Logo
news content
User
Kateqoriyalar

Analitika

Tramp İranla müharibəni uduzub?
“ABŞ Prezidentinin Tehrana təzyiq üçün yeni imkanları qalmayıb”

ABŞ Prezidenti Donald Tramp artıq İranla müharibəyə nəzarət etmir. Bu barədə The New York Times qəzeti yazır.

Qəzetin qeyd etdiyinə görə, aylarla davam edən müharibə və sonradan imzalanan atəşkəs memorandumu ABŞ-ın əvvəlcədən bəyan etdiyi iddialı məqsədlərə nail ola bilməyib və Vaşinqtonun çəkindirici potensialını zəiflədib. Müəlliflər bildirirlər ki, müharibə İran tərəfindən qaynaqlanan “əsas təhdidləri” aradan qaldıra bilməyib. Nüvə proqramına ciddi zərbə vurulsa da, o tamamilə məhv edilməyib. İranın raket proqramı məhdudlaşdırılmayıb, Tehrandakı rejim hakimiyyətdə qalıb, “Hizbullah” kimi proksi qüvvələr isə hələ də təhlükə mənbəyi olaraq qalır.

Şərhçilər əldə olunan razılaşmaları “boş söz” adlandıraraq bildirirlər ki, bunlar ABŞ-ın hərbi üstünlüyü nəticəsində deyil, “Amerikanın öz gücünü həddindən artıq qiymətləndirməsi, münaqişəni başa çatdıra bilməməsi və daha da gərginləşməsini istəməməsi” səbəbindən meydana gəlib. Qəzetin redaksiya məqaləsində hətta “Prezident Tramp bu müharibəni uduzub” ifadəsi də yer alıb. Məqalədə vurğulanır ki, Tramp “qanuna açıq şəkildə məhəl qoymadan düşüncəsiz hərəkət edib” və bunun nəticəsində ABŞ hərbi, diplomatik və iqtisadi baxımdan zəifləyib.

CNN isə öz növbəsində bildirir ki, ABŞ-ın İrana təzyiqi artırmaq üçün yeni ideyaları tükənmək üzrədir. Belə ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hərbi analitiklərdən bu istiqamətdə yeni təkliflər hazırlamağı istəyib.

Telekanalın məlumatına görə, CENTCOM-un yüksək vəzifəli kəşfiyyat zabiti bir qrup hərbi analitikə elektron məktub göndərərək onlardan “İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni, yaradıcı və qeyri-ənənəvi üsullar” təklif etmələrini xahiş edib.

Hərbi rəsmilər bildiriblər ki, elektron poçt vasitəsilə belə bir “beyin həmləsi”nin təşkili Pentaqon üçün olduqca qeyri-adi haldır. Bu isə ənənəvi təsir vasitələrinin, o cümlədən hava zərbələrinin ya artıq tükəndiyini, ya da siyasi baxımdan qəbuledilməz hesab edildiyini göstərən əlamət kimi qiymətləndirilir.

Bu müraciətdən qısa müddət sonra Prezident Donald Tramp İrana planlaşdırılan genişmiqyaslı zərbəni ləğv etdiyini açıqlayıb və avqustun 3-də danışıqlara başlamaq niyyətində olduğunu bəyan edib. Bu addım da yeni yanaşmaların axtarılması məntiqinə uyğun gəlir.

Məlumata görə, hazırda müxtəlif ssenarilər nəzərdən keçirilir. Bunlar arasında hava kampaniyasının genişləndirilməsi ilə yanaşı, diplomatik nizamlanma variantı da var. Lakin Trampın müşavirləri xəbərdarlıq edirlər ki, münaqişənin daha da eskalasiyası mülki əhali arasında böyük itkilərə və ABŞ-ın raketdən müdafiə sistemləri üçün nəzərdə tutulmuş raket ehtiyatlarının sürətlə tükənməsinə səbəb ola bilər.

Bütün bunlar nə deməkdir? ABŞ çıxılmaz vəziyyətə düşüb? Tramp İranla bağlı bundan sonra nə edəcəyini bilmir? Bu vəziyyətin səbəbi nədir? Bəlkə Vaşinqton öz qüvvəsinə həddindən artıq inanıb, İranla müharibəyə lazımi səviyyədə hazırlaşmayıb, rəqibin real resurs və imkanlarını kifayət qədər qiymətləndirməyib?

Pressklub.az-ın suallarını tanınmış şərqşünas, NEST Centre-in eksperti Ruslan Süleymanov cavablandırıb.

Onun sözlərinə görə, Donald Trampın İranla bağlı aydın strategiyası yoxdur. “Bu, təkcə İran məsələsinə aid deyil. Qrenlandiyanı götürün, Ukraynanı götürün. Heç kim Trampın strategiyasının nədən ibarət olduğunu anlamır. O, İran məsələsində tamamilə ardıcıl olmayan siyasət yürüdür. Məncə, hamıya aydındır ki, bu il fevralın 28-də həyata keçirmək istədiyi plan baş tutmadı. Həmin plan həyat qabiliyyətli olmadı. Tehrandakı hakimiyyəti dəyişmək mümkün olmadı. Güc yolu ilə nə İranın nüvə proqramı, nə də raket proqramı ilə bağlı problemi həll etmək mümkün oldu.

Hazırda Trampın bunun əvəzinə nə təklif edəcəyi və yeni strategiyasının nədən ibarət olacağı barədə aydın təsəvvürü yoxdur. Hələlik o və müşavirləri İslam Respublikasına hərbi təzyiq göstərməkdən, yəni bombardmanlardan başqa daha yaxşı variant tapmayıblar.

Öz növbəsində İran rəhbərliyi buna hazırdır. Onlar uzunmüddətli müharibəyə və tükəndirmə savaşına hazır olduqlarını göstərirlər. Əslində, biz bunu aprelin 8-dən bəri müşahidə edirik. Həmin vaxt iki həftəlik atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdu. O vaxtdan etibarən mahiyyət etibarilə heç nə dəyişməyib. Atəşlər davam edir, eyni zamanda hansısa razılaşma əldə etmək cəhdləri də sürür”, – ekspert xatırladıb.

Onun sözlərinə görə, iyunun 18-də tərəflər qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Bu, tamhüquqlu saziş deyil, sadəcə memorandumdur və biz görürük ki, ona əməl edilmir. Üstəlik, sənəd elə tərtib olunub ki, onu müxtəlif cür şərh etmək mümkündür. Məsələn, beşinci bənddə deyilir ki, İran hakimiyyəti Hörmüz boğazında gəmiçilik məsələsi ilə bağlı qonşu Oman Sultanlığı ilə məsləhətləşmələr aparmağı öhdəsinə götürür. Bu müddəanı istənilən şəkildə yozmaq olar.

İran bunu belə başa düşür ki, istənilən vaxt Hörmüz boğazını bağlaya və ya aça bilər. Amerikalılar isə bununla qətiyyən razı deyillər. Buna görə də Trampın hazırda nə istədiyini – Tehrana güc yolu ilə təsir göstərmək, yoxsa güzəştlər hesabına razılaşmaya nail olmaq niyyətində olduğunu anlamadan heç kim “Bundan sonra nə olacaq?” sualına cavab verə bilməz.

Hadisələrin perspektivi və inkişaf ssenarisi necə olacaq? Apreldən bəri davam edən indiki vəziyyət Trampın prezidentlik müddəti başa çatanadək də uzana bilər. Hələlik Trampın komandası hərbi təzyiqdən başqa yeni bir yanaşma ortaya qoya bilməyib”, – Süleymanov bildirib.

Rauf Orucov