NATO Rusiyanın mümkün hücumuna cavab planını təqdim edib
14 Oktyabr 2026
NATO rəsmisi Rusiyanın ehtimal olunan hücumuna qarşı hazırlanmış cavab planını ictimaiyyətə təqdim edib. Alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin açıqladığı strategiyaya Kalininqrad vilayəti və Belarusa, eləcə də Sankt-Peterburq yaxınlığındakı strateji hədəflərə zərbələr endirmək daxildir. Bu barədə məlumatı "The Wall Street Journal" qəzeti yayıb.
Planın əsas məqsədi mümkün işğalın qarşısını elə ilkin mərhələdə almaqdır. Əgər təcavüz davam edərsə, qarşı tərəfin öz qüvvələrini idarə etmək və onlara maddi-təchizat dəstəyi vermək imkanları maksimum məhdudlaşdırılacaq.
"Münaqişənin qaçılmaz olduğunu düşünmürəm. Qətiyyən elə deyil. Amma törədilən təxribatların və qəsdən yaradılan gərginliklərin miqyasını nəzərə alsaq, zənnimcə, alyans ölkələrinin əhalisi müəyyən dərəcədə narahatdır. Alyansımızın bir milyard vətəndaşını əmin etmək istəyirəm ki, biz bunun öhdəsindən gələcəyik", —Qrinkeviç Varşava Təhlükəsizlik Forumunda bildirib.
Təqdim olunan strategiyada geniş bir "avtonom zona"nın yaradılması nəzərdə tutulur. Bu zonada dronlar və yerüstü robotlar Rusiyanın hücumunu dayandırmalıdır ki, müttəfiq qoşunlar arasında ciddi canlı qüvvə itkisi baş verməsin.
Uzaqmənzilli raketlərin isə Kalininqrad vilayətində, Sankt-Peterburq ətrafında və Belarusda yerləşən Rusiya komanda məntəqələrinə, həmçinin hava hücumundan müdafiə obyektlərinə zərbələr endirməsi planlaşdırılır.
Plana əsasən, NATO-nun hərbi hava qüvvələri döyüş meydanına doğru irəliləyən Rusiya qoşunlarına, eləcə də arxa cəbhədəki digər mühüm hədəflərə operativ zərbələr endirəcək.
"The Wall Street Journal" yazır ki, bu yanaşma "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanır. ABŞ hərbçilərinin sözlərinə görə, əsas məqsəd Rusiya prezidenti Vladimir Putini NATO-nun müdafiə qabiliyyətini yenidən qiymətləndirməyə və mümkün hücum fikrindən daşındırmağa vadar etməkdir. NATO bu strategiya çərçivəsində öz döyüş hazırlığını nümayiş etdirmək üçün mütəmadi olaraq hərbi təlimlər keçirir.