Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Türkiyədən husilərə qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə bilər

ABŞ Prezidenti Donald Tramp Türkiyədən Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə biləcəyini açıqlayıb.

Tramp bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidentindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana husilərə qarşı əməliyyatlara qoşulmaq təklifi ilə müraciət edib-etməyəcəyi soruşulub.

“Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan ondan xahiş etdiyim kimi davranacaq”, – Tramp bildirib.

Jurnalistlər həmçinin ABŞ liderindən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla danışıb-danışmadığını və onun hansı təkliflər irəli sürdüyünü soruşublar.

Tramp vəliəhdlə danışdığını təsdiqləsə də, söhbətin məzmununu açıqlamaqdan imtina edib.

“Bəli, danışmışam. Bunu sizə deyə bilmərəm. Doğrudanmı düşünürsünüz ki, bunu sizə açıqlaya bilərəm? Məmnuniyyətlə danışardım, amma bunu etməyəcəyəm”, – o qeyd edib.

Daha sonra Tramp “Truth Social” hesabında husilərin fəaliyyətini sərt tənqid edib.

O bildirib ki, ABŞ ötən il husilərə güclü zərbələr endirdikdən sonra onların nəticə çıxardığını düşünüb.

“Düşünürdüm ki, bir il əvvəl onları çox güclü bombardman etdiyimiz və daha sonra onların xahişi ilə hücumları dayandırdığımız zaman dərslərini alıblar. Uzun müddət səssiz qaldılar, lakin indi yenidən ortaya çıxıblar. Yəqin ki, İranın göstərişi ilə”, – Tramp yazıb.

ABŞ Prezidenti husiləri Səudiyyə Ərəbistanına hücum etməklə neft qiymətlərini süni şəkildə artırmağa çalışmaqda ittiham edib. Onun iddiasına görə, bu addımlar ABŞ-da keçiriləcək seçkilər ərəfəsində atılır.

“Kimsə onlara başa salmalıdır ki, mən seçkilərdə iştirak etmirəm. Mən artıq böyük üstünlüklə qalib gəlmişəm. Amma seçkilərdən sonra da burada olacağam və bunu heç vaxt unutmayacağam”, – Tramp vurğulayıb.