Solovyovun dili ilə! – Moskva nəyə işarə edir?
Erməni ekspert: Bu, Rusiyanın ənənəvi üslubudur – şantaj, qorxu yaratmaq
15 Yanvar 2026
Rusiyalı teleaparıcı Vladimir Solovyov Mərkəzi Asiya və Cənubi Qafqazda “xüsusi hərbi əməliyyat”ın mümkünlüyü barədə danışaraq “bomba effekti” yaratması təsadüfi deyil. Solovyov bu açıqlamanı Ermənistanla ABŞ arasında “Tramp marşrutu” ilə bağlı birgə bəyanatdan cəmi bir neçə gün öncə verib (bəyanat artıq imzalanıb - red). Bu barədə “Baraeva” Teleqram kanalı yazır.
“Cənab ermənilər rusiyalı teleaparıcı Vladimir Solovyovun qalmaqallı çıxışını düzgün və dəqiq qəbul anlayan yeganə tərəf oldular. Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə rəsmi etiraz notası təqdim etdi. Bununla da açıq mesaj verildi: bəli, Ermənistan hökuməti Kremlin mesajını alıb və onu diqqətlə öyrənib”, – kanalın müəllifi qeyd edib.
Kanal daha sonra bu cür bəyanatların əhəmiyyətinə diqqət yetirib.
“Axı biz yaxşı anlayırıq ki, Solovyov sərbəst fəaliyyət göstərən bloqer deyil və özbaşına danışmaz. Onun monoloqunda ən maraqlı məqam – Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqaz regionunun, konkret olaraq isə Ermənistanın Rusiyanın hipotetik təsir zonasına daxil edilməsi idi”, – müəllif vurğulayır.
Onun fikrincə, Orta Dəhliz və onun Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək məşhur “Tramp marşrutu” ətrafında geniş ictimaiyyət üçün hələ nəzərə çarpmayan, lakin Moskvanı ciddi şəkildə narahat edən müəyyən proseslər gedir.
“Amma burada hansı yenilik var? Avqust ayından bəllidir ki, bu əraziyə ABŞ nəzarət edəcək. Görünür, proses artıq fəaliyyət mərhələsinə keçib”, – müəllif yekunlaşdırır.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan 13-14 yanvar tarixində ABŞ-a işgüzar səfərə gedib. O, səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb və tərəflər “TRIPP” təşəbbüsünün icra mexanizmlərinə dair Birgə Bəyanat qəbul ediblər.
Solovyovun Mərkəzi Asiya ölkələrində və Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının vacibliyi ilə bağlı bəyanatı Mərkəzi Asiya respublikalarında və İrəvanda kəskin reaksiyaya səbəb olub. Maraqlıdır, bu açıqlamalar niyə məhz indi səsləndirilir? Solovyov müstəqil fiqur deyil və Rusiyanın postsovet məkanındakı qonşu dövlətlərlə münasibətlərini risk altına qoya biləcək çıxışları öz təşəbbüsü ilə etməsi inandırıcı görünmür. Moskva bu ritorika ilə nəyə nail olmağa çalışır?
Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər cavab veriblər.
Ermənistanlı jurnalist, bloqer və “Diqqət mərkəzində” informasiya platformasının müəllifi Roman Baqdasaryanın fikrincə, Moskva hər zaman olduğu kimi ilk növbədə şantaj taktikasına əl atır.

“Bu, Rusiyanın üslubudur. Düşünürəm ki, bu üslub Azərbaycan və azərbaycanlılar üçün də tanışdır. Şantaj, qorxu yaratmaq. Açıq danışaq: bu gün mübaliğəsiz demək olar ki, həm Ermənistan, həm də Azərbaycan faktiki olaraq Rusiyanın “caynağından” qopa bilib.
Və baxın, Ermənistanla Azərbaycanın əməkdaşlığı əslində ölkələrimizin büdcəsini ciddi şəkildə artıra bilər. İnsanlar təsəvvür belə etmirlər ki, qarşılıqlı ticarət və birgə fəaliyyət Azərbaycan və Ermənistanın büdcəsini nə dərəcədə gücləndirə bilər. Biz bir-birimizə düşmənçilik etməklə yox, əməkdaşlıq etməklə milyon dəfə daha çox fayda verə bilərik və bununla düşmənləri sevindirmək əvəzinə, öz maraqlarımıza xidmət etmiş olarıq”, – siyasi icmalçı bildirib.
Onun sözlərinə görə, Rusiya artıq region ölkələrini bir-birinə qarşı qoymaq gücündə deyil. “Rusiya görür ki, strateji əhəmiyyətə malik bu region daxili əməkdaşlığı inkişaf etdirmək və müxtəlif dünya qitələrini bir-birinə bağlamaq yolunu seçib. Bu isə Moskvanı qıcıqlandırır. Çünki o anlayır ki, prosesdən kənarda qalıb və burada heç bir rolu yoxdur. Məncə, bütün bunlar qorxu, şantaj və hədələmə cəhdləridir və əslində faydasızdır. Çünki Azərbaycan ictimaiyyətinə də yaxşı məlumdur ki, Ermənistanın rəhbəri kifayət qədər prinsipial fiqurdur və seçdiyi kursdan geri çəkilməyəcək”, – Roman Baqdasaryan vurğulayıb.
Qırğızıstanlı politoloq Emil Curayev isə öz növbəsində qeyd edib ki, Kremlin təbliğatçısı olan Solovyovun son çıxışı cəmiyyətdə ciddi rezonans doğurub və Mərkəzi Asiya ölkələrinin sosial şəbəkə platformalarında geniş reaksiyalara səbəb olub.

“Bununla belə, Mərkəzi Asiya ölkələrinin dövlət qurumları tərəfindən hər hansı rəsmi və konkret reaksiya verilmədi. Məncə, bu, doğru yanaşmadır: həmin şəxsin sözlərinə həddən artıq əhəmiyyət vermək ciddi deyil. Solovyov hər gün saatlarla efirdə böyük həcmdə informasiya axını təqdim edir və əgər onun hər açıqlamasına reaksiya verilsəydi, bu, həddən çox vaxt aparardı.
Digər tərəfdən, onun Ermənistan və Mərkəzi Asiya ölkələri ilə bağlı səsləndirdikləri yeni deyil. Rusiya elitasında və ekspert dairələrində bu tip ideyalar müəyyən dövrlərdə təkrarlanır. Bu baxımdan, deyilənlər Mərkəzi Asiya dövlətləri üçün Rusiyanın mümkün geosiyasi niyyətləri və maraqları barədə əlavə xatırlatma rolunu oynayır”, – analitik hesab edir.
Onun fikrincə, Solovyovun bu açıqlaması böyük ehtimalla ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra yaranan qısqanclıq və ya digər emosiyalarla bağlıdır. “Rusiya bu addımı öz üzərinə proyeksiya edib. Lakin təbii ki, Rusiya ilk növbədə özünün Ukraynadakı uğursuz əməliyyatını ciddi analiz etməlidir. Elə Solovyovun özünün də həmin çıxışında dediyi kimi, hazırda Rusiyanın əsas çətinlikləri iqtisadi imkanlarla bağlıdır. Burada yeni “xüsusi hərbi əməliyyatlar”dan söhbət gedə bilməz. Rusiyanın nəinki bunu, ümumiyyətlə, bir çox başqa, daha adi məsələləri həll etmək imlanı yoxdur.
Amma uzunmüddətli perspektivdə Mərkəzi Asiya və Qafqaz ölkələri üçün bu cür riskləri yadda saxlamaq son dərəcə vacibdir”, – Emil Curayev vurğulayıb.
Rauf Orucov