Sülh gündəliyinə qarşı köhnə ritorika: Ermənistanda arzuolunmaz tendensiya güclənir
Siyasi qarşıdurma dərinləşir və köhnə qüvvələr yenidən fəallaşır
23 Sentyabr 2026
Qarabağda orta əsrlərə aid alban kilsə kompleksinin mənsubiyyəti ilə bağlı insidentdən sonra Ermənistanda müxalif qüvvələrin nümayəndələrinin dilindən səslənən anti-Azərbaycan və hakimiyyət əleyhinə çıxışlar güclənib.
Bu baxımdan Ermənistan Milli Konqresinin (keçmiş prezident Levon Ter-Petrosyanın partiyası) sədr müavini Levon Zurabyanın sentyabrın 21-də jurnalistlər qarşısında səsləndirdiyi fikirlər diqqət çəkib. Onun sözlərinə görə, “Ermənistanın hazırkı hakimiyyəti müstəqil dövlətçilik üçün bir nömrəli təhdiddir”. Zurabyan bunu Ermənistanın 35 illik müstəqillik yoluna yekun vurarkən deyib.
“Bu gün Ermənistanın dövlət müstəqilliyinin ildönümü böyük təmtəraqla qeyd olunacaq. Artıq bildiyiniz kimi, Respublika meydanı bağlanıb, ciddi tədbirlər keçirilir. Amma bütün bunlar formallıqdır. Çünki dövlətimizin real müstəqilliyini qiymətləndirsək, görərik ki, ona indiki hakimiyyət qədər böyük zərbə vuran olmayıb. Müstəqilliyimizin əsas nailiyyətlərini məhz onlar puça çıxarıblar. Yaşamaq qabiliyyətli dövlət, qalib dövlət, azad edilmiş Qarabağ – bütün bunlar onların yürütdüyü siyasət nəticəsində məhv edilib. Bu gün Ermənistanda xaricdən idarə olunan rejim mövcuddur, bu gün xarici siyasətimizin bütün mühüm qərarlarını Azərbaycan diktə edir”, – Zurabyan bildirib.
Onun iddiasına görə, bu gün təkcə Ermənistanın xarici siyasəti Azərbaycanın nəzarəti altında deyil, hətta ölkənin daxilinə də Azərbaycanın daxili qaydaları nüfuz etməyə başlayıb.
“Azərbaycanın göstərişi ilə Nikol Paşinyan hökuməti hər şeyə qarşı hücuma keçib – Müstəqillik Bəyannaməmizə, dəyərlərimizə, qələbələrimizə, kimliyimizə, Erməni Apostol Kilsəsinə, yəni 1700 il ərzində kimliyimizi qoruyub saxlayan instituta qarşı. Siyasi opponentlərə qarşı Konstitusiya və qanunlar pozulmaqla repressiyalar həyata keçirilir. Bütün bunların əsas sifarişçisi Azərbaycandır, müstəqilliyimiz isə faktiki olaraq ikinci plana keçib”, – müxalifətçi bildirir.
Onun qiymətləndirməsinə görə, hazırkı hakimiyyət öz uğursuzluqlarında müstəqillik illərində əldə olunmuş dəyərləri, məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsini günahlandırır və hesab edir ki, bu sənəd regionda münaqişə yaradır. “Onlar unudurlar ki, Müstəqillik Bəyannaməsi münaqişə başlayandan sonra qəbul edilib. Bunu unudurlar, üstəlik, həmin sənədi gözdən salırlar”, – Ermənistan Milli Konqresinin sədr müavini vurğulayıb.
O, hakimiyyətin Avropa İttifaqına üzvlük üçün müraciət edilməsi ilə bağlı bəyanatına da toxunaraq qeyd edib ki, Ermənistan Nazirlər Kabineti bu prosesə heç bir şəkildə hazırlaşmayıb. Çünki enerji, hərbi və ərzaq təhlükəsizliyi sahələrində heç bir hesablamalar və əsaslandırmalar təqdim olunmayıb. Üstəlik, Aİ-nin özünün Cənubi Qafqaz istiqamətində genişlənmə proqramı yoxdur.
“Deməli, 60 min vətəndaşın müraciəti əsasında qəbul edilmiş bu qərar Aİİ-də iqtisadi münasibətlərin və mövqelərin zəifləməsindən başqa heç bir əhəmiyyətli nəticə verməyib. Eyni vəziyyət TRIPP layihəsi ilə bağlı da yaşanır. Bu layihə konkret dövlətlərin – Azərbaycanın, Türkiyənin, Aİ-nin, ABŞ-ın, İsrailin və digərlərinin maraqlarına xidmət edən birtərəfli geosiyasi layihəyə çevrilib. Sözügedən layihə Rusiya, Çin və İran üçün düşmən xarakterli layihə kimi qəbul olunur”, – Levon Zurabyan vurğulayıb.
Ermənistan Milli Konqresinin sədr müavininin sözlərinə görə, belə getsə, Ermənistanın həyat fəaliyyətinin bütün strateji istiqamətləri Azərbaycanın nəzarəti altına düşəcək. Məhz buna görə Ermənistan Milli Konqresi Paşinyanın “Ermənistana qarşı proksi-müharibənin başlanması risklərini daşıyan” blok siyasətindən imtina etməyi təklif edir.
Bazar ertəsi Ermənistan mediasının xəbər lentləri buna bənzər bəyanatlarla dolu olub. Yəni ittihamların hədəfində həm Azərbaycan, həm də Paşinyan hakimiyyəti dayanır. Bu hücumlar praktikada arzuolunmaz nəticələrə gətirib çıxara bilərmi? Onlar rəsmi Bakı ilə İrəvan arasındakı təmasların birbaşa moderatoru rolunu itirməsindən narazı olan imperiyaçı Rusiyanın maraqlarına xidmət etmirmi? Tərəflər bu vəziyyətin öhdəsindən gələ və münasibətləri heç olmasa Gəncəsər monastırı ətrafında qaldırılan hay-küydən əvvəlki vəziyyətə qaytara biləcəklərmi?
Məsələ ilə bağlı Pressklub.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, burada fövqəladə və təəccüblü heç nə yoxdur.

“Ermənistan siyasi elitasının əhəmiyyətli bir hissəsi (“elita” anlayışını geniş mənada götürsək və nəzərə alsaq ki, bu insanların hamısı nə vaxtsa hakimiyyətdə olub və ya hakimiyyətlə əlaqəli olublar) bu cür təsəvvürlərə malikdir. İllərlə Azərbaycan ərazilərinin ilhaqı və işğalı siyasətini həyata keçirmiş Ermənistanın keçmiş rəhbərlərinin belə bəyanatlarla çıxış etməsi təəccüblü deyil. Çox təəssüf ki, Ermənistan hakimiyyəti müəyyən dərəcədə bu əhval-ruhiyyə ilə oynayır.
Müəyyən məqamlarda onların təsiri altına düşür, bəzi hallarda özləri də barışmaz mövqe tutan şəxslərin baxışlarına rəğbət bəsləyir və ya daxilən həmin mövqeləri bölüşürlər. Buna görə də bu vəziyyət təəccüblü deyil: onların simasında və bəyanatlarında işğalın, eləcə də Ermənistanın Azərbaycan ərazilərinə iddialarının mənəvi və ideoloji mənbəyi görünür.
Məsələ başqadır – bu gün Ermənistan cəmiyyətində transformasiya müşahidə olunur. Əgər bu transformasiya davam edərsə, daxili siyasi diskurs formalaşarsa, tarix tənqidi şəkildə yenidən dəyərləndirilərsə və baş verənlərə daha ayıq baxış yaranarsa, o zaman sülh gündəliyi təkcə institusional müstəvidə deyil, insanların düşüncəsində də real şəkildə kök sala bilər. Əlbəttə, bunun üçün vaxt lazımdır”, – analitik izah edib.
O davam edib ki, heç kim sürətli dəyişikliklər, xüsusilə də bu insanların davranış psixologiyasında tezliklə dönüş olacağını proqnozlaşdırmayıb.
“Ter-Petrosyanı, onun silahdaşlarını və keçmiş Qarabağ klanının nümayəndələrini nəzərə almasaq (onlarla bağlı hər şey aydındır, onların yeri tarixin zibilliyidir və çətin ki, dəyişsinlər) söhbət müəyyən nəticələr çıxarmalı olan gənc, yetişməkdə olan erməni siyasətçilər nəslindən gedir.
Diplomatik korpus nümayəndələrinin Gəncəsər monastırına və digər alban ziyarətgahlarına səfərinə reaksiyaya gəlincə, burada da hər şey aydındır. Azərbaycan tərəfi “it hürər, karvan keçər” prinsipi ilə hərəkət etməkdə israrlıdır. Amma burada bu prosesi izləyən xarici müşahidəçiləri – digər ölkələrin nümayəndələrini də nəzərə almaq lazımdır.
Sadəcə öz işini görmək, qalan bütün müzakirələri isə ekspert debatları və qiymətləndirmələri müstəvisinə keçirmək lazımdır. Tarix siyasətin alətinə çevriləndə, bir qayda olaraq, bundan yaxşı heç nə alınmır. Buna görə də Ermənistanın siyasi rəhbərliyi, sözlə dedikləri kimi, sülh prosesini davam etdirmək üçün özündə iradə tapsa, növbəti mərhələdə tarixçilər arasında müzakirələr təşkil etmək olar. Bu dialoqlar uzunmüddətli xarakter daşıya bilər, amma proses tam siyasiləşdirilmədən yalnız ekspert çərçivəsində qalmalıdır”, – Vəlizadə hesab edir.
Rauf Orucov