Pul var, bəs inkişaf niyə yoxdur?
Mikayıl Cabbarovun arqumenti və Maliyyə Nazirliyinin gizlətmədiyi milyardlar
08 İyul 2026
Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına (yanvar-iyun) dair açıqladığı son rəsmi hesabat iqtisadiyyatın idarə olunması ilə bağlı çox ciddi və düşündürücü suallar doğurur. Rəsmi rəqəmlər göstərir ki, ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri proqnozlaşdırılan 17 milyard 230.6 milyon manat qarşılığında cəmi 16 milyard 775.5 milyon manat icra olunub. Yəni, dövlət nəzərdə tutduğundan təxminən 460 milyon manat az pul xərcləyib.
Bu mənzərə yaddaşlarda dərhal İqtisadiyyat naziri Mikayıl Cabbarovun televiziyalara verdiyi müsahibədə ölkədə ÜDM-in (Ümumi Daxili Məhsulun) artım tempinin ləngiməsi ilə bağlı dediyi məşhur fikirləri canlandırır: "ÜDM-in artım tempinin bir qədər yavaşıması iqtisadiyyatda hər hansı geriləmədən xəbər vermir. Bu, tamamilə büdcədə nəzərdə tutulmuş irimiqyaslı dövlət investisiya layihələrinin icra vaxtının dəyişdirilməsi ilə bağlıdır".
Bəli, rəqəmlər nazirin dediklərini qismən təsdiqləyir: bəzi kapital xərclərinin, investisiya layihələrinin icrası həqiqətən də təxirə salınıb və bunun nəticəsində iqtisadiyyatda süni bir "sakitlik" yaranıb. Amma burada mənzərənin digər və ən qaranlıq tərəfi açılır. Bəhanə yoxdur - büdcədə pul nəinki çatmır, əksinə, təmiz 2.4 milyard manat artıq vəsait var!
İlk baxışdan elə təəssürat yarana bilər ki, bəlkə ilin birinci yarısında dövlət büdcəsinə planlaşdırılandan az pul yığılıb, hökumət çətinlik çəkib və buna görə də xərcləri 460 milyon manat kəsməli olub?
Xeyr! Maliyyə Nazirliyinin hesabatı bu ehtimalı tamamilə alt-üst edir. Rəsmi məlumata görə, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyərək 19 milyard 179.4 milyon manat təşkil edib. Nəticədə büdcə gəlirləri xərcləri tam 2 milyard 403.9 milyon manat üstələyib. Yəni dövlətin xəzinəsində heç bir yerə toxundurulmayan, təmiz 2.4 milyard manatlıq sərbəst artıq vəsait (profisit) qalıb.
Bax, elə bu nöqtədə həm sahibkarları, həm də iqtisadçıları maraqlandıran fundamental suallar ortaya çıxır:
Pul varsa, büdcə xərcləri niyə vaxtında və tam icra olunmur?
İqtisadiyyat naziri ÜDM-in artmamasını birbaşa büdcə xərclərinin ləngiməsi ilə əlaqələndirirsə, o zaman əldə hazır vəsait ola-ola hökumət niyə real sektoru, tikintini, yerli podratçıları və iqtisadi inkişafı stimullaşdırmır? Niyə iqtisadiyyatın mühərriki qəsdən "əyləşdirilir"?
İqtisadiyyatın elementar qaydasıdır: dövlətin yığıb saxladığı, hərəkətsiz qalan vəsait ölü puldur. Bu vəsaitlər daxili bazara, şəffaf və məqsədli investisiya layihələrinə yönəldilərsə, zəncirvari reaksiya verərək qat-qat səmərəli olar. Tikinti canlanar, yeni iş yerləri açılar, yerli istehsal artar və nəticədə ÜDM nazirin dediyi kimi "yavaşlamaz", əksinə, sürətlə böyüyər.
Bəs hökumət, xüsusən də Maliyyə Nazirliyi bu milyardları dövriyyəyə buraxmağa niyə tələsmir?
Burada ağıla gələn ən real versiya korrupsiya və səmərəsizlik qorxusudur. İllərdir sınaqdan keçmiş acı təcrübə göstərir ki, Azərbaycanda dövlət investisiya layihələrinə ayrılan pulların əhəmiyyətli hissəsi şəffaf idarə olunmadıqda korrupsiya yeminə çevrilir. İqtisadiyyatda real dövr etməli olan milyonlar ya dərhal bəzi məmurların "yastıq altına" gedir, ya da müxtəlif yollarla ofşorlara, ölkə xaricinə çıxarılır.
Bəlkə də Maliyyə Nazirliyi məhz bu amildən ciddi şəkildə ehtiyat edir. Dövlət xəzinəsinin sərəncamındakı pulların səmərəsiz binalara, şişirdilmiş layihələrə xərclənməsinin qarşısını almaq üçün bütün layihələri yenidən incələyir, saf-çürük edir və maliyyələşməni bilərəkdən yubadır. Xəzinədarlığın 624 mindən çox ödəniş tapşırığını süzgəcdən keçirməsi də bu nəzarətin rəsmi tərəfidir.
Səbəb nə olursa olsun, ortada bir reallıq var: pulun varlığı fonunda layihələrin dondurulması və ya sonraya saxlanılması qeyri-neft sektorunda fəaliyyət göstərən yerli biznesə, podratçı şirkətlərə və ümumi iqtisadi aktivliyə mənfi təsir göstərir. Hökumətin bir qanadı (İqtisadiyyat Nazirliyi) ÜDM-in artmamasını layihələrin təxirə salınması ilə əsaslandırıb topu Maliyyə Nazirliyinin meydançasına atır, digər qanadı isə milyardları xəzinədə saxlayıb gözləmə mövqeyi seçir. Kimin haqlı, kimin haqsız olduğunu isə yaxın aylarda real iqtisadi göstəricilər və qeyri-neft sektorunun taleyi göstərəcək.
Kim bilir, bəlkə də bu "ehtiyatlılıq" taktikası iqtisadiyyatı böyük bir israfçılıqdan qoruyur; yoxsa sadəcə bürokratik ləngimə ölkənin inkişaf tempini daxildən baltalayır?
Turqut