BMT missiyası ABŞ-ın hərbi cinayətlər törətdiyini düşünmək üçün əsaslar tapıb
18 Sentyabr 2026
ABŞ və İsrailin fevralın 28-də endirdiyi hərbi zərbələrdən sonra BMT-nin Faktaraşdırıcı Missiyası Birləşmiş Ştatların hərbi cinayət törətdiyini düşünmək üçün əsaslı səbəblərin olduğunu müəyyənləşdirib. Söhbət mülki şəxslərin ölümünə və yaralanmasına, mülki infrastruktura ziyan dəyməsinə səbəb olan, fərq qoyulmadan gerçəkləşdirilən hücumlardan gedir.
BMT missiyasının sentyabrın 17-də açıqladığı hesabatda Minab şəhərindəki "Şəcərə-ye Təyyibə" ibtidai məktəbinin "Tomahavk" raketləri ilə vurulması hadisəsi də yer alıb. Həmin binanın məktəb olduğu aydın şəkildə bilinirdi. Hücum nəticəsində təxminən 120-si uşaq olmaqla, 150-dən çox insan həlak olub.
ABŞ rəsmiləri hərbi əməliyyatların müharibə qanunlarına uyğun aparıldığını və məsələnin araşdırıldığını dəfələrlə bildiriblər. ABŞ prezidenti Donald Tramp isə iyunda deyirdi ki, "heç kim bunu qəsdən etməyib" və hadisə araşdırılır. Araşdırmanın nəticələri barədə yekun hesabat hələ də yayılmayıb.
"İrandan fərqli olaraq, ABŞ mülki şəxsləri heç vaxt hədəfə almır. Biz dəqiqliklə hərəkət etməyə, yalnız bizə və müttəfiqlərimizə təhdid yaradanları hədəfə almağa davam edəcəyik və geri çəkilməyəcəyik", – deyə məktəbin bombalanması xəbərləri yayılandan bir neçə gün sonra ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell martda "X" platformasında yazıb.
Lamerd hücumu
BMT ekspertlərinin bildirdiyinə görə, Lamerd şəhərinə ayrıca hücum zamanı asanlıqla müəyyən edilə bilən idman kompleksinin və yaxınlıqdakı yaşayış məhəlləsinin üzərinə yüksək dəqiqlikli raketlərlə volfram qəlpələri yağdırılıb. 22 mülki şəxs həlak olub.
ABŞ Mərkəzi Komandanlığı isə martda bildirib ki, ABŞ ordusu fevralın 28-də Lamerdə heç bir zərbə endirməyib və hücumla bağlı videoda dəqiq zərbə raketi görünmür.
Hesabatda həmçinin deyilir ki, İran hökuməti dekabr-yanvar etirazlarını zorakılıqla yatırmaqla əvvəlki repressiyalarla müqayisədə görünməmiş gərginliyə yol açıb. Nümayişlər amansızlıqla yatırdılıb, minlərlə insan həlak olub.
Missiya bildirib ki, bu ağır pozuntuların bir çoxu insanlığa qarşı cinayətlərə bərabərdir; İran hakimiyyəti mülki əhaliyə qarşı qətl, qanunsuz həbs, işgəncə və digər qeyri-insani əməllər törədib.
Faktaraşdırıcı Missiya İranı və ABŞ-ni bütün pozuntulara və iddia edilən cinayətlərə dərhal son qoymağa, qurbanlara dəymiş ziyanı tam ödəməyə, oxşar hadisələrin təkrarlanmaması üçün qəti tədbirlər görməyə çağırıb. Qurum döyüş əməliyyatlarının dərhal dayandırılmasını, eləcə də davamlı sülhə nail olmaq üçün BMT-yə üzv dövlətlərin diplomatik səyləri yeniləməsini istəyir.