Logo
news content
User
Kateqoriyalar

Analitika

Tehranın Azırbaycana qarşı media savaşı: “Niyə?” sualı açıq qalır...
Ekspert: Bu, onların bizimlə “qonşuluq” münasibətlərini necə gördüklərinə dair açıq mesajdır

Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) İranın AzTV-ni “düşmən media” siyahısına daxil etməsindən sonra bəyanat yayıb.

Qurum bildirib ki, İranın Kəşfiyyat Nazirliyinin bir sıra xarici media qurumlarını, o cümlədən AzTV-ni “düşmən media” siyahısına daxil etməsi və onlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi təəccüb doğurur.

Bəyanatda vurğulanır ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin qorunmasına sadiqdir, lakin eyni zamanda qarşılıqlılıq prinsipini rəhbər tutur. “Media haqqında” Qanunun 11.4-cü maddəsinə əsasən, əgər hər hansı xarici dövlət Azərbaycanın Media Reyestrinə daxil edilmiş jurnalistlərə qarşı xüsusi məhdudiyyətlər tətbiq edərsə, həmin dövlətin jurnalistlərinə qarşı da Azərbaycan ərazisində analoji tədbirlər görülə bilər.

Qanunun tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Agentlik İranın “Səhər” televiziya kanalının, “Mehr” informasiya agentliyinin və onların nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyətinin qanunsuz hesab olunduğunu bəyan edib. Qurum qeyd edib ki, bu media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin suverenliyinə, konstitusiya quruluşuna, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı təbliğat aparırlar.

Agentlik həmçinin bütün Azərbaycan media qurumlarını və jurnalistləri adıçəkilən İran KİV-ləri və onların nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırıb. Bəyanatda vurğulanıb ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında qurulmalıdır.

Şübhəsiz ki, Tehranın belə bir qərar verməsinin səbəbi maraq doğurur. İranın Kəşfiyyat Nazirliyini dövlət televiziyası AzTV-ni “düşmənlər” siyahısına daxil etməyə nə vadar edib? Məgər Tehranda bu addımın mütləq Bakının reaksiyasına səbəb olacağını anlamır? İran onsuz da kifayət qədər mürəkkəb vəziyyətdədir. Belə bir dövrdə niyə özünə əlavə düşmənlər qazandırmağa çalışır? Bu rejim bununla hansı məqsədi güdür?

Pressklub.az-ın suallarını müstəqil analitik Rəşad Rzaquliyev cavablandırıb.

O, baş verənləri Azərbaycan-İran münasibətlərində növbəti xoşagəlməz hadisə kimi qiymətləndirib.

Cənub qonşumuzun bu cür qeyri-dost addımları artıq heç kimi təəccübləndirmir. Mövcud vəziyyətlə bağlı bir neçə mühüm məqamı nəzərə almalıyıq.

Birincisi, İran hazırda bir mərkəzdən idarə edilməyən hakimiyyət sistemi şəraitində fəaliyyət göstərir. Ali dini liderin faktiki yoxluğu fonunda ölkədə real hakimiyyət ayrı-ayrı rəqabət aparan siyasi qrupların əlində cəmlənib. Bu prosesdə güc strukturları, xüsusilə də SEPAH mühüm rol oynayır. Əgər dünyəvi hakimiyyət – prezident Pezeşkian və onun administrasiyası Azərbaycanı dost və qardaş ölkə kimi görürsə, güc strukturları tam əks mövqedən çıxış edirlər. Təəssüf ki, hazırda həlledici söz də məhz onlara məxsusdur. İranın Kəşfiyyat Nazirliyinin son qərarı biz azərbaycanlılara onların bizimlə “qonşuluq” münasibətlərini necə gördüklərinə dair açıq mesajdır. Regionda geosiyasi qarşıdurmanın indiki mərhələsində onlar bizi düşmən hesab edirlər.

İkincisi, nəzərə almalıyıq ki, Yaxın Şərqdə sürətlə genişlənən eskalasiya zənciri Türkiyənin və xüsusilə də Azərbaycanın etibarlı hərbi-siyasi müttəfiqi olan Pakistanın rolunu artırır. Artıq bu gün Pakistan iki ölkə arasında müdafiə sazişinə uyğun olaraq Səudiyyə Ərəbistanında hərbi qüvvələr yerləşdirir. Düşünürəm ki, yaxın gələcəkdə Fars körfəzi monarxiyaları da regionun ən böyük müasir ordusuna və nüvə silahına malik Pakistan İslam Respublikasının təhlükəsizlik çətiri altına keçəcəklər”, – ekspert bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında müharibə artıq hipotetik ssenari deyil.

Bu, İran İslam Respublikası üçün ciddi geosiyasi çağırışdır. Şiə İranı ilə sünni Pakistan arasında müharibə ehtimalı artıq İslam dünyasının tarixində ən böyük hərbi-siyasi qarşıdurmalardan birinin konturlarını cızır. Bu isə ayrıca və geniş müzakirə mövzusudur. Əgər nəzərə alsaq ki, Yaxın Şərqin geosiyasi şahmat taxtasında ABŞ-İsrail tandemi kimi güclü bir qüvvə də var və hər iki dövlət Azərbaycanın dostu, İranın isə rəqibidir, onda mənzərə daha da aydınlaşır. Bu geosiyasi qarşıdurmanın dalğa effekti sivilizasiyalararası münaqişə zonasına düşən hər kəsə eyni prinsip üzrə təsir göstərir: “Düşmənimin dostu mənim düşmənimdir”.

Üçüncüsü, anlamalıyıq ki, gec-tez Yaxın Şərqdə vəziyyət qanlı quru müharibələri mərhələsinə keçə bilər. Unutmamalıyıq ki, xalqımızın bir hissəsi hələ də farsların hakimiyyəti altında yaşayır. İran azərbaycanlıları bu gün can verən İran rejiminin bu və ya digər formada girovuna çevrilə bilərlər. Buna görə də yalnız təmkin, müdrik siyasət və Azərbaycan dövlətinin ləyaqətli mövqeyi Yaxın Şərqin şimal sərhədində sülhün qorunmasına imkan verə bilər. Ümid edək ki, ən yaxşı ssenari baş verəcək”, – Rzaquliyev vurğulayıb.

Rauf Orucov