Logo
news content
User
Kateqoriyalar

Analitika

TRIPP: Sülhə aparan yol, yoxsa yeni gərginlik mənbəyi?
Ermənistan və İran arasında Amerikanın bölgədə mümkün mövcudluğu ilə bağlı hələ qarşılıqlı anlaşma yoxdur

Ermənistan tərəfinin bəyanatlarının əksinə olaraq, TRIPP layihəsi ilə bağlı Ermənistanla heç bir ilkin razılaşma əldə etməmişik. Bunu İranın general-mayoru Rəhim Səfəvi TRIPP layihəsi ətrafındakı vəziyyəti və Ermənistanla aparılan danışıqları şərh edərkən bildirib. Bu barədə “Sepah Pasdaran” teleqram kanalı məlumat yayıb.

Bu məsələ ilə bağlı nə real qarşılıqlı anlaşma, nə də ümumi bir ortaq məxrəc var. Biz qırmızı xətlərimizi Ermənistana açıq və dəqiq şəkildə çatdırmışıq. Buna görə də Ermənistan parlamentinin deputatının bəyanatı həqiqətə uyğun deyil.

Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğunun əleyhinəyiksə, Cənubi Qafqazda onların mövcudluğunu niyə dəstəkləməliyik? Biz regionu və sərhədlərimizin təhlükəsizliyini vahid şəkildə nəzərdən keçiririk. Buna görə də layihə hazırkı formatında İran üçün təhlükə yaradır.

Biz Ermənistanla danışıqları davam etdiririk. Lakin orada təhlükəsizliyə görə məsuliyyət ABŞ silahlı qüvvələrinin üzərinə qoyularsa, İran cavab tədbirləri görmək hüququnu və müvafiq addımlar atmaq imkanını özündə saxlayır.

İran-Ermənistan sərhədinə və oradan keçən marşrutlara Ermənistan sərhədçilərinin müstəqil şəkildə nəzarət etməsi daha yaxşı olardı”, – kanal general-mayor Səfəvinin sözlərindən sitat gətirir.

Xatırladaq ki, avqustun 11-də Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Sarqis Xandanyan Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşmanın əldə olunduğunu bildirib. O, bu barədə Milli Assambleyada jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İranla ABŞ arasındakı gərgin münasibətlərin bu proqramın həyata keçirilməsinə təsir göstərə biləcəyi kimisə narahat etsin”, – Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın marağı regionda mümkün qədər tez sülhün bərqərar olmasından ibarətdir.

İran-ABŞ münasibətlərinə gəlincə, əlbəttə ki, bizim marağımız sülhün mümkün qədər tez bərqərar olmasıdır. Bir neçə ay əvvəl İran və ABŞ arasında keçirilən danışıqlar və əldə olunan razılaşmalar bizi ruhlandırıb və görünür, sülh planı formalaşıb. Ümid edək ki, bu plan həyata keçiriləcək”, – Xandanyan qeyd edib.

ABŞ və İran arasındakı gərgin münasibətlər fonunda TRIPP çərçivəsində dəmir yolunun tikintisi məsələsinə toxunan Xandanyan vurğulayıb ki, dəmir yolunun tikintisi İran-ABŞ münasibətlərindən asılı deyil.

Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu araşdırılır. Tədqiqatlar və texniki yoxlamalar başa çatdıqdan sonra tikintiyə başlanacaq. Burada hər hansı siyasi maneə görmürəm”, – Xandanyan deyib.

Bəs belə bir fonda general Səfəvinin bəyanatları nə deməkdir? Belə çıxır ki, İranda mövcud rejim hakimiyyətdə qaldığı müddətdə TRIPP layihəsinin amerikalılar tərəfindən həyata keçirilməsi, sadəcə olaraq, mümkün deyil? Yəni sabah Ermənistan hər hansı Amerika şirkəti ilə razılaşsa və Araz boyunca dəmir yolunun bərpası ilə bağlı praktiki işlərə başlanılsa, bütün bu əməkdaşlar İran üçün “qanuni” hədəflərə çevriləcəklər? Və Ermənistanın sərhədyanı ərazilərinə zərbələr endirilə bilər?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, o, bu bəyanatla bağlı tələsik nəticələr çıxarmaq olmaz. “Burada Səfəvinin konkret olaraq nə dediyini çox diqqətlə oxumaq lazımdır. O, Amerika şirkətlərinin və ya amerikalı mütəxəssislərin mövcudluğuna qarşı deyil, təhlükəsizliyə görə məsuliyyətin ABŞ silahlı qüvvələrinə verilməsinə qarşı qırmızı xətt çəkir. Bunlar prinsipial olaraq fərqli məsələlərdir.

Bundan əlavə, TRIPP üzrə Ermənistan-Amerika sənədlərində gələcək model artıq kifayət qədər ətraflı təsvir olunub. Birgə TRIPP Development Company yaradılır və ehtimal olunur ki, şirkətdə Amerika tərəfinin payı 74%, Ermənistan tərəfinin payı isə 26% olacaq. Bununla belə, sənəddə açıq şəkildə qeyd olunur ki, Ermənistan öz ərazisi üzərində tam suverenliyini və yurisdiksiyasını qoruyur, fövqəladə vəziyyətlərdə Ermənistanın dövlət qurumları üstün səlahiyyətə malikdir, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə funksiyaları isə Ermənistanın məsuliyyətində qalır. Hətta özəl mühafizənin cəlb edilməsi də Ermənistan tərəfinin icazəsi və lisenziyası ilə həyata keçirilməlidir.

Buna görə də TRIPP-in İranda rejim dəyişənədək həyata keçirilməsinin mümkün olmadığı barədə tezis mənə həddindən artıq qəribə səslənir. İran, şübhəsiz ki, özünün şimal sərhədi yaxınlığında Amerika mövcudluğunu təhdid kimi qəbul edir və onu məhdudlaşdırmağa çalışacaq. Lakin dəmir yolunu tikən və ya idarə edən Amerika şirkəti ilə Amerika hərbi bazası arasında siyasi kompromis üçün kifayət qədər geniş imkanlar var. Əslində, hazırda mübarizə də Amerika mövcudluğunun xarakterinin müəyyənləşdirilməsi ətrafında gedir”, – analitik bildirib.

O, amerikalı mühəndislərin, menecerlərin və ya inşaatçıların avtomatik olaraq İran üçün “qanuni hədəflərə” çevriləcəyini düşünmür. “Səfəvinin sözlərindən belə nəticə çıxmır. Mülki şəxslər sadəcə ABŞ vətəndaşı olduqları və ya Amerika şirkətində işlədikləri üçün qanuni hərbi hədəfə çevrilmirlər. Onların nəqliyyat infrastrukturunun tikintisində iştirak etmələri bunun üçün kifayət deyil.

Lakin Tehranın siyasi mesajı həqiqətən ciddidir. İran İrəvana təxminən belə deyir: yolu tikin, kommunikasiyaları açın, Amerika biznesi ilə əməkdaşlıq edin, amma bu layihəni sərhədimizdə Amerika hərbi mövcudluğunun infrastrukturuna çevirməyin. Məhz belə bir transformasiya baş verərsə, risk səviyyəsi kəskin artacaq.

Buna görə də mən Səfəvinin bəyanatını Ermənistan ərazisinə gələcək zərbələrin elan edilməsi kimi deyil, əvvəlcədən nəyin məqbul olduğunu müəyyənləşdirməyə yönəlmiş kifayət qədər sərt cəhd kimi qəbul edərdim. İrəvan və Vaşinqtonun bu sərhədləri nə dərəcədə nəzərə almağa hazır olduğu, eləcə də indiki İranın qonşularını bu sərhədlərə riayət etməyə nə dərəcədə məcbur edə biləcəyi isə artıq daha maraqlı məsələdir”, – Vasadze yekunlaşdırıb.

Rauf Orucov