Logo
news content
User
Kateqoriyalar

Analitika

“Paşinyan hakimiyyətdən uzaqlaşdırılmayana qədər, Rusiya təzyiqi davam etdirəcək...”
Erməni ekspert: MDB-nin demək olar ki, bütün əsas ölkələri Zatulinə öz ərazilərinə girişini qadağan ediblər

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə qaldığı müddətdə Ermənistanla ticarət-iqtisadi münasibətlərdə hər hansı yumşalmadan söhbət gedə bilməz. O, bunu Rusiyanın Ermənistana qarşı siyasətini sərtləşdirə biləcəyi barədə məlumatları şərh edərkən deyib.

Müzakirəyə “Past” nəşrinin Moskvanın İrəvana qarşı siyasətini sərtləşdirə biləcəyi barədə yaydığı məlumat səbəb olub. Nəşrin sadaladığı mümkün ssenarilər sırasında pul köçürmələrinə və nəqliyyat əlaqələrinə məhdudiyyətlərin tətbiqi, enerji daşıyıcılarının, o cümlədən qazın qiymətinin artırılması, Ermənistandan Rusiyaya ixracın məhdudlaşdırılması, eləcə də Rusiyada yaşayan və işləyən xeyli sayda erməninin mümkün deportasiyası yer alır.

Zatulin ticarət-iqtisadi münasibətlərin mümkün pisləşməsini Ermənistan hökumətinin siyasəti ilə əlaqələndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti əvvəlki ittifaqlardan imtina etmək və Rusiyanın rəqibləri ilə yaxınlaşmaq niyyətindədir. Bununla yanaşı, deputat deportasiya ilə bağlı “bəd proqnoz” vermək istəmədiyini, bu iddiaların insanlara toxunduğunu vurğulayıb.

Zatulinin sözlərinə görə, Paşinyanın kursuna təsir göstərmək mümkündür. Deputat hesab edir ki, baş nazir hələ də Rusiya nümayəndələri ilə görüşlərə nail olmağa çalışır və Moskva ilə münasibətləri qorumağa can atır. Zatulin Ermənistan hakimiyyətinin Rusiyada yeni səfərbərlik olacağı təqdirdə bu ölkədən gələn relokantları qəbul etməyə hazır olması barədə bəyanatlarını da tənqid edib və Paşinyanın Ermənistanın KTMT-dən çıxmağa hazır olması barədə sözlərini xatırladıb.

Zatulin həmçinin bildirib ki, Paşinyan parlament seçkilərində məğlub olub və Ermənistan hakimiyyətini seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib. “Bu gün Paşinyan heç bir referendum istəmir. O, qələbəsinə əmin deyil”, – deputat deyib.

Ermənistanın Avropaya inteqrasiyasından danışan Zatulin bildirib ki, hətta Aİ ilə vizasız rejim məsələsi də “uğursuzluğa düçar olub”. O, bunu Avropa İttifaqı nümayəndəsinin konkret müddətlər barədə danışmağın hələ tez olduğunu bildirən son açıqlaması ilə əsaslandırıb.

Media bundan əvvəl dən Rusiyanın Ermənistana qarşı siyasətini sərtləşdirə biləcəyi, xüsusilə pul köçürmələrini və nəqliyyat əlaqələrini məhdudlaşdıra, həmçinin enerji daşıyıcılarının, o cümlədən qazın qiymətini artıra biləcəyi barədə məlumat yaymışdı.

Bəs, rusiyalı deputat Nikol Paşinyana qarşı bu qədər geniş sübut və məlumat bazasını haradan əldə edir? Onun Rusiya ilə Ermənistan arasında münasibətlərin bundan sonra necə inkişaf edəcəyini bu qədər detallı bilməsi nə ilə izah olunur? Bu siyasətçinin son açıqlaması Ermənistan cəmiyyətində hansı münasibət və qiymətləndirmə ilə qarşılanıb?

Pressklub.az-ın suallarını tanınmış erməni analitik və publisist İşxan Verdyan cavablandırıb.

O, ilk növbədə qeyd edib ki, Konstantin Zatulin, həqiqətən də, təəccüblü şəxsdir.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olduğu halda, fəaliyyəti nəticəsində MDB-nin demək olar ki, bütün əsas ölkələri onun öz ərazilərinə girişini qadağan ediblər. Amma bu, qanunauyğundur, çünki cənab Zatulin siyasətlə yox, lobbiçiliklə məşğuldur və fəaliyyətini özü, yaxud daxil olduğu komanda tərəfindən uydurulmuş “faktlarla” əsaslandırır. Onun Ermənistan və bu ölkənin rəhbərliyi ilə bağlı son bəyanatları da yalana söykənir. Bununla belə, həmin bəyanatlara ciddi yanaşmaq lazımdır, çünki bu və ya digər formada onun dili ilə Moskva danışır.

Onun tezislərinə qısaca nəzər salsaq, birincisi, əgər Ermənistanda seçkilər saxtalaşdırılmış olsaydı, indi ölkədə məhkəmə çəkişmələri və xalq etirazları müşahidə edilərdi. Amma bunun heç biri yoxdur – ümumiyyətlə yoxdur. Üstəlik, vətəndaşlar hətta Zatulinin versiyasına görə Paşinyan üzərində qələbə qazanmış siyasi qüvvələrin liderlərinin həbslərinə və əmlaklarının müsadirəsinə belə reaksiya vermirlər.

İkincisi, Aİ rəsmiləri vizasız rejimin tətbiqi ilə bağlı qeyri-müəyyən müddətlərdən danışırlar, çünki hətta Ermənistanın özündə belə ölkənin hazırlığı üçün planlaşdırma vaxtı 2029-cu ilədək müəyyən edilib. Hələ bundan sonra Aİ-nin öz prosedurlarının başlayacağını və onların da vaxt aparacağını demirik. Belə bir vəziyyətdə konkret müddətlərdən danışmaq prinsip etibarilə mümkün deyil və Avropadan səslənən bəyanatların əsasında da məhz bu dayanır. Zatulin isə nədənsə bunları təşəbbüsün iflası kimi təqdim edir”, – ekspert bildirib.

O, əlavə edib ki, üçüncüsü, referendum sabah keçirilsəydi, erməni xalqının böyük əksəriyyətinin Aİ-yə üzvlüyün lehinə səs verdiyini görən Zatulin nəticələrdən çox təəccüblənərdi.

Bunu heç olmasa vətəndaşların həmin rusiyayönümlü fiqurların həbslərinə münasibətindən də görmək mümkündür – belə reaksiya demək olar ki, yoxdur.

Amma tezislərin qeyri-ciddi olması Rusiyanın həmin tezislərlə guya əsaslandırılan niyyətlərinin də qeyri-ciddi olduğu anlamına gəlmir. Zatulin bir məsələdə haqlıdır: vəziyyət bu və ya digər şəkildə dəyişməyənədək Moskva təzyiqi dayandırmayacaq. Ötən illərin hadisələrini də nəzərə alsaq, Ermənistan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə deportasiyası, iqtisadi təzyiqin gücləndirilməsi kimi, artıq o qədər də inanılmaz ssenari görünmür. Görünür, Rusiya təzyiqi davam etdirəcək – Zatulinin istədiyi kimi Paşinyanı Ermənistandan sıxışdırıb çıxaranadək, yaxud Rusiyanın özünü Ermənistandan sıxışdırıb çıxaranadək. Çox güman ki, baş verəcək olan da məhz ikincisidir.

Simvolik olan budur ki, Ermənistanın media məkanında Zatulinin sözlərinə demək olar ki, heç bir reaksiya yoxdur”, – Verdyan yekunlaşdırıb.

Rauf Orucov