Ukraynanı satmaq neçəyədir?
Ekspert: NATO ölkələri ABŞ-ın təminatının nə olduğunu gördülər
13 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin beynəlxalq aləmdə ciddi qalmaqala və Vaşinqtonla Kiyev arasında münasibətlərin gərginləşməsinə səbəb olan misli görünməmiş “dizel sazişi” bağlayıblar. Razılaşma Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükünə qoyulan məhdudiyyətlərin 2027-ci il aprelin 7-dək aradan qaldırılmasını nəzərdə tutur.
Rusiya dərhal 300 min tondan çox dizel yanacağı tədarük etməyi öhdəsinə götürüb. Noyabrda daha 500 min ton, bundan sonra isə 1 milyon ton yanacağın tədarükü planlaşdırılır. Ümumi həcmin 3 milyon tona çatdırılması mümkündür.
ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya dizel yanacağını müvəqqəti olaraq sanksiyalardan azad edib. Onun satışına, daşınmasına, o cümlədən sanksiya tətbiq edilmiş tankerlərdən istifadə edilməsinə, sığortalanmasına və çatdırılmasına icazə verilib.
Amerika mediasının məlumatına görə, Tramp bu addımı guya ABŞ daxilində yanacağın qiymətini aşağı salmaq və amerikalı fermerlərə kömək etmək məqsədilə atıb. Guya ki, qərar Kiyevin ABŞ-ın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq barədə altı rəsmi müraciətinə məhəl qoymamasından sonra qəbul edilib. İddiaya görə, həmin zərbələr amerikalı istehlakçılar üçün yanacağın qiymətinə birbaşa təsir göstərib.
Ukrayna və ABŞ nümayəndə heyətlərinin Mayamidə keçirdiyi danışıqlar zamanı Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevdən Rusiya neft emalı zavodlarına hücumları dayandırmağı tələb ediblər. Əks halda, Ukraynaya ABŞ kəşfiyyat məlumatlarının ötürülməsinin tamamilə dayandırılacağı ilə hədələyiblər.
Kiyevin razılaşmanı tənqid etməsindən sonra Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərt hücum edərək, “Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb” deyib. O, Ukrayna liderini münaqişəni başa çatdırmaq istəməməkdə və sülh sazişi bağlamaq üçün əldən verilmiş imkanlarda ittiham edib.
Volodimir Zelenski Trampın qərarını “aşkar zəiflik” əlaməti adlandırıb. Onun sözlərinə görə, sanksiyaların ləğvi Moskvaya Ukraynaya qarşı təcavüzünü davam etdirmək üçün böyük maliyyə vəsaiti qazandırır. Zelenski razılaşmanı qətiyyətlə pisləyərək, sanksiyaların aradan qaldırılmasını “Putinə hədiyyə” adlandırıb. Kiyev vurğulayıb ki, Moskva dizel satışından əldə edəcəyi milyardlarla dolları hərbi əməliyyatları davam etdirmək üçün istifadə edəcək.
Kiyevdəki mənbələr bildirirlər ki, Ukrayna zərbələri dayandırmaq niyyətində deyil: “Onların neft emalı zavodlarını yandıracağıq”. Ukraynalı siyasətçilər Mayamidəki danışıqları ABŞ-ın Kreml ilə ayrıca danışıqlar apardığı “pərdə” adlandırıblar.
Rusiyanın Zaporojye və Kiyevə endirdiyi yeni, kütləvi zərbələr nəticəsində vəziyyət daha da ağırlaşıb. Hücumlar çoxlu sayda mülki şəxsin həlak olmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Zelenski vurğulayıb ki, bu hücumlar Rusiyanın dizel yanacağına tətbiq edilən sanksiyaların ləğvinə “təşəkkürüdür”.
Kreml razılaşmaya operativ reaksiya verərək, Rusiya bazarını Ukraynanın neft emalı zavodlarına hücumlarından qorumaq məqsədilə 2026-cı ilin iyulunda tətbiq edilmiş dizel yanacağının ixracına daxili qadağanı vaxtından əvvəl ləğv edib.
Bununla yanaşı, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Trampla telefon danışığı zamanı yanacaqla bağlı razılaşmalardan asılı olmayaraq, bütün məqsədlərə tam nail olunana qədər hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib.
ABŞ daxilində bu qərar parçalanmaya səbəb olub. Demokratlar və respublikaçıların bir hissəsi razılaşmanı “rüsvayçı” adlandıraraq, Trampı Kremlin hərbi maşınını birbaşa maliyyələşdirməkdə ittiham ediblər.
Almaniya hökuməti Trampın addımlarına kəskin etirazını bildirib. Rəsmi Berlin bəyan edib ki, ABŞ-ın mövqeyinə baxmayaraq, Ukraynaya dəstək məqsədilə Rusiya əleyhinə Aİ-nin yeni, sərt sanksiyalarının tətbiqinə nail olmaq üçün Avropadakı tərəfdaşları ilə birlikdə çalışacaq.
Bu hadisələr bir sıra suallar doğurur.
Vaşinqtonla Moskva arasında əldə olunan razılaşma transatlantik koalisiyanın birliyinə necə təsir göstərəcək? Xüsusilə Almaniya hökumətinin kəskin etirazını və Aİ-nin ABŞ-ın mövqeyinə zidd olaraq yeni sanksiyalar tətbiq etdiyini nəzərə alsaq, bu fikir ayrılığı hansı nəticələrə gətirib çıxara bilər?
Donald Trampın Ukrayna rəhbərliyinin dəyişdirilməsinə dair açıq çağırışları hansı nəticələr doğuracaq?
Trampın daxili iqtisadi məqsədləri (yanacağın qiymətini azaltmaq və fermerlərə kömək etmək) Moskvanın dizel yanacağının ixracından əldə edəcəyi gəlirlərlə nə dərəcədə müqayisə oluna bilər?
ABŞ-ın sanksiya tətbiq edilmiş tankerlərlə yanacağın satışına, sığortalanmasına və daşınmasına icazə verməsi qlobal məhdudiyyətlər sistemində hansı presedent yaradır?
Yuri Uşakovun Rusiyanın bütün məqsədlərinə nail olana qədər hərbi əməliyyatları davam etdirəcəyi barədə bəyanatını və bundan sonra Zaporojye ilə Kiyevə endirilən kütləvi zərbələri nəzərə alsaq, ABŞ-ın güzəştləri gərginliyin arzuolunan səviyyədə azalmasına gətirib çıxardımı?
Ukrayna tərəfinin dizel yanacağına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının Rusiyaya hərbi əməliyyatları davam etdirmək üçün milyardlarla dollar qazandıracağı barədə proqnozu nə dərəcədə əsaslıdır?
Demokratların və respublikaçıların bir hissəsinin razılaşmanı kəskin tənqid etməsi Tramp administrasiyasının 2027-ci ilə qədər bu siyasəti davam etdirmək imkanına necə təsir göstərə bilər?
Trampın Volodimir Zelenskiyə qarşı açıq ittihamları Ukraynanın daxili sabitliyində hansı nəticələrə gətirib çıxara bilər?
Pressklub.az-ın suallarını tanınmış ukraynalı analitik, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Petro Oleşçuk cavablandırıb.

Onun sözlərinə görə, əslində, bir məqamı etiraf etmək lazımdır və bütün ekspertlər də bunu qəbul edirlər: Trampın Putinlə dizel yanacağının tədarükü barədə razılaşması qlobal bazara ciddi təsir göstərməyəcək. “Yəni açıqlanan həcmlər həddindən artıq azdır və hazırkı yanacaq böhranının əsas səbəbini nəzərə almır. Bu böhran Trampın İrana qarşı müharibədə atdığı addımlarla bağlıdır. Başqa sözlə, Tramp dünya neft və neft məhsulları bazarını özü dağıdıb, indi isə bütün məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışır. Yəqin ki, bu cür razılaşmaların əsas məqsədi də elə budur.
Birincisi, Tramp siyasi texnologiya məqsədləri güdür. O, ABŞ-da dizel yanacağının və ümumilikdə yanacağın qiymətinin artmasından narazı olan seçicilərə bunun guya “pis Ukrayna” ilə bağlı olduğunu söyləyir. Ukrayna nankordur, Rusiyanın neft emalı zavodlarına zərbələr endirir və buna görə də qiymətlər artır. Ancaq Donald Tramp bütün problemləri həll edir – o, Putinlə birbaşa razılığa gəlib.
Guya indi ABŞ Rusiyanın “dizel yanacağı dənizində üzəcək”. Əslində, belə olmayacaq. Lakin Tramp üçün burada əsas məsələ Konqresə qarşıdan gələn seçkilər ərəfəsində seçicilər arasında vəziyyəti düzəltməyə çalışmaqdır. Çox böyük ehtimal var ki, Tramp və onun Respublikaçılar Partiyası bu seçkiləri uduzacaq. Tramp hesab edir ki, böyük həcmdə Rusiya dizel yanacağının tədarükü barədə danışmaq bazara təsir göstərəcək və vətəndaşlarda onun müdrikliyi sayəsində bütün problemlərin tezliklə həll olunacağı qənaətini yaradacaq. Deməli, Ukraynanın və Ukrayna Prezidentinin “şeytanlaşdırılması” da bu planın bir hissəsidir.
Trampın güddüyü ikinci məqsəd isə Rusiyanın öz siyasətini dəyişmədiyi halda, ona qarşı sanksiyaların ləğvi presedentini yaratmaqdır. Görünür, Trampın Rusiya nefti və neft şirkətləri ilə bağlı müəyyən maraqları var.
Məsələn, Trampın və onun ətrafının “Lukoyl” şirkətini ələ keçirə biləcəyi haqqında çox danışılıb. Bunun üçün Tramp Rusiya neftinin ABŞ-a daşınmasını qanuniləşdirilməsinə nail olmalıdır. Çünki ABŞ-da bir sıra qanunvericilik aktları bunu qadağan edir. Beləliklə, Tramp bu cür sanksiyaların ləğvi üçün presedent yaradır və bu, onun qarşısında duran ən mühüm strateji vəzifədir.
Bununla yanaşı, belə bir qərar Atlantik birliyini tamamilə dağıdır və ona son zərbəni vurur. NATO-nun bütün ölkələri ABŞ-ın verdiyi təminatların əslində nə olduğunu gördülər. Əgər Tramp dizel yanacağı naminə Ukraynanı satıbsa, bəs Estoniyanın və ya Litvanın qiyməti nə olacaq? Güman edirəm ki, o qədər də yüksək olmayacaq. Çünki istənilən halda Baltikyanı ölkələrə dəstək üçün qoşun göndərib-göndərməməyə yalnız Tramp qərar verəcək.
Ehtimal edirəm ki, Tramp Putinlə Konqresə seçkilər keçirilənədək Baltikyanı regionda gərginliyi artırmayacağı barədə razılığa gəlib. Putin isə bunun müqabilində, o cümlədən dizel yanacağı məsələsində güzəşt əldə edərək razılaşıb. Seçkilərdən sonra isə gərginlik artacaq və böyük ehtimalla, bu, qaçılmazdır. Çünki Putin hazırkı ABŞ hakimiyyətinin zəifliyini və korrupsiyaya uğradığını görür, onun Avropadakı tərəfdaşlarına köməyə gəlməyəcəyini anlayır. Buna görə də onun imkanları genişdir”, – professor bildirir.
Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı bəyanatlara gəlincə, onun fikrincə, bu, yalnız Zelenskinin mövqelərini gücləndirir. Çünki Ukrayna Rusiyanın neft emalı sənayesinə zərbələr endirməklə öz tarixinin ən uğurlu əməliyyatlarından birini həyata keçirməkdə ittiham olunur və bu da Zelenskiyə dəstəyi artırır.
“Buna görə də Zelenski Moskvaya seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklif edir. Lakin heç kim bu təkliflə razılaşmayacaq. Çünki Tramp seçkilərdən və ya Ukrayna liderinin dəyişdirilməsindən danışanda, bu, sadəcə, Zelenskidən hansı yollasa yaxa qurtarmaq lazım olduğu anlamına gəlir. Seçkilər sadəcə pərdə və Rusiyanın öz hərəkətlərini ört-basdır etmək vasitəsidir. Rusiya mülki əhalini terror altında saxlamağa davam etmək istəyir, lakin Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsi, Rusiya iqtisadiyyatına, hakimiyyətinə və onun legitimliyinə zərər vurması Moskvada ciddi narazılıq doğurur.
Konqresə seçkilərdən sonra vəziyyət köklü şəkildə dəyişəcək. Çünki Tramp hakimiyyətinin əhəmiyyətli hissəsini itirəcək, heç kimə öz şərtlərini diktə edə bilməyəcək və Nümayəndələr Palatasında çoxluğun demokratlarda olacağı uzunmüddətli qarşıdurmaya girmək məcburiyyətində qalacaq. Buna görə də Ukrayna üçün taktiki vəzifə ABŞ administrasiyasının güclü təzyiq göstərdiyi bu bir ayı gözləmək və sağ-salamat qalmaqdır”, – Oleşçuk fikrini yekunlaşdırır.
Rauf Orucov