Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sübh azanı fonunda edam: İsfahanda xalq küçələrə çıxdı

İranın dövlət mediası iyulun 28-də bildirib ki, Əbülfəz Sepahi BədcaniƏmirhüseyn Səfəri Hüseynabadi yanvar etirazları ilə bağlı edam ediliblər. Onlar bu ilin yanvarında İsfahanın Mələkşəhr rayonunda etiraz aksiyaları ilə əlaqədar təqsirli biliniblər.

Dövlət mediası hər iki şəxsin 8 yanvar etirazları zamanı Əlixani meydanında dörd polis əməkdaşını yaralayıb yandırdığını iddia edib.

Məhkəmə prosesinin detallarını müstəqil şəkildə öyrənmək mümkün olmayıb.

Sosial şəbəkələrdə yayılan videolarda edamların icra olunduğu yerin yaxınlığında xeyli insanın toplaşaraq etiraz aksiyası keçirdiyi, ərazidə çoxsaylı təhlükəsizlik əməkdaşlarının yerləşdirildiyi görünür.

Bəzi videolarda sübh azanı fonunda etirazçıların "Şərəfsizlər! Şərəfsizlər!" qışqırdığı eşidilir. Təhlükəsizlik qüvvələri isə motosikletlərlə izdihamın arasında hərəkət edir.

Sosial şəbəkə istifadəçiləri etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyini, İsfahanda internetdə məhdudiyyətlər yarandığını bildiriblər.

AzadlıqRadiosunun "Radio Fərda" xidməti bu məlumatları müstəqil şəkildə təsdiqlədə bilməyib.

BMT-dən çağırış

Edamlar iyulun 28-i səhər saatlarında həyata keçirilib. Bundan əvvəl BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato və qurumun bir qrup eksperti İsfahan işi üzrə ölüm cəzasına məhkum edilmiş qalan 10 nəfərin edamının dərhal dayandırılmasına çağırıb.

İş üzrə 12 etirazçı qapalı məhkəmə prosesində ölüm cəzasına məhkum edilib. Onlar həbs olunarkən yeniyetmə və ya erkən gənclik yaşlarında olublar.

Daha iki nəfər – Gül Məhəmməd MəhəmmədiErfan İsfəndiyari iyulun 19-da edam olunublar.

BMT ekspertləri bildiriblər ki, məhkəmə prosesi ədalətli mühakimə standartlarına cavab verməyib. Onların fikrincə, hökm dövlət televiziyasında yayımlanan məcburi etiraf ifadələrinə əsaslanıb, hər bir təqsirləndirilən şəxsin məsuliyyəti aydın şəkildə sübuta yetirilməyib.

Bundan əlavə, İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) və İran İnsan Haqları Cəmiyyəti bildiriblər ki, Kərəcdəki Qızıl Hisar həbsxanasının ikinci korpusundakı məhbuslar edamlara və təkadamlıq kameralara köçürülmələrə etiraz edirlər. Onların iyulun 27-də artıq 15-ci gündür ki, aclıq aksiyası və oturaq etiraz keçirdikləri deyilir.

Məlumatlara görə, ölüm cəzasına məhkum edilmiş yüzlərlə məhbus iyulun 13-dən yemək qəbulundan imtina edir.

İranın məhkəmə hakimiyyəti və penitensiar xidmət orqanları məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.