Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qadın, Həyat, Azadlıq" hərəkatının İran kinosundakı izi

Sentyabrın 16-da İranda Məhsa Əmininin ölümünün son onilliklərin ən böyük etiraz hərəkatına təkan verməsindən dörd il keçib. "Qadın, Həyat, Azadlıq" hərəkatının təsiri İran cəmiyyətində hələ də hiss olunur.

Hərəkatın ən qalıcı təsirlərindən biri iranlı rejissorların qadınları ekranda təsvir etmə tərzində özünü göstərib. Qadın obrazları getdikcə daha çox senzura sisteminin qadağalarına meydan oxuyur.

Cəfər Pənahinin "Bu, sadəcə bir qəza idi" filmində əsas qadın obrazlarından biri hicabsız, qətiyyətli və praqmatikdir. O, ətrafındakı insanları onları rahatsız edən həqiqətlərlə üzləşdirir. Pənahi bu obrazın "Qadın, Həyat, Azadlıq" etirazları zamanı talelərini öz əllərinə alan qadınları təcəssüm etdirdiyini bildirib.

Hicab patrulları yoxa çıxıb

22 yaşlı Əmini hicab qaydalarını pozduğu bəhanəsi ilə saxlanıldıqdan sonra polis nəzarətində ölüb. Polis onun ürəktutmasından keçindiyini bildirsə də, şahidlər saxlanma zamanı onun döyüldüyünü deyirlər.

AzadlıqRadiosunun fars xidmətinin jurnalisti Mehdi Təhbaz yazır ki, vaxtilə qadınların geyiminə nəzarət edən patrullar İran küçələrində əsasən görünmürlər. Məcburi qaydalar qüvvədə qalsa da, onların tətbiqinə əvvəlki kimi nəzarət olunmur.

Dəyişiklik təkcə hicabla bağlı deyil. Soheyl Beyraği "Bidad" (Fəryad) filmini İranda rəsmi icazə olmadan çəkib. Film qadınların ictimai yerlərdə mahnı oxumaq qadağasından bəhs edir. Səs həm də ictimai məkanda görünmək, eşidilmək hüququ deməkdir. Filmin baş qəhrəmanı Seti bu qadağaya boyun əyməyərək oxumağa başlayanda bu, vətəndaş itaətsizliyinin bir formasına çevrilir.

Getdikcə daha çox iranlı rejissor Mədəniyyət Nazirliyinin qoyduğu qaydalardan kənar çıxır, çəkiliş və yayım üçün ənənəvi lisenziyalar almadan müstəqil filmlər ərsəyə gətirir.

Navid Mihandustun "Kafe", Kərim Ləkzadənin "Qaranlıq materiya", Mehrnuş Aliyanın "Min bir kadr", Səhənd Kəbirinin "Qrup", Məhəmməd Şirvaninin "Qeysəriyyə həftəsonu", Abbas Nezamdustun "İkili" və Əli Əsgərinin "Kiçik bir işıq" filmləri bu sıradandır.

Vaxtilə senzuradan yan keçməyin yollarını öyrənirdilər

İranlı rejissorlar onilliklər boyu mürəkkəb senzura sisteminin daxilində işləməyi və ondan yan keçməyin yollarını öyrəniblər. 2022-ci ildən sonra çəkilən filmlər isə fərqli yanaşmanı -senzura filtrinin tamamilə aradan qaldırıldığını ortaya qoyur.

Amma bu qərarın bədəli ağır olub. Adları çəkilən rejissorların, onların çəkiliş qruplarının əksər üzvlərinə qarşı cinayət işləri açılıb, bəzilərinə isə həbs və cərimə cəzaları verilib.

M.Təhbaz yazır ki, bu proses "Qadın, Həyat, Azadlıq" hərəkatı ilə başlamayıb. İran kinosunun senzura ilə qarşıdurmasının uzun bir tarixi var. Qadın rejissorlar və aktrisalar da ekranda necə təqdim olunmalarına, bədənlərinə qoyulan qadağalara qarşı onilliklər boyu mübarizə aparıblar. 2022-ci ilin sentyabrında başlayan etirazlar isə sadəcə bu prosesi sürətləndirib.

İran hakimiyyəti hələ də hansı filmlərin rəsmi icazə alacağına və ölkə kinoteatrlarında göstəriləcəyinə nəzarət edə bilir. Amma filmlərin çəkilməsinin qarşısını almaq isə getdikcə çətinləşir.