Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya üçün yeni gərginlik ocağı: qalmaqallı abidənin arxasında nə dayanır?
Ekspert: Putinin geri addım atacağını gözləməyin

Yaponiyanın Baş naziri Sanae Takaiti Rusiya hökumətindən Xabarovskda ucaldılmış “Yaponiya üzərində Qələbə” abidəsinin sökülməsini tələb edib. O bildirib ki, abidənin kompozisiyası yapon xalqının hisslərini təhqir edir.

Yaponiya hökuməti Rusiya tərəfindən abidənin quraşdırılmasını dayandırmağı və onun sökülməsini qətiyyətlə tələb edib. Biz bundan sonra da Rusiya tərəfini israrla abidəni sökməyə çağırmaq niyyətindəyik”, – Takaiti bildirib.

Söhbət bir neçə gün əvvəl Xabarovskda açılışı olan bürünc kompozisiyadan gedir. Abidədə sovet əsgəri üzərində xrizantema gerbi təsvir olunan sərhəd dirəyini dağıdır.

Yaponiya baş nazirinin sözlərinə görə, xrizantema gerbi hər yerdə Yaponiyanın simvolu kimi qəbul edilir. Buna görə də onun məhv edilməsini əks etdirən abidənin ucaldılması “qətiyyən qəbuledilməzdir” və yapon xalqının hisslərinə toxunur.

Takaiti vurğulayıb ki, Tokio artıq rəsmi şəkildə Rusiyadan abidənin quraşdırılmasını dayandırmağı və onu sökməyi tələb edib. Onun sözlərinə görə, Yaponiya hökuməti bundan sonra da abidənin sökülməsinə nail olmağa çalışacaq.

Maraqlıdır, İkinci Dünya müharibəsinin yekunları ilə bağlı Yaponiya ilə hələ də bir çox məsələlərin həll olunmadığı bir vaxtda Rusiya niyə belə addımlar atır? Moskvanın Ukrayna və Avropa ölkələri ilə mövcud münaqişələri kifayət deyilmi? Vəziyyət o həddə çatıb ki, indi Rusiya Uzaq Şərqdə də özünə açıq düşmən qazanmağa çalışır? Buna nə ehtiyac var? Bunu nə ilə izah etmək olar?

Pressklub.az-ın suallarına tanınmış rusiyalı politoloq, sosioloq, iqtisad elmləri doktoru, Çatem Hausun (Kral Beynəlxalq Münasibətlər İnstitutu) Rusiya və Avrasiya proqramının assosiativ tədqiqatçısı Vladislav İnozemtsev cavablandırıb.

O, bu halda əsas məqsədin Yaponiya ilə münaqişə axtarmaq olduğunu hesab etmir.

Çox güman ki, söhbət sadəcə İkinci Dünya müharibəsinin başa çatması münasibətilə növbəti təbliğat aksiyasından gedir. Nə SSRİ-də, nə də Rusiyada Yaponiya ilə müharibə mövzusunda demək olar ki, heç vaxt memorial ucaldılmayıb – bu müharibəni çox az adam xatırlayırdı və onunla bağlı yaddaş da xüsusi olaraq qabardılmırdı. Simvolikanın özünə gəlincə, mən iki məqamı qeyd edərdim. Birincisi, bu, sovet ordusunun adaya hücumu zamanı Saxalində sökdüyü real sərhəd dirəklərinin dizaynına istinad edir. İkincisi, ümumilikdə Rusiyada müasir monumental incəsənətin aşağı bədii səviyyəsini qeyd edərdim. Bu səviyyə, açığı, hər hansı düşünülməmiş nəticələrin qiymətləndirilməsini qətiyyən nəzərdə tutmur. Çətin ki, kimsə bu simvolun müasir Yaponiya üçün əhəmiyyəti barədə düşünüb. Ona, deyək ki, Berlindəki Treptov parkında yerləşən məşhur kompozisiyada əsgərin qılıncla parçaladığı svastika kimi yanaşılıb”, – tədqiqatçı bildirib.

Yaponların abidəni sökdürmək tələbinə gəlincə, onun fikrincə, bunu reallaşdırmaq mümkün deyil.

Putin geri addım atmayacaq. Üstəlik, burada Çin amili də ciddi rol oynayır. Çünki Çin rəhbərliyi üçün yapon işğalçılarının cinayətlərinin xatırladılması da çox vacibdir. Mənə elə gəlir ki, çinlilər belə bir abidə ucaltdığına və yaponlarla münaqişədə ön plana çıxdığına görə Putini sadəcə alqışlayırlar. Buna görə də Tokio bununla barışmalı olacaq – abidə yerində qalacaq və bunun heç bir ciddi siyasi nəticəsi olmayacaq. Odur ki, mən bu hadisənin miqyasını qətiyyən şişirtməzdim”, – İnozemtsev yekunlaşdırıb.

Rauf Orucov