığında torpağa basdırmışdılar”, — Fyodor Razzakovun “Sosializm dövrünün quldurları” kitabından
Əfv fərmanı gecikəndə
Nikolay günahını danmadı və istintaqa hətta audioavadanlıq mağazasının qarətindən də danışdı. Feliks isə Dövlət Bankının soyulmasının bütün təfərrüatlarını açıqladı və bütün istintaq eksperimentlərində iştirak etməyə razılıq verdi. O, müstəntiqlərə pul anbarına döşəmədə açdığı kiçik dəlikdən necə daxil olduğunu da əyani şəkildə göstərdi.
“Bir əlini aşağı, digər əlini isə yuxarı uzatmışdı. Bu vəziyyət Feliksə çiyinlərini daraltmağa imkan verdi və o, həmin dəlikdən keçə bildi”, - Eduard Astvatsataryan Ermənistan SSR Prokurorluğunun istintaq qrupunun keçmiş rəhbəri.
Kiçik Kalaçyan taleyi ilə bağlı heç bir illüziya bəsləmirdi. Məhkəmədə son sözündə zalda əyləşən həyat yoldaşı Maruşa müraciət edərək ondan uşaqlarını yaxşı və dürüst insanlar kimi böyütməsini xahiş etdi.
Onun hissləri doğru çıxdı. Cinayət işinin 40 cildini araşdıran məhkəmə həm Feliksi, həm də Nikolayı əmlakları müsadirə olunmaqla ölüm cəzasına məhkum etdi.

“Hakim Feliksə dedi ki, bu maddə üzrə belə hökm çıxarmağa məcbur olduğuna görə çox təəssüflənir. Amma bunun qarşısını almaq onun əlində deyil”, — Feliksin arvadı Maruş Kalaçyanın xatirələrindən.
Nikolayın anası oğlunun ölüm hökmünü eşidəcək qədər də yaşamadı. Oğlunun nədə ittiham olunduğunu öyrənəndən sonra xəstələndi və qısa müddət sonra vəfat etdi.
Zaven Bağdasaryan 11 il ciddi rejimli cəzaçəkmə koloniyasına məhkum edildi. Əsrin oğurluğunun özündə birbaşa iştirak etməyən Vladimir Kuznetsov isə daha yüngül cəza aldı.
Lakin iki gəncin — onlardan biri iki uşaq atası idi — ölüm cəzasına məhkum edilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Babken Sarkisova həddindən artıq ağır göründü. O, Kalaçyan qardaşlarının əfv olunması barədə SSRİ Ali Sovetinə müraciət etdi. Moskvada Sarkisovun arqumentlərini əsaslı saydılar və əfv ərizəsini təmin etdilər.
Ancaq Kalaçyan qardaşlarını xilas etməli olan sənədlər Yerevana faciəvi şəkildə gec çatdı. Təcili sənədləri gətirən avtomobil yolda palçığa bataraq hərəkətsiz qalmışdı. Sənədlər, nəhayət, həbsxanaya çatanda isə artıq gec idi — Feliks və Nikolay bir gün əvvəl güllələnmişdilər.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada