Yeni dövrün ən işlək sülh razılaşması
Vaşinqton Sammitindən ötən bir il nələrlə yadda qaldı?
08 Avqust 2026
2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş tarixi üçtərəfli zirvə görüşündən tam bir il ötür. Ötən 12 ay Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişənin arxada qalması, birbaşa ticarət və kommunikasiya xətlərinin açılması, eləcə də regional inteqrasiya baxımından əsl dönüş mərhələsi oldu.
Vaşinqton sammitində liderlər tərəfindən imzalanan Birgə Bəyannamə ilə sülh sazişinin mətninin əsas prinsipləri paraflandı və proses hüquqi müstəvidə dönməz xarakter aldı. Ən mühüm praktiki addımlardan biri isə 2026-cı ilin yanvarında TRİPP (Trump Route for International Peace and Prosperity) üzrə İcra Çərçivəsinin razılaşdırılması oldu.
Zəngəzur seqmentində (Mehri marşrutu) nəqliyyat və kommunikasiya xətlərinin bərpası üçün "Front Office – Back Office" idarəetmə modeli tətbiq edildi. Bu model Ermənistanın suverenliyini və yurisdiksiyasını tam saxlamaqla yanaşı, Azərbaycan yükləri və sərnişinləri üçün maneəsiz keçid idarəçiliyini özəl xidmət operatorlarına həvalə edir.
Sammitdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi qərara əsasən, Azərbaycan ərazisindən Ermənistana tranzit yük daşımalarına qoyulan çoxillik məhdudiyyətlər ləğv olundu və tranzit üçün hər cür əlverişli şərait yaradıldı.
İki ölkə arasında ilk ticari əməliyyatlar çərçivəsində Azərbaycan tərəfindən Ermənistana buğda tranzitinin həyata keçirilməsinə şərait yaradıldı və birbaşa yanacaq-benzin tədarükü başlandı. 2026-cı ilin ilk yarısının nəticələrinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Statistika Komitəsinin hesabatlarında Ermənistan ilə ticarət əməliyyatları ilk dəfə rəsmi olaraq qeydə alındı. Yanvar-iyun aylarında Azərbaycandan Ermənistana ixracın həcmi 17,1 milyon dollar təşkil etdi.
Ötən bir il Cənubi Qafqazda ekspert və yüksək səviyyəli rəsmi heyətlərin birbaşa səfərləri ilə yadda qaldı. Münaqişə tarixindən bu yana ilk dəfə olaraq Azərbaycan Prezidentinin Köməkçisi Hikmət Hacıyevin Ermənistana rəsmi işçi səfəri baş tutdu. İrəvanda keçirilən yüksək səviyyəli diplomatik görüşlərdə sülh gündəliyinin detalları və regional təhlükəsizlik məsələləri birbaşa müzakirə edildi.
Paralel olaraq, iki ölkənin Baş nazir müavinləri - Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Delimitasiya Komissiyasının görüşləri çərçivəsində Ermənistan nümayəndə heyətinin Azərbaycanın Qəbələ şəhərinə səfəri təşkil olundu. Bu görüşlər delimitasiya prosesinin operativ şəkildə irəliləməsinə və sərhəd zonasındakı məsələlərin yerindəcə həllinə imkan yaratdı.
Bununla yanaşı, jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və analitik mərkəzlərin ekspertlərinin Bakı və İrəvana qarşılıqlı işçi səfərləri bərpa edildi. Bütün bu təmaslar cəmiyyətlərarası etimadın bərpasına ciddi təkan verdi. Ən əsası isə Vaşinqton sammitindən keçən dövrdə Azərbaycan-Ermənistan sərhədində heç bir ciddi hərbi insident və ya atəşkəs pozuntusu qeydə alınmadı.
Razılaşmanın 1 illiyi münasibətilə hər üç ölkənin rəhbərliyi tərəfindən verilən bəyanatlar əldə olunmuş irəliləyişin strateji mahiyyətini bir daha aşkar şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev çıxışlarında vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda dayanıqlı sülhün və iqtisadi tərəqqinin əsas təşəbbüskarı kimi çıxış edir: "Vaşinqtonda atılan imzalar kağız üzərində qalmadı, konkret iqtisadi və nəqliyyat layihələrinə çevrildi. Azərbaycan Cənubi Qafqazı qarşıdurma məkanından qlobal nəqliyyat qovşağına çevirməkdə qərarlıdır".
Baş nazir Nikol Paşinyan bildirdi ki, Ermənistan üçün regional blokadanın aradan qaldırılması və ticarət əlaqələrinin başlaması ölkənin iqtisadi təhlükəsizliyini yeni səviyyəyə qaldırır: "TRİPP layihəsi Ermənistanın suverenliyi çərçivəsində regional inteqrasiyanı təmin edir. Biz Bakı ilə birbaşa dialoqun, tranzit daşımaların və qarşılıqlı faydalı ticarətin tərəfdarıyıq".
Prezident Donald Tramp isə bildirib ki, Vaşinqton sammiti ABŞ xarici siyasətinin ən böyük diplomatik uğurlarından biridir: "Biz regiona müharibə və sanksiyalar deyil, investisiya və ticarət gətirdik. TRİPP marşrutu təkcə Bakı və İrəvanı deyil, bütün dünyanı bu region vasitəsilə birləşdirir."
ABŞ Milli Kəşfiyyat Direktorluğunun (ODNI) konqresə təqdim etdiyi "İllik Təhdid Qiymətləndirməsi 2026" hesabatında Cənubi Qafqazdakı proseslərə xüsusi yer ayrıldı. Hesabatda vurğulanır ki, 2025-ci il Vaşinqton sammitindən sonra Bakı və İrəvan arasında hərbi gərginlik riski kəskin şəkildə azalıb və qarşıdurma ehtimalı öz yerini institusional sülh mexanizmlərinə verib.
Kəşfiyyat analitiklərinin qənaətinə görə, birbaşa ikitərəfli dialoqun işləməsi, Hikmət Hacıyevin İrəvana və erməni rəsmilərin Qəbələyə səfərləri kimi etimadqurucu addımlar, eləcə də ticarət və tranzit əlaqələrinin başlaması regionda üçüncü dövlətlərin geostrateji təzyiq rıçaqlarını əhəmiyyətli dərəcədə zəiflədib. Tərəflər arasında yaranan qarşılıqlı iqtisadi asılılıq sülh sazişinin pozulması riskini minimuma endirən ən güclü zəmanət kimi dəyərləndirilir.
ABŞ administrasiyası TRİPP (Tramp Marşrutu) çərçivəsində dəmir yolu, avtomobil yolları və fiber xətlərinin bərpası üçün ilkin olaraq 201 milyon dollar, ümumilikdə isə 400 milyon dollara yaxın maliyyə paketinin ayrıldığını təsdiqlədi. Layihə təkcə dəmir yolu və avtomobil yolunu deyil, eyni zamanda Naxçıvana və oradan Türkiyəyə uzanacaq elektrik, fiber-optik və qaz boru xətlərini də əhatə edir.
Vaşinqton sammitindən ötən bir il Cənubi Qafqazda kağız üzərindəki bəyanatların praktiki iqtisadi və siyasi reallıqlara çevrildiyini sübut etdi. Region artıq hərbi qarşıdurma zonası kimi deyil, qlobal ticarət və logistika qovşağı kimi formalaşır.
Turqut