Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Cəllad”ın gözü düşən aktrisanın müəmmalı ölümü: siyasi qətl, yoxsa sərvət hərisliyi?
Həbs və sürgündən “Oskar”a gedən yol

Zoya Fyodorova 21 dekabr 1909-cu ildə Sankt-Peterburqda doğulub. Gələcək aktrisanın ailəsi yaradıcılıqdan uzaq idi: anası evdar qadın, atası Aleksey Fyodorov fəhlə idi, inqilabdan sonra Kremldə pasport xidmətinin rəhbəri oldu. 

Fyodorovlar Moskvaya köçəndə qızın 9 yaşı vardı. Təbiətən sənətə meylli olan Zoya uşaqlıqdan səhnəni xəyal edirdi və məktəb teatr dərnəyində parlayırdı, lakin valideynlər qızın bu həvəsini boş şey hesab edirdilər.

Atasının təzyiqi ilə Zoya Dövlət Sığorta İdarəsində hesablayıcı işinə düzəldi, amma aktrisa karyerası haqqında xəyallarından əl çəkmədi və 1930-cu ildə İnqilab Teatrı nəzdindəki məktəbə daxil oldu. İstedadlı tələbə tez bir zamanda rejissorların diqqətini çəkdi və “Qarşı plan”, “Qarmon” bədii filmlərində epizodik rollarla karyerasına başladı.

Teatr məktəbini bitirən Zoya “Rəfiqələr” filmində ilk böyük rolunu aldı. Onun şəxsi həyatı da karyerası qədər təlatümlü idi: hələ tələbəlik illərində aktyor Leonid Veytslerlə evləndi, lakin tezliklə boşandı. Aktyor Vladimir Rapoportla nikahı da boşanmayla bitdi. Birgə yaşadığı Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi İvan Kleşşev isə 1942-ci ildə həlak oldu.

Lakin Fyodorovlar ailəsində bədbəxtliklər silsiləsi Kleşşevin ölümündən bir neçə il əvvəl başlamışdı. 1936-cı ildə Zoyanın anası xərçəngə tutuldu. Atası yaxşı bir alman həkim tapdı, amma bütün səylərə baxmayaraq ana vəfat etdi. 1938-ci ildə isə alman həkimə müraciət Aleksey Fyodorova qarşı donos üçün bəhanə oldu.

Onu Almaniya və İngiltərənin xeyrinə casusluqda ittiham etdilər və 10 il düşərgəyə göndərdilər. Atasını azad etmək üçün o vaxta qədər Stalin mükafatı laureatı olmuş Zoya Fyodorova daxili işlər xalq komissarı Lavrenti Beriyaya qədər getdi. O, aktrisanın istedadının pərəstişkarı idi və həqiqətən ata Fyodorovun vaxtından əvvəl azad edilməsinə kömək etdi.

Bundan əlavə, bəzi məlumatlara görə, xalq komissarı aktrisaya –almanlar Moskvaya daxil olsalar – diversant dəstəsinə qoşulmağı təklif etdi və Zoya razılaşdı. 

1941-ci ildə Aleksey Fyodorovu “əmək qabiliyyətsizliyi” səbəbindən azad etdilər – düşərgədə hər iki əlində donmuş barmaqlarını kəsmişdilər. Lakin o, azadlıqda çox yaşamadı – üç ay sonra vəfat etdi.

“Bu buket deyil, çələngdir”

Qəribədir ki, “xalq düşməninin qızı” damğası Fyodorovanın karyerasına heç bir təsir göstərmədi, lakin o, Beriyanın diqqət və təqiblərinin obyektinə çevrildi. Bir dəfə arvadının yubileyi bəhanəsi ilə Zoyanı Kaçalov küçəsindəki evinə dəvət etdi. Amma orada nə səbəbkar, nə də qonaqlar vardı – Beriya dərhal Fyodorovaya açıq-saçıq eyhamlar vurmağa başladı. Xalq komissarından cana doyan aktrisa onu təhqir edib çıxdı. Binadan çıxarkən qapıçı ona gül dəstəsi verdi, Beriya isə arxasınca “bu, buket deyil, çələngdir” qışqırdı.

Qisasçı xalq komissarından hər şey gözləmək olardı, amma Zoya hələ ki, əvvəlki kimi yaşayır və filmlərə çəkilməyə davam edirdi.

1945-ci ildə Fyodorovanın həyatında taleyüklü görüş baş verdi: Qırmızı Ordu Günü münasibətilə qəbulda o, ABŞ hərbi missiyasının rəhbəri, 46 yaşlı Cekson Robert Teyt ilə tanış oldu. Onların münasibəti cəmi bir il sürdü, lakin o, aktrisanın yeganə övladı – qızı Viktoriyanın atası oldu.

1946-cı ildə Teyti SSRİ-dən çıxartdılar. Hamiləlik barədə Zoya ona xəbər verməyə macal tapmadı və Teyt qızının varlığından yalnız 1964-cü ildə xəbər tutdu. Bu arada aktrisa anladı ki, Ceksonun çıxarılmasından sonra onun başının üstünü buludlar örtür: tamaşadakı rol başqa aktrisaya verildi, portreti isə teatrın foyesindən götürüldü.

Tezliklə aktrisanı ABŞ-ın xeyrinə casusluqda ittiham etdilər və istintaq müddətində “Lefortovo” istintaq təcridxanasına saldılar. Burada Zoyanın nazı ilə oynamadılar: duşda qaynar su ilə yandırdılar, sonra isə intihar etməyi planlaşdırdığını güman edərək barmaqlarını sındırdılar.

1947-ci ildə məhkəmə zəif sağlamlığına, körpə uşağına baxmayaraq, Zoyanı bütün əmlakı və pulları müsadirə olunmaqla 25 il müddətinə Temnikov düşərgəsinə göndərildi. Sonra cəza yerini Çelyabinsk həbsxanasına dəyişdilər, oradan da məşhur “Vladimir mərkəzi”nə köçürdülər.

Aktrisanın kameradaşları arasında “Trofey işi” üzrə həbs olunan müğənni Lidiya Ruslanova da var idi. Onun dəstəyinə baxmayaraq, həbsxanada Zoya çox əziyyət çəkdi. Çarəsizlikdən Beriyadan kömək istəməyə çalışdı, lakin qisasçı xalq komissarı keçmiş sevimlisinin yalvarışlarına biganə qaldı.

Moskva göz yaşlarına inanmır

Fyodorovanın kədərli taleyini iki bacısı da bölüşdü. Mariyanı Vorkutada kərpic zavodunda on il işə məhkum etdilər – o, müddəti bitməmiş 1952-ci ildə öldü. Aleksandranı Qazaxıstanın Poludino kəndinə sürgün etdilər. O, Zoyanın qızı Viktoriyanı öz uşaqları ilə birlikdə doğma qızı kimi böyütdü.

Zoya Fyodorova 23 fevral 1955-ci ildə bəraət aldı. Yaşayacaq yeri yox idi – ona Lidiya Ruslanova sığınacaq verdi. Aleksandra uşaqlarla Moskvaya qayıdanda isə Zoya doqquz yaşlı Vikani Ruslanovanın mənzilinə götürdü. Qız əsl anasının Zoya olmasına uzun müddət alışmalı oldu.

Aktrisaya tezliklə Taras Şevçenko adına sahilboyu küçədə ikiotaqlı kiçik mənzil verdilər.

Həbs illəri aktrisanın karyerasına ağır zərbə oldu: Fyodorova Kinoaktyor Teatr-studiyasının truppasına düzələ bildi, lakin kinoya yalnız kiçik və ikinci dərəcəli rollar üçün dəvət edirdilər. Buna baxmayaraq, tamaşaçılar onun istedadı və parlaq oyununa görə yenə də sevirdilər. 

1965-ci ildə Fyodorovaya RSFSR əməkdar artisti adı verildi. Aktrisanın epizodik rolda göründüyü sonuncu film Oskar mükafatlı “Moskva göz yaşlarına inanmır” oldu. 

Lakin aktyor peşəsi az pul gətirirdi və Fyodorovlar ailəsi kasıb yaşayırdı. Hər şey 70-ci illərin ortalarında dəyişdi: Fyodorova Kutuzov prospektində 4/2 nömrəli “xüsusi” binada yaxşı üçotaqlı mənzil aldı. Ev əşyaları, çoxsaylı antikvarlar və divarlarda məşhur rəssamların əsərləri aktrisanın maddi vəziyyətinin xeyli yaxşılaşmasından xəbər verirdi.

Buna əlaqələr kömək etdi: aktrisa Baş katib Leonid Brejnevin qızı Qalina və daxili işlər naziri Nikolay Şelokovun arvadı Svetlana ilə dostlaşmışdı – onlar Taras Şevçenko sahilindəki binada qonşu idilər.

Almazlara dəlicəsinə vurulmuş Brejnevanın təhriki ilə Fyodorova qiymətli daşlar, qızıl, antikvar və nadir rəsmlərlə alver etməyə başladı. Müştəriləri əsasən yüksək vəzifəli məmurlar və onların qohumları idi. Sxem problemsiz işləyirdi: Brejneva qiymətli əşyalara qiymət artımının nə vaxt planlaşdırıldığını bilirdi və dostlarına siqnal verirdi. 

Onlar zərgərlik məmulatlarını tələsik alırdılar: alışların qiyməti bəzən yüz minlərlə rubl olurdu (o illərdə orta maaş 150 rubl idi), lakin möhtəkirlər bilirdilər ki, qiymət artımından sonra malların yenidən satışı xərclənən məbləği 50, bəlkə də 100 faiz üstələyəcək.

Almazlardan əlavə, Fyodorova antikvar satırdı: onun mənzili sənət əsərləri üçün müvəqqəti saxlama yeri idi – aktrisa gələn “yenilər”in fotoşəklini çəkir və kataloq tərtib edirdi ki, xarici alıcılara göndərilsin.

Bu vaxta qədər Zoyanın qızı Viktoriya atasının yanına ABŞ-a köçmüş, orada evlənmiş və bir oğlu olmuşdu. Zoya keçmiş sevgilisi ilə görüşməyə macal tapdı – 1976-cı ildə qızının qonağı olaraq okeanın o tayına getdi.

Bundan sonra Zoya Fyodorova da emiqrasiya etmək qərarına gəldi, lakin SSRİ-dən çıxış sənədləri almaq üçün bir neçə cəhdi uğursuz oldu. Buna baxmayaraq, bəzi məlumatlara görə, 1981-ci ildə arzuladığı kağızı, nəhayət, əldə etdi. Bir versiyaya görə, Viktoriya anasını SSRİ-dən çıxarmaq üçün ABŞ-dakı bütün əlaqələrini işə salmışdı.

“Məni tezliklə öldürəcəklər”

Lakin görüşmək onlara nəsib olmadı. Və görünür, Zoya Fyodorova başa düşürdü ki, başının üstündə təhlükə var. Qızı ilə telefon danışığının birində “Məni tezliklə öldürəcəklər” dedi, amma Viktoriya bu sözlərə əhəmiyyət vermədi. Dekabrın 10-na keçən gecə Zoya bir tanışı ilə qarşıdakı Krasnodar səfəri barədə telefonla danışırdı, saat 13:00 radələrində isə “Mosfilm” əməkdaşı ona zəng vurdu.

Bundan sonra 72 yaşlı Zoya Fyodorova qohum və dostlarla əlaqəni kəsdi: qapını açmırdı, telefonu isə daim məşğul idi.

Zoyanın dostlarından biri Marqarita Nabokova iki dəfə mənzilə gəldi – onlar görüş barədə razılaşmışdılar, – sonra qapıya qeyd qoydu. O, aktrisanın qardaşı oğlu Yuri ilə (onun ehtiyat açarı var idi) əlaqə saxlayıb Kutuzov prospektinə təcili gəlməsini xahiş etdi. Gələn Yuri gördü ki, Fyodorovanın mənzilinin pəncərələrində işıq yanır, amma qapını açmadılar və o, ehtiyat açardan istifadə etdi.

Mənzildə onu şok edən mənzərə gözləyirdi: ölü aktrisa kresloda oturmuşdu, əlində isə telefon dəstəyi var idi. İstintaqçılar sonradan müəyyən etdi ki, Zoya 10-20 santimetr məsafədən ənsəsinə açılan atəşlə öldürülüb: güllə öndən çıxıb sol gözünü və burnuna taxılmış eynəyin şüşəsini deşmişdi. Ballistlər müəyyən etdilər ki, atəş alman “Sauer 38H” tapançasından açılıb. Belə silahın bütün sahiblərini dərhal tapdılar – SSRİ-də bu cür tapançalar yalnız üç vətəndaşda qeydiyyatda idi.

Lakin onların hər birinin qətllə əlaqəsi olmadığı ortaya çıxdı. Fyodorovanın telefon zəng çalanda dəstəyi götürdüyü anda güllələnməsi də istintaqa xüsusi kömək etmədi – abonentin nömrəsini müəyyən etmək mümkün olmadı.

“Tanımadığı adamları içəri buraxmırdı”

Qapı kilidində zorla açılma izi yox idi: Fyodorova qatilini özü içəri buraxmışdı və görünür, onu yaxşı tanıyırdı. Bunu dolayı yolla sübut edən fakt da o idi ki, stolun üstündə iki fincan və pirojnalı nimçə dururdu – görünür, Zoya naməlum atıcı ilə dostcasına çay içirmiş.

“Cinayət yerinə baxış zamanı gördük ki, o, cırıq başmaqlarda, deşik yun corablarda və köhnə xalatda idi. Bu, kifayət qədər tanış adamın gəldiyini göstərir”, – Sergey Butenin, 1981-ci ildə Moskva cinayət-axtarış idarəsini (MUR) xüsusilə mühüm işlər üzrə baş müfəttişi. 

Qatilin aktrisaya tanış olduğu versiyasını dəstəkləyən bir fakt da o idi ki, yad adamların yanında Fyodorova demək olar ki, heç vaxt eynək taxmırdı. Az tanıdığı insanları isə mənzilə buraxmır, onlarla qapıdan və ya həyətdə danışırdı.

Şübhə dərhal öldürülənin qohumlarına yönəldi. İstintaqçılar istisna etmirdilər ki, Fyodorovanı qardaşı oğlu Yuri də öldürə bilərdi, lakin onun dəmir alibisi var idi: cinayət vaxtı partiya təşkilatının hesabat-seçki konfransında idi. Buna baxmayaraq, Yurini bir müddət həbs etdilər – cinayətin sifarişçisi olduğunu güman edirdilər. Lakin bu versiya da təsdiqlənmədi.

Zoyanın bəzi tanışları xatırladılar ki, dekabrın 10-da o, Fransadan gələcək, adını çəkmədiyi bir qonağı gözləyirdi Bu adamın kim olduğu heç vaxt müəyyən edilmədi. Digər şahidlər isə iddia edirdilər ki, Zoya Köhnə Arbatdan bir tanışını gözləyirdi – oğlu ABŞ-da yaşayan qadını.

Həmin qadın oğlunun yanına getməyə hazırlaşırdı və aktrisa onunla qızına zinət əşyaları göndərmək niyyətində idi. Bu arada girişdə işləyən konsyerj istintaqçılara bildirdi ki, qətl günündə Fyodorovaya yalnız Nabokova və qardaşı oğlu gəlib, başqa ziyarətçi olmayıb.

Qeyd edək ki, Nabokova dostundan sonra çox yaşamadı: Fyodorovanın qətlindən bir neçə ay sonra o, qəribə şəraitdə vəfat etdi. 

O zaman müstəntiqlər ehtimal etdilər ki, cinayətkar çardaqdan girişə daxil  olub və eyni yolla cinayət yerini tərk edib. Fyodorovanın cəsədinin yanında duran qeyd kitabçasını yoxlayanda istintaqçılar heyrətə gəldilər: orada iki mindən çox telefon nömrəsi və təxminən 1,5 min poçt ünvanı – Moskva və digər şəhərlərdən – var idi.

Mənzildə açıq-aşkar oğurluq izi yox idi, lakin 50 min rubl dəyərində üzük, gümüş qab-qaşıq və Matissin orijinal əsəri yoxa çıxmışdı. Tezliklə milis itmiş üzüyü Fyodorovaya satan alverçinin izinə düşə bildi. Əməliyyatçılar onun Taqankada yaşaması və qanunsuz olaraq “Sauer 38H” tapançasına malik olması barədə məlumat aldılar. Alverçi saxlanıldı, lakin Zoya Fyodorovanın qətli ilə əlaqəsi olmadığı ortaya çıxdı. 

Bu adamlar ifşadan qorxurdular

Əməliyyatçılar aktrisanın mənzilində axtarış zamanı döşəmədə və rəflərdə zərgərlik məmulatlarının çoxlu etiketləri olduğuna diqqət yetirdilər, amma qiymətli əşyalarını özünü tapmadılar. Bunun əvəzinə kiçicik anbar – gizli yer aşkar etdilər ki, ora qadın çantaları ilə dolu idi.

Onlardan birində üç min rubl, digərində qızıl zəncir tapdılar, qalanları boş idi. Lakin çətin ki, qatilin hədəfi çantalar olub.

Şayiələr gəzirdi ki, aktrisa mənzilində nəhəng almaz saxlayırmış və cinayətkar da onu axtarırdı. Başqa məlumata görə, Fyodorovanın xaricə çıxarmaq üçün hazırladığı qiymətli daşlar partiyası çamadanda idi və qatil onu özü ilə aparmışdı. Bu versiyalar rəsmən təsdiq olunmadı, lakin Fyodorovanın gizli “almaz” fəaliyyəti səbəbindən aradan götürülə biləcəyi ehtimalı real idi.

Bu fəaliyyət sayəsində aktrisa çoxlu cinayət sxemləri və onlarda iştirak edən adamlar barədə məlumatlı idi, bu üzdən də lazımsız şahid kimi öldürülə bilərdi. İstintaqçılar istisna etmirdilər ki, növbəti çıxış icazəsinə imtina alan Fyodorova “almaz” zəncirinin yüksək vəzifəli iştirakçılarından birini şantaj edib – və əvəzində başına güllə alıb.

Bundan əlavə, məlum oldu ki, ölümündən az əvvəl Fyodorova qızına bahalı rəsmlərdən birini göndərə bilib. Aktrisa güman edirdi ki, tablonun satışından əldə edilən pullar onlara uzun müddət yetəcək. Lakin Viktoriya rəsmi satmağa çalışanda məlum oldu ki, o, saxtadır. Ehtimal ki, Zoya bunu öyrənib, satıcı ilə əlaqə saxlayıb.

“Görünür, pullarının qaytarılmasını tələb edib. Bəlkə təzyiq göstərib, ya da bu adamlar ifşa olunmaqdan qorxurdular. Ona görə də öldürüblər. Siyasətlik deyildi, yalnız kriminal”, – Vyaçeslav Pankin, DİN cinayət-axtarış baş idarəsinin keçmiş rəisi, RSFSR daxili işlər nazirinin müavini. 

Zoya Fyodorovanın aradan götürülməsini KQB əməkdaşlarına da aid edirdilər. Aktrisanın çekistlərlə əməkdaşlıq etdiyi barədə şayiələr 40-cı illərdən gəzirdi – onu guya 1927-ci ildə Prove işi üzrə həbsdən sonra cəlb etmişdilər. Onda Zoyanı zərbədən OQPU-nun məxfi əməliyyat idarəsinin rəisi Qenrix Yaqoda şəxsən çıxarmış, aktrisanı rahat buraxmağı əmr etmişdi. 

Belə yüksək vəzifəli çekistin loyallığı Fyodorovanın əməkdaşlığa razılaşması ilə bağlı ola bilərdi. Mümkündür ki, Cekson Teytlə görüşü də təsadüfi olmayıb: bəlkə Zoya amerikalıdan mümkün qədər çox dövlət sirlərini öyrənməli idi. Lakin işə hisslər qarışdı ki, bu da Fyodorovanın ehtimal edilən rəislərinə xoş gəlmədi – sevgilisini tələsik ölkədən qovdular, Zoyanı isə həbsxanaya göndərdilər. Lakin onun KQB ilə əməkdaşlığı azad olduqdan sonra da davam edə bilərdi. Bunu dolayı yolla təsdiqləyən fakt odur ki, aktrisanı üç dəfə sakitcə qızının yanına ABŞ-a buraxmışdılar. 

“O, ‘krışa’ üçün hesablaşmamışdı”

Ümumiyyətlə, Zoya Fyodorovanın ABŞ-a səfərləri ilə bağlı hekayələrdə çox qəribə şeylər var. Belə ki, onlardan birinə görə, aktrisa gizli şəkildə SSRİ-dən xırda qiymətli daşlar çıxarıb okeanın o tayında satmış və bütün pulları qızına vermişdi. Başqa səfərdə isə ucuz qiymətə bir neçə neylon xəz alıb. Onları artıq Sovet İttifaqında hər birini 500 rubla satıb. Parisdəki ara enişləri zamanı isə Qərbdə məskunlaşmış sovet rəqqası Rudolf Nureyevlə görüşür, ona rəsmlər və zərgərlik məmulatları satırdı.

Danışırdılar ki, belə alış-veriş fürsətini ona KQB yaradırdı. Lakin 80-ci illərdə Fyodorova birdəfəlik xaricə getmək qərarına gəldi: bu, çekistlərin işinə yaramırdı, ona görə də Zoyanı güllələdilər. Lakin əməliyyatçılar güman edirdilər ki, aktrisanı daha adi səbəblərdən də öldürə bilərdilər.

“Bir versiya var idi ki, o, kimdənsə nəsə götürüb, amma pulunu ödəməyib.  İkinci versiya – ona xidmət göstərən adamın pulunu kəsməsi. Ya sərhəd xidmətindən keçid, ya da indi “krışa” adlanan şey”, – Sergey Butenin, 1981-ci ildə Moskva cinayət-axtarış idarəsinin (MUR) xüsusilə mühüm işlər üzrə baş müfəttişi.

Cinayət barədə öz versiyasını ssenarist Eduard Volodarski də irəli sürmüşdü: onun fikrincə, Fyodorova ilə kürəkəni – Nyu-Yorkdan Moskvaya tez-tez uçan təyyarəçi hesablaşa bilərdi. Nəzəri cəhətdən o, qaynanasının yanına gəlib onu güllələyib qiymətli əşyaları apara bilərdi. Təsadüfi və ya yox, amma məhz Fyodorovanın ölümündən sonra kürəkəni böyük sahibkar oldu.

Aktrisanın qətli ilə bağlı istintaq təxminən iki il vaxt apardı. Yarım ildən sonra işi DİN-dən KQB-yə verdilər və məxfiləşdirdilər. İstintaq müddətində təxminən dörd min şahid dindirildi. Lakin iş məhkəməyə çatmadı, sübutların toplanması mərhələsində dağıldı.

Zoya Fyodorovanın ABŞ-da yaşayan nəvəsi bir neçə il əvvəl Rusiya Baş prokurorluğuna müraciət edərək özünün iş üzrə zərərçəkmiş kimi tanınmasını və aktrisanın qətlini yenidən araşdırılmasını xahiş etdi, lakin bu xahişə əməl olunmadı.

Zoya Fyodorova son sığınacağını Vaqankovo qəbiristanlığında tapdı. Onun yeganə qızı Viktoriya dəfn mərasimində iştirak edə bilmədi. Bəzi məlumatlara görə, sovet hakimiyyəti ona giriş icazəsi verməmişdi. Digərlərinə görə isə o, SSRİ-yə qayıtmaqdan qorxmuşdu – orada onu təhlükə gözlədiyinə əmin idi. Viktoriya Fyodorova 2012-ci ildə ABŞ-da 66 yaşında vəfat etdi.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada