Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Ermənistanı Aİ üzvlüyü ilə bağlı referendum keçirməyə çağırıb

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunda keçirilən parlament seçkilərindən sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Rusiyanı Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərlə bağlı tədbirlər görməyə çağırıb. Yerevan bu qadağaları ikitərəfli sazişlərə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd sayır.

Kreml isə bildirib ki, "Putin Ermənistanda Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı ümumxalq referendumunun mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıb".

Paşinyan cavabında deyib ki, belə bir referendum yalnız ölkə Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra mümkün ola bilər.

Son aylar Rusiya Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətləri ardıcıl genişləndirib. Qadağa süd məhsulları, tərəvəz, meyvə, gül, spirtli içkilər, mineral su və balıq məhsullarını əhatələyir. İyunun ortalarında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan idxalı yasaqlanan məhsulların siyahısını xeyli genişləndirərək ora təxminən 130 adda məhsul daxil edib. Bu isə Ermənistanın bir sıra bölgələrində fermerlərin etirazlarına səbəb olub.

Putin ilk dəfə mayın əvvəlində, Yerevanda iki Avropa sammiti keçiriləndən sonra Paşinyan hökuməti qarşısında belə bir tələb qaldırıb. Aİİ-nin digər üç üzvü - Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri də Putinlə birgə bəyanatda bu tələbi dəstəkləyiblər.

Paşinyan hökuməti ötən il Ermənistanın Aİ-yə daxil olma prosesinin başlanmasına çağıran qanun qəbul edib. Amma Yerevan Ermənistan ixracatçılarının əsas bazarı olan Rusiyaya rüsumsuz girişini təmin edən Aİİ-dən çıxmağa tələsmir. Eyni zamanda, Aİ-nin heç bir üzv dövləti və ya qurumu Ermənistanın bloka daxil olmasına açıq dəstək verməyib.