Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu
Ekspert: Baş verənlər tərəflərin bir-birinə müəyyən jestləridir
27 Avqust 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də fəaliyyətini aktivləşdirməyəcəyini bildirib. “Armenpress”in məlumatına görə, o, bu məsələyə Milli Məclisdə Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramının müzakirəsi zamanı toxunub.
Ermənistanın yaxın beş il ərzində KTMT-dən çıxmasının mümkünlüyü ilə bağlı suala cavab verən baş nazir bildirib ki, Ermənistan tərəfinin qaldırdığı məsələlərlə bağlı təşkilatdan cavab almadığı üçün KTMT-yə marağı tükənib.
“Proqramımızda açıq şəkildə qeyd olunur ki, yaxın beş il ərzində KTMT-yə qayıtmağı planlaşdırmırıq. Əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi aktivləşdirməyəcəyik. Bilirəm ki, KTMT-də müzakirələr aparılır və Ermənistan təşkilatdan xaric edilə bilər. Təşkilat Ermənistanın xaric edilməsi barədə qərar qəbul etsə, çox şad olardım. Bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından xilas edərdi”, – Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, hökumətin 2026–2031-ci illər üçün proqramında KTMT-nin adı belə çəkilmir.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.
Daha sonra Paşinyan Ermənistan hökumətinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağını açıqlayıb. O vurğulayıb ki, Ermənistan Milli Məclisi 2025-ci ilin martında ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib.
“Qanunun adından və qısa məzmunundan aydın görünür ki, söhbət Aİ-yə üzvlük prosesinin başlanmasından gedir. Bu məsələ ilə bağlı referendum isə prosesin başlanğıcı deyil, mühüm mərhələdir. Yəni referendum yalnız başlanmış proses müəyyən mərhələyə çatdıqda, bu perspektivlərin nə dərəcədə real olduğunu qiymətləndirmək, gələcək fəaliyyət planını hazırlamaq və Aİ-yə üzvlük üçün zəruri islahatların müəyyən edilmiş müddətdə həyata keçirilməsinin nə dərəcədə mümkün olduğunu anlamaq baxımından məna kəsb edir.
Bu suallara cavab tapmaq üçün Ermənistan ilk növbədə Aİ-yə üzvlük üçün rəsmi müraciət etməlidir. Bu da ciddi iş tələb edən bir prosesdir və yaxın vaxtlarda, xüsusilə Aİİ üzrə tərəfdaşlarımızın israrlı xahişlərini nəzərə alaraq, yəqin ki, bu prosesə başlayacağıq”, – Ermənistanın baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının strateji gündəliyi nəzərəçarpacaq sürətlə həyata keçirilir.
“Ermənistan hazırda Avropa İttifaqının viza rejiminin liberallaşdırılması ilə bağlı fəal danışıqlar apardığı yeganə ölkədir və biz 2029-cu ilədək Aİ ilə viza rejiminin liberallaşdırılmasına nail olmaq niyyətindəyik”, – o bildirib.
Paşinyanın sözlərinə görə, Aİ ilə münasibətlərin yaxınlaşması Rusiyada müəyyən narahatlıqlara səbəb olub.
Paşinyanın bu açıqlamalarına Moskvanın cavabı gecikməyib.
Rusiya KTMT-yə üzvlüyə artıq ehtiyac duymursa, İrəvan müvafiq qərar qəbul edərək təşkilatı tərk edə bilər. Rusiya mediasının məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Onun “xaric edilsəydik, buna sevinərdim” deməsini anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan milli maraqları baxımından regional təhlükəsizliyin təmin olunması üçün belə mühüm təşkilatda üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərar qəbul etmək və təşkilatı tərk etmək onun öz ixtiyarındadır”, – Peskov bildirib.
Kremlin sözçüsü Paşinyanın Ermənistan hökumətinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağı barədə açıqlamasına da münasibət bildirib.
“Burada çox mühüm bir məqam var ki, bu barədə bizim nümayəndələrimiz, ilk növbədə isə dövlət başçımız da danışıb. Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra Ermənistan müxtəlif sahələrdə – istər ticarət, istər fitosanitar, istər gömrük və sair sahələrdə – qanunvericiliyini Avropa İttifaqının norma və qaydalarına uyğunlaşdırmaq prosesinə başlamalı olacaq. Bu normalar bizim ölkədə və Aİİ məkanında qəbul edilmiş normalarla üst-üstə düşmür. Məhz burada, ilk növbədə, Ermənistanın özünə zərər vuracaq ciddi ziddiyyətlərlə üzləşəcəyik”, – Peskov deyib.
O, Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edərkən Türkiyənin və müraciətindən sonra onilliklər keçmiş digər ölkələrin təcrübəsini nəzərə almasını tövsiyə edib.
Paşinyanın bu açıqlamalarının və Kremlin nümayəndəsinin onlara reaksiyasının əhəmiyyətini necə qiymətləndirmək olar? Moskva doğrudanmı Ermənistanın KTMT və Aİİ-dən çıxmaq perspektivinə, eləcə də Aİ-yə inteqrasiya istəyinə bu qədər sakit yanaşır?
Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) cavablandırıb.
.jpg)
O, ilk növbədə, Paşinyanın açıqlamalarının əhəmiyyətini şişirtməyin tərəfdarı olmadığını vurğulayıb. “Bu, siyasi dil, simvollar və jestlər müstəvisində eyni oyunun davamıdır. Çünki Paşinyan sadəcə olaraq heç bir fəal addım atmaq niyyətində olmadığını göstərir. Yəni KTMT-dən çıxmaq üçün hər hansı müstəqil addım atmayacaq, sadəcə olaraq müəyyən danışıqlara – alverə hazırdır. Bunun mənası məhz budur.
Üstəlik, əslində KTMT heç kimi xüsusi olaraq maraqlandırmır. Bu, artıq müxtəlif manipulyasiyalar aparmaq üçün istifadə oluna bilən, öz əhəmiyyətini itirmiş bir alətdir”, – ekspert əmindir.
Onun fikrincə, qalan bütün açıqlamalar da eyni jestlərdən ibarətdir. Çünki hamı başa düşür ki, istər Ermənistanın subyektiv səbəblərinə, istərsə də Avropanın obyektiv səbəblərinə görə Avropa ilə yaxınlaşmanın sürətləndirilməsi mümkün deyil.
“Bu, yenə də Moskvaya üzərində düşünməli olduğu təklif edilən müəyyən jestlər sistemidir.
Əslində, burada mahiyyət etibarilə konkret məsələlər dayanır. Paşinyan bilir ki, Moskva Ermənistan ərazisində sahib olduğu bütün infrastrukturlara böyük əhəmiyyət verir. O da bu mövzuda, o cümlədən atom elektrik stansiyası məsələsində danışıqlar aparmağı təklif edir. Halbuki dəmir yolunun fəaliyyətinə heç kimin dəyişiklik etməyəcəyini çox yaxşı başa düşür.
Ona görə də Moskva anlayır ki, söhbət hansısa geosiyasi xülyalardan deyil, konkret dollarlardan, avrolardan, rubllardan, türk lirələrindən və sairədən gedir. Düşünürəm ki, bu məsələdə hər iki tərəf bir-birini yaxşı anlayır”, – Dubnov yekunlaşdırıb.
Rauf Orucov