Rusiya qapanır
Kreml müxalifətsiz və tam nəzarət altında seçkilərə gedir
19 Avqust 2026
Rusiyada növbəti parlament seçkiləri ərəfəsində daxili siyasi mühitin tamamilə təmizlənməsi və vətəndaşların hərəkətinə nəzarətin pik həddə çatdırılması prosesi başlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovanın qalmaqallı bəyanatları, "Yabloko" partiyasının seçkilərdən kənarlaşdırılması və Nəqliyyat Nazirliyinin yeni izləmə qaydaları Kremlin müharibə fondunda ölkədə formalaşdırdığı yeni "total rejim" modelinin əsas sütunlarını təşkil edir.
Rusiya MSK-nın sədri Ella Pamfilova "Komsomolskaya pravda" radiosuna müsahibəsində Ukraynadakı müharibəyə görə ölkəni tərk edən və hökumətin siyasətini dəstəkləməyən vətəndaşlar barəsində kəskin fikirlər səsləndirib: "Ölkədən getdi, ölkəyə xəyanət etdi, rədd olsun. Bu, mənim şəxsi mövqeyimdir", - deyə MSK rəhbəri bildirib.
Pamfilova xaricdə yaşayan rusiyalıların gələcəkdə seçki hüququndan tamamilə məhrum edilməsi ideyasını müdafiə edib. O, hüquq-mühafizə orqanlarının (xüsusilə İstintaq Komitəsinin) ölkənin taleyini müəyyən etmək hüququndan məhrum olunacaq şəxslərin "əhatəli kateqoriyasını" müəyyənləşdirmək üçün kifayət qədər imkanlara malik olduğunu vurğulayıb. MSK sədrinin fikrincə, bu cür qanunvericilik dəyişikliklərini Dövlət Dumasının yeni tərkibi həyata keçirməlidir.
Bununla yanaşı, Pamfilova "düşmən ölkələr" adlandırılan dövlətlərdə (xüsusən Aİ ölkələrində) yerləşən Rusiya səfirliklərinin qarşısında miqrantlar tərəfindən etiraz akasiyalarının keçirilə biləcəyini də istisna etməyib.
Təhlilçilərin diqqət yetirdiyi ən mühüm faktlardan biri "Yabloko" partiyası ətrafında baş verənlərdir. İlkin mərhələdə Rusiya Ali Məhkəməsi "Rodina" partiyasının "Yabloko"nun seçkilərdən kənarlaşdırılması tələbi ilə qaldırdığı apellyasiya şikayətini rədd etsə də, avqustun 18-də MSK rəsmi qərarla "Yabloko" partiyasını federal seçki bülletenindən tamamilə kənarlaşdırıb. Bəhanə kimi müəllif hüquqlarının pozulması və guya xarici maliyyələşmə iddiaları göstərilib.
Qeyd edək ki, "Yabloko" Rusiyada Ukraynadakı müharibəni dayandırmaq və sülh danışıqlarına başlamaq platforması ilə seçkilərə qatılan yeganə qanuni siyasi qüvvə idi. Onun da seçki bülletenindən silinməsi Kremlin bülletenlərdə hər hansı alternativ və ya antimüharibə mövqeyinə yer vermək istəmədiyini göstərir.
Xarici agentlər haqqında qanunvericilik hazırda müxalif fikirləri boğmaq üçün əsas inzibati alətə çevrilib. Bu siyahıya salınan şəxslərin hüquqları ardıcıl olaraq məhdudlaşdırılır. Hazırda "xarici agent" olanlara aşağıdakılar qadağan edilib:
Seçkilərdə namizəd kimi iştirak etmək (passiv seçki hüququ);
Dövlət qulluğunda çalışmaq;
Tədris fəaliyyəti ilə məşğul olmaq və orduda xidmət etmək.
Bundan başqa, müharibəyə qarşı çıxan siyasi xadimlər, jurnalistlər və fəallar "ordu haqqında feyk" və "diskreditasiya" maddələri ilə sərt inzibati və cinayət cəzalarına (o cümlədən qiyabi həbs hökmlərinə) məruz qalırlar.
Məhdudlaşdırıcı siyasi qərarlarla yanaşı, Rusiya Nəqliyyat Nazirliyi ölkədə fiziki nəzarəti misilsiz səviyyəyə qaldıran yeni əmr layihəsi hazırlayıb. "Vyorstka" nəşrinin yaydığı məlumata görə, dövlət artıq vətəndaşların təyyarə, qatar, avtobus və su nəqliyyatındakı hərəkətlərini "onlayn" rejimdə izləyəcək.
Yeni mexanizmin əsas elementlərinə gəlincə, çarter reysləri daxil olmaqla, bütün faktiki marşrutlar dərhal vahid bazaya ötürüləcək. Aviaşirkətlər sərnişinin çatması barədə məlumatı 15 dəqiqə, avto və su daşıyıcıları isə 30 dəqiqə ərzində dövlətə təqdim etməlidir. Hər bir səfər üçün vahid kod yaradılacaq və bilet alandan təyinat yerinə çatanadək bütün hərəkət zənciri izləniləcək. Əvvəllər toplanan pasport və bilet məlumatlarına indi IP ünvanları, bank kartı detalları, baqaj parametrləri və şəxsi kabinetlərin şifrələrinin "heş"ləri (şifrələnmiş forması) əlavə edilir.
Hüquqşünasların və vəkil Yevgeni Smirnovun fikrincə, bu sistem birbaşa Federal Təhlükəsizlik Xidmətinin (FSB) maraqlarına xidmət edir və xüsusi nəzarətdə olan şəxslərin hərəkətlərini izləməyə hesablanıb.
Beləliklə, Rusiya hakimiyyətinin atdığı son addımlar daxili siyasətin tamamilə "monolitləşdiyini" nümayiş etdirir. Bir tərəfdən müxalif partiyaların seçkidən kənarlaşdırılması və xaricdəki miqrantların səsvermə hüququnun əlindən alınması çağırışları, digər tərəfdən isə ölkə daxilində və xaricə hərəkət edən vətəndaşların rəqəmsal izlənməsi Kremlin həm seçki sistemini, həm də cəmiyyəti tam nəzarət altına aldığının göstəricisidir.
Turqut