Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Müxtəlif mərkəzlərə müraciətlərin sayı dəfələrlə artıb

Rusiyada insanlar kütləvi şəkildə mümkün yeni səfərbərlik dalğasına hazırlaşmağa və cəbhəyə göndərilməkdən yayınmaq yollarını axtarmağa başlayıblar. Bu barədə The Moscow Times nəşri yazır.

Hərbi xidmətə çağırış məsələləri ilə məşğul olan hüquq müdafiəçiləri “Verstka” nəşrinə bildiriblər ki, müraciətlərin sayı kəskin artıb. “İdite lesom” layihəsinin nümayəndələri məsləhətləşmələr üçün hər gün 150–200 müraciət aldıqlarını qeyd ediblər.

Təşviş deməzdim, amma narahatlıq çox yüksəkdir”, – təşkilatın təsisçisi Qriqori Sverdlin bildirib.

Şüurlu İmtinaçılar Hərəkatı”nın nümayəndəsinin sözlərinə görə, müraciət edənlər əsasən möhlət almaq, hərbi xidmətə yararsızlığı təsdiqləyən “D” kateqoriyasını əldə etmək, eləcə də Rusiyanı qanuni və qeyri-qanuni yollarla tərk etmək imkanları ilə maraqlanırlar.

Müraciətlərin təkcə sayı deyil, məzmunu da dəyişib. Yazda insanlar soruşurdular: “Deyirlər, payızda səfərbərlik olacaq, bu doğrudur?” İndi isə sual belədir: “Payızda səfərbərlik olacaq, nə etməliyik?” – nəşrin həmsöhbəti bildirib.

O əlavə edib ki, “təşviş tədricən passiv şəkildə ən pis ssenariyə hazır olma hissi ilə əvəzlənir”.

Çağırışçı Məktəbi”nin təsisçisi Aleksey Tabalov da müraciətlərin sayında kəskin artımı təsdiqləyib. Onun sözlərinə görə, müraciət edənlər arasında ehtiyatda olan şəxslər də çoxdur. O qeyd edib ki, insanlar əsasən səfərbərlik göstərişləri, məlumatların toplanması və iş yerlərində səfərbərlik siyahılarının hazırlanması ilə bağlı suallar verirlər.

Narahatlıq əhval-ruhiyyəsinin artdığını rusiyalıların mümkün yeni səfərbərlik dalğası və səfərbərlikdən möhlətlə bağlı internet axtarışları da göstərir.

Yandex Wordstat xidmətinin məlumatına görə, 2026-cı ilin iyul ayında istifadəçilər “səfərbərlikdən möhlət” ifadəsini 28 min, “səfərbərlik möhləti” ifadəsini isə 32 min dəfə axtarıblar. Bu sorğular üzrə əvvəlki rekord göstəricilər 2022-ci ilin noyabr–dekabr aylarında qeydə alınmışdı və təxminən 15–20 min sorğu təşkil edirdi.

Google Trends xidmətində isə “səfərbərlikdən möhlət” sorğusunun populyarlığı ilk dəfə iyul ayında maksimum – 100 bal səviyyəsinə çatıb. “Səfərbərlik möhləti” sorğusu üzrə də artım müşahidə olunur və göstərici 24 bala yüksəlib.

Bundan başqa, iyul ayında “Səfərbərlik olacaqmı?” sorğusu da rekord həddə çatıb. Bu ifadə “Yandex” axtarış sistemində 204 min dəfə axtarılıb, Google Trends-də isə maksimum 100 bal toplayıb.

Səfərbərliklə bağlı digər axtarış sorğuları da populyarlıq qazanır. Belə ki, 2026-cı ilin may ayının sonunda “səfərbərlik göstərişləri” ifadəsi “Yandex” sistemində rekord sayda – 18 min dəfə axtarılıb. İyun ayında isə bu sorğu Google Trends-də 2022-ci ilin payızından bəri ilk dəfə 100 bal səviyyəsinə yüksəlib.

Bundan əvvəl “Verstka” nəşrinin mənbələri bildirmişdilər ki, sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra Rusiya hakimiyyəti ölkədə hərbi vəziyyət elan edə və yeni səfərbərlik həyata keçirə bilər. Yeni səfərbərliklə bağlı şayiələr artıq bir neçə aydır dövriyyədədir.

Vaşinqtondakı Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də Rusiyada yeni səfərbərliyə hazırlıq getdiyini yazıblar. The Washington Post qəzetinə danışan bəzi Avropa rəsmiləri də bu ehtimalı istisna etməyiblər. Onların fikrincə, cəbhədə yüksək itkilər davam edərsə, Kreml belə bir addım ata bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski də bəyan edib ki, Vladimir Putin yeni səfərbərlik çərçivəsində 300–500 min nəfəri cəbhəyə göndərməyi planlaşdırır. Zelenskinin sözlərinə görə, ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi orduya 221 min müqaviləli hərbçi cəlb etsə də, eyni dövrdə itkilər 225,5 min nəfərə çatıb. Onlardan 131 mininin həlak olduğu bildirilir.

Vladimir Putinin on minlərlə Rusiya vətəndaşının cəbhəyə göndərilməsini nəzərdə tutan yeni genişmiqyaslı səfərbərliyə hazırlaşması nə dərəcədə realdır? Əgər belə bir kampaniya başlasa, bu, Rusiyanın müxtəlif regionlarında etiraz aksiyalarına səbəb ola bilərmi? Yoxsa sadəcə daha uzaqgörən insanlar sentyabra qədər ölkəni tərk etməyə çalışacaq və hakimiyyət üçün ciddi problem yaranmayacaq?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) cavablandırıb.

Onun fikrincə, hələlik yeni səfərbərlik olacağı açıq görünmür.

Birincisi, hesab edirəm ki, hazırda bu, siyasi baxımdan Kreml üçün o qədər də münasib vaxt deyil. Düşünmürəm ki, bu, sentyabrdakı seçkilərdən sonra da mümkün olacaq. Bundan əlavə, müxtəlif səbəblərdən texniki baxımdan da belə bir səfərbərliyin həyata keçirilməsi hazırda o qədər də real görünmür.

Bu, elə bir haldır ki, necə deyərlər, inflyasiya gözləntiləri inflyasiyanın özündən daha təhlükəlidir. Onsuz da cəmiyyət kifayət qədər gərgin vəziyyətdədir. Hərçənd hesab etmirəm ki, hakimiyyət cəmiyyətdən ciddi şəkildə çəkinir. Ola bilsin, məsələ ondadır ki, texniki baxımdan bu addım hazırda o qədər də effektiv deyil. Çünki müharibənin indiki xarakteri cəbhədə bu qədər sayda “top yemi”nə ehtiyac yaratmır”, – ekspert bildirib.

Onun sözlərinə görə, hərbçilər, əlbəttə ki, cəbhədəki boşluqları doldurmaq üçün pulsuz insan resursu əldə etmək istərdilər.

Amma məncə, müharibənin indiki gedişi elə qurulub ki, bu insanların cəbhəyə göndərilməsi Konstantinovka uğrunda döyüşün və ya başqa hər hansı əməliyyatın nəticəsini dəyişə bilməz. Müharibə artıq həddindən artıq texnoloji xarakter alıb. Güman edirəm ki, Kreml üçün hətta nisbətən kiçik siyasi itkilər belə, səfərbərlikdən əldə edilə biləcək real faydaya dəyməz.

Digər tərəfdən, hərbçilər öz lobbiləri vasitəsilə Putinə internet məhdudiyyətləri və digər sərt tədbirləri qəbul etdirməyə nail olublar. Ola bilsin ki, hazırda Kreml üçün əsas məqsəd real səfərbərlikdən daha çox bunun ətrafında təbliğat səs-küyü yaratmaqdır”, – Dubnov vurğulayıb.

Rauf Orucov