Bişkek avropalıların miqrantlarla bağlı təklifini rədd edib
14 Oktyabr 2026
Avropanın bəzi ölkələri Qırğızıstana ixtisaslı qırğızıstanlıların Avropada işə düzəldilməsi qarşılığında Əfqanıstandan və Afrika ölkələrindən miqrantları qəbul etməyi təklif edib. 24.kg Bişkekin bu şərtləri rədd etdiyini xəbər verir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev oktyabrın 13-də parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.
“Belə bir imkan varsa, qoy vətəndaşlarımız gedib işləsinlər. Amma bu şərtlərlə məqsədyönlü danışıqlar aparmayacağıq”, – Kulubayev deyib.
Nazir bu şərtləri irəli sürən Avropa ölkələrinin adlarını açıqlamayıb.
“Azattyq Asia” yazır ki, bundan əvvəl Qazaxıstan və Özbəkistanla bağlı oxşar təşəbbüslər haqda xəbərlər yayılmışdı. “Politico” diplomatik mənbələrə istinadla yazmışdı ki, Avropa İttifaqı (Aİ) bu iki ölkədə Avropada sığınacaq verilməyən miqrantlar üçün saxlama mərkəzlərinin qurulmasını nəzərdən keçirir. Miqrantları qəbul edən ölkələrə bunun qarşılığında maliyyə yardımı və ya viza güzəştləri təklif oluna bilərdi.
Qazaxıstan belə mərkəzlərlə bağlı danışıqlar apardığını rəsmən təkzib edib. Xarici İşlər Nazirliyinin təmsilçisi Astananın Aİ ilə readmissiya sazişi çərçivəsində viza rejiminin sadələşdirilməsini müzakirə etdiyini söyləyib. Rəsmiyə görə, söhbət Qazaxıstanın ölkədən qanunsuz çıxmış vətəndaşlarını geri qəbul etmək öhdəliyindən gedirdi.
Özbəkistanla bağlı ictimai açıqlamalarda isə qanuni əmək miqrasiyası, Almaniyada qalmaq hüququ olmayanların geri qaytarılmasından bəhs olunurdu. 2024-cü ilin sentyabrında miqrasiya sazişi imzalanandan sonra Almaniyanın ovaxtkı kansleri Olaf Şolts ixtisaslı işçilərin cəlbindən, geri qaytarılma prosedurlarının sadələşdirilməsindən danışmışdı.
Əfqanıstan vətəndaşlarının deportasiyası ilə bağlı danışıqlar barədə Şolts demişdi ki, tərəflər əməkdaşlıq məsələlərini məxfi müzakirə edir. Daşkəndin özbəkistanlıların işə düzəldilməsi qarşılığında üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılaşması iddiaları təsdiqlənməmişdi.