“Qalsın-qalmasın” dilemması – 102-ci bazanın bir nömrəli problemi
Ekspert: Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının astanasındayıq
17 Sentyabr 2026
Rusiya ilə Ermənistan arasında Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı ritorika davam edir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, əgər İrəvan Gümrüdəki Rusiya bazasının lazım olmadığını hesab edirsə, Rusiya tərəfi “günü sabah gedə bilər və heç kimə heç nəyi zorla qəbul etdirməyəcək”. Az sonra Ermənistanın baş naziri Nikol Paşinyan cavab olaraq bildirmişdi ki, əgər Rusiya Gümrüdəki bazadan öz hərbi kontingentini çıxarmaq qərarına gəlsə, Ermənistan rəhbərliyi buna etiraz etməyəcək.
Sentyabrın 15-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib ki, Moskva Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almayıb.
“Gümrüdə yerləşdirilmiş Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Ermənistan tərəfindən bizə heç bir müraciət daxil olmayıb”, – o, qəzetə deyib.
Qaluzin əlavə edib ki, Moskva bu hərbi bazanın “Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi” olduğu mövqeyindən çıxış etməyə davam edir.
Onun sözlərini dərhal Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da davam etdirib. O bildirib ki, Moskva Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazası ilə bağlı sazişə əməl etmək niyyətindədir və İrəvandan da analoji yanaşma gözləyir.
“Rusiya kontingentinin Ermənistanda qalması müvafiq ikitərəfli sazişlərlə tənzimlənir. Biz öz tərəfimizdən həmin sazişlərə əməl etmək niyyətindəyik. Ümid edirik ki, rəsmi İrəvanın yanaşması da eyni olacaq”, – Zaxarova deyib.
O əlavə edib ki, Gümrüdəki baza həm Ermənistanın özündə, həm də bütövlükdə regionda “təhlükəsizlik arxitekturasının əsas dayaq elementlərindən biridir” və “hazırda ona hər hansı real alternativ sadəcə görünmür”.
Bunun ardınca Ermənistan parlamentinin vitse-spikeri Vaaqn Aleksanyan çıxış edərək bildirib ki, İrəvan Rusiya Federasiyasından 102-ci hərbi bazanı Ermənistandan çıxarmaq niyyəti ilə bağlı heç bir müraciət və ya məlumat almayıb. O, bunu jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Mənim bildiyimə görə, nə Ermənistan Respublikası, nə Müdafiə Nazirliyi, nə Xarici İşlər Nazirliyi, nə də, xüsusilə, parlament Rusiya Federasiyasından belə bir müraciət, qeyd və ya Rusiya Federasiyasının hərbi bazanı çıxarmağa hazırlaşdığına dair məlumat alıb”, – Aleksanyan bildirib.
Onun sözlərinə görə, əgər Rusiya tərəfi hərbi bazanı çıxarmaq istəyirsə, bu məsələni müzakirə etmək olar. “Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, biz bunu anlayıb müzakirə edə bilərik. Biz onlardan da heç bir müraciət almamışıq. Yaxın vaxtlarda belə bir müraciət edib-etməyəcəklərini bilmirəm. Əgər hərbi bazanı çıxarmaq istəyirlərsə, bunu elan etməlidirlər”, – Ermənistan Milli Assambleyasının sədr müavini bildirib.
Bununla yanaşı, o, bazanın saxlanma xərcləri ilə bağlı həmkarlarının daha əvvəl səsləndirdiyi fikirlərlə razılaşıb.
“Razıyam ki, bu bazanın saxlanması kifayət qədər baha başa gəlir. Bilirsiniz ki, “Elseti” orada elektrik enerjisinə görə artıq məbləğlər yazırdı? Həmin pulları da nəzərə alsaq, bazanın saxlanması xüsusilə baha başa gəlir”, – Aleksanyan deyib.
Mövzuya hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Nazeli Baqdasaryan da qoşulub. O, jurnalistlərlə söhbətində belə bir sual verib: “Rusiya niyə vaxtaşırı Ermənistandakı baza məsələsini gündəmə gətirir? Ola bilsin ki, müəyyən narahatlıqlar hiss edirlər”.
O, bu mövzunun Ermənistanda müxalifət nümayəndələri tərəfindən şişirdilməsini də istisna etməyib. Parlamentari əlavə edib ki, Rusiya bazası məsələsi müqavilələr əsasında tənzimlənir. “Hazırda top Rusiyanın tərəfindədir. Əgər açıq bəyanatlar səsləndirilirsə, bundan sonrakı addımları izləmək lazımdır”, – Bağdasaryan qeyd edib.
Beləliklə, həm Moskvada, həm də İrəvanda bu mövzuya bu qədər yüksək diqqət nə deməkdir? Rusiya hərbçilərinin Cənubi Qafqaz ərazisindən tamamilə çıxarılması mümkündürmü? Belə bir qərar hazırkı Rusiya rejimi üçün nə dərəcədə ağrılı ola bilər?
Pressklub.az-ın suallarını müstəqil politoloq Xaqani Cəfərli cavablandırıb.

Onun fikrincə, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının gələcəyi təkcə Ermənistanın taleyinə deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi məsələsinə də ciddi aydınlıq gətirə bilər.
“Doğrudur, Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu yalnız Gümrüdəki 102-ci hərbi baza ilə məhdudlaşmır. Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal edib və orada öz hərbi bazalarını saxlayır. Ukrayna pilotsuz uçuş aparatları və raketləri Rusiyanın Qara dənizdəki limanlarına zərbələr endirdikdən sonra Abxaziya limanları Rusiya üçün getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayıb.
Ermənistandakı hərbi bazanın özəlliyi isə ondadır ki, Rusiya onun vasitəsilə həm Ermənistanı nəzarətdə saxlamağa, həm də Azərbaycanı şantaj etməyə çalışır. Xüsusilə də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı əlaqəyə mane olmaq imkanına malik olduğuna eyham vurmaqla Bakını şantaj etməyə cəhd göstərir. Lakin Rusiyanın resursları tükəndiyi üçün onun təhdid və şantajları ciddi nəticə vermir.
Mənim qənaətimə görə, biz Rusiya qoşunlarının Cənubi Qafqazdan çıxarılması prosesinin astanasındayıq. Çox yüksək ehtimalla, yaxın altı ay ərzində bunun şahidi ola bilərik. Əgər Ukraynanın əks-hücumu cəbhə xəttinin yarılmasına və çökməsinə gətirib çıxarsa, Moskva bütün hərbi qüvvələrini Ukrayna istiqamətində cəmləşdirməyə çalışacaq. Şimali Koreyadan hərbi yardım, o cümlədən canlı qüvvə istəyən bir dövlətin Ermənistanda və ya Tacikistanda hərbi baza saxlamağa çalışması qeyri-ciddi görünür və şübhəsiz ki, diplomatlar arasında müzakirə mövzusuna çevrilir. Buna görə də Moskva üçün nə qədər ağrılı olsa da, hərbi bazasını Ermənistandan çıxarmalı olacaq”, – ekspert hesab edir.
Digər tərəfdən, onun sözlərinə görə, Moskvada çox yaxşı başa düşürlər ki, Rusiya üçün strateji istiqamət Ukraynadır.
“Əgər Rusiya Ukraynada məğlub olarsa, Cənubi Qafqazdakı hərbi bazası imperiyanın dağılmasının qarşısını ala bilməyəcək. Əgər Ukraynada qələbə qazanarsa, Ermənistanda hərbi baza olmasa belə, İrəvan Moskvanın mövqeyinə uyğun hərəkət etməyə başlayacaq. Mənim qənaətimə görə, strateji əhəmiyyət baxımından Cənubi Qafqaz Rusiya üçün Ukrayna ilə müqayisə oluna bilməz. Ruslar bunu öz dövlətçiliklərinin son 400 illik tarixindən çox yaxşı bilirlər”, – Cəfərli yekunlaşdırıb.
Rauf Orucov