Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq?
13 Oktyabr 2026
Azərbaycanda hicab ətrafında yaranmış mübahisəni yalnız dini azadlıqlar və dünyəvi dövlət prinsipi arasındakı ziddiyyət kimi qiymətləndirmək kifayət deyil. Məsələnin regional geosiyasi rəqabətlə əlaqəli olması ehtimalı da diqqətdən kənarda qalmamalıdır.
İranın hicab məsələsində Azərbaycana təsir imkanları bəzən olduğundan böyük göstərilir. Halbuki İranın özündə məcburi hicab siyasətinə qarşı dəfələrlə kütləvi etirazlar baş verib. Cəmiyyətin əhəmiyyətli hissəsinin bu siyasəti qəbul etmədiyi bir şəraitdə Tehranın Azərbaycanda hicabın müdafiəçisi kimi çıxış etməsi onun bu məsələdəki mövqeyinin səmimiyyətini, inandırıcılığını və etibarını zəiflədir. Lakin bu, İranın həmin mövzudan siyasi təzyiq vasitəsi heç kimi istifadə edə bilməyəcəyi anlamına da gəlməz. Yəni, İran hicab məsələsi ilə bağlı Azərbaycanın daxilində müəyyən narahatlıq yarada bilər, dəyişmə isə əlbəttə, yarada bilməz.
Türkiyənin də bu məsələdə təsir imkanlarını şişirtmək doğru olmaz. Türkiyə öz daxilində hicab məsələsini müəyyən dərəcədə siyasi və hüquqi müstəvidə həll etməyə çalışsa da, xaricdə eyni təsir gücünü nümayiş etdirə bilməyib. Gürcüstanın Borçalı bölgəsində yaşayan azərbaycanlılar arasında İranın dini təsir imkanlarının mövcudluğu (həm də Ermənistanı Gürcüstana bağlayan kiçik bir zolaqda) və Türkiyənin öz qulağının dibində bunu neytrallaşdıra bilməməsi həmin məhdudiyyətlərə bariz bir nümunə kimi göstərilə bilər.
Hadisənin daha mühüm tərəfi Yəməndə baş verənlərlə bağlı ola bilər. Türkiyənin Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığının genişlənməsi və İranın dəstəklədiyi husilərə qarşı mövqeyinin sərtləşməsi Suriyadan çəkilməyə məcbur edilən Tehranın regional maraqlarına toxunur. Belə bir şəraitdə Azərbaycanda hicab mövzusunun qabardılması Ankaraya dolayı siyasi mesaj kimi nəzərdən keçirilə bilər.
Bu ehtimala görə, İranın əsas məqsədi Azərbaycanda hicabı müdafiə etməkdən daha çox, Türkiyəyə onun regional fəaliyyətinin başqa coğrafiyalarda da siyasi nəticələr doğura biləcəyini göstərməkdir. Başqa sözlə, Bakı üzərindən Ankaraya “Yəmən məsələsində iştirakını genişləndirmə” mesajının verilməsi mümkün geosiyasi izahlardan biridir.
Bununla belə, Türkiyənin Yəmən siyasəti ilə İrandan Azərbaycana yönələn təzyiqlər arasında birbaşa səbəb-nəticə əlaqəsi hələ sübuta yetirilməyib. Bu əlaqənin təsdiqi üçün hadisələrin xronologiyası və Tehranın konkret siyasi addımları ayrıca araşdırılmalıdır.
Nəticə etibarilə, Azərbaycandakı hicab mübahisəsinin görünən tərəfi dini azadlıqlar və sekulyarlıq, mümkün görünməyən tərəfi isə İran–Türkiyə regional rəqabətidir. Azərbaycan üçün əsas təhlükə hicabın özü deyil, daxili ictimai həssaslığın xarici dövlətlər arasında geosiyasi təzyiq vasitəsinə çevrilməsidir.
Nəticə:
- Türkiyə Azərbaycanla əlaqələrini əvvəlki kimi milli məsələ üzərindən dərinləşdirmə yoluna davam etməlidir, məhz milli kimlik üzərindən ikitərəfli əlaqələri və TDT-ni gücləndirməyə çalışmalıdır. Dini mövzuya qətiyyən müdaxilə etməməlidir. Bu, İranın, hətta Rusiyanın əlini gücləndirər və Türküstan cümhuriyyətlərini ürküdə bilər.
- Azərbaycan və Türkiyə qarşılıqlı olaraq böyükelçiliklərin fəaliyyətinə ayrıca diqqət yetirməli, bir-birlərinə təcrübəli diplomatlar göndərməlidir. İndiyə qədər “qardaş ölkə” anlayışı ilə hərəkət edilib, kim gəldi elçi göndərilib və bu zaman-zaman iki ölkə arasında soyuqluğun yaranmasına səbəb olub.
- Hadisələr göstərir ki, Türkiyə və Azərbaycan güvənlik təşkilatlarının daha sıx əməkdaşlıq şəraitində çalışmasına ciddi ehtiyac var. İranın agent şəbəkəsi Azərbaycanda nə qədər aktivdirsə, Türkiyədə iki qat artıq aktivdir.
- Türkiyə və Azərbaycanda siyasilər dinə aid mübahisələrdən qəti şəkildə uzaq dayanmalıdır. Siyasətin və diplomatiyanın işi belə məqamlarda konsensus və çözüm yolları aramaq olmalıdır.
- Qafqaz Müsəlmanlar İdarəsi hicab məsələsində aktiv aktor olmalıdır və məhz bu qurum onsuz da sorunları çox olan Azərbaycan toplumunun bir də hicab məsələsi ilə bağlı gərilməsinin önünə keçməlidir.