Ona inanmaq olarmı?
Avropaya iri miqyaslı hücum, yoxsa hibrid əməliyyatlar üsulu...
25 Oktyabr 2026
Putin Moskvanın Avropa ölkələri ilə müharibəyə hazırlaşmadığını bəyan edib, Rusiyadan qaynaqlanan təhlükə və mümkün münaqişəyə hazırlıq barədə iddiaları isə “siyasi şizofreniya” adlandırıb.
“Avropa xalqları Rusiya ilə müharibə istəmirlər. Sözlərimizin eşidilməsini istəyirəm. Biz də istəmirik, Avropa ilə hər hansı müharibəyə hazırlaşmırıq”, – Putin özünün “cib jurnalisti” Pavel Zarubinə müsahibəsində deyib.
Rusiya liderinin sözlərinə görə, Avropa ölkələri Ukrayna münaqişəsindən Rusiyaya qarşı kampaniya aparmaq üçün bəhanə kimi istifadə edirlər. “Məlum olduğu kimi, bu, xaricdə, ilk növbədə Avropa ölkələrində bəzi bədxahlarımızın Rusiyaya qarşı bütün istiqamətlərdə kampaniya başlatmasına səbəb olub, yaxud onlara bəhanə verib. İndi isə onlar daima Rusiyadan qaynaqlanan təhlükədən, Rusiya ilə müharibəyə hazırlığın başlanmasından danışırlar. Məncə, bu, bir növ siyasi şizofreniyadır”, – o bildirib.
Putin bu vəziyyətin dəyişəcəyinə ümid etdiyini söyləyib və Avropa ölkələrini “Rusiyanı hərbi yolla məğlub etməyin mümkünsüzlüyünü” nəzərə almağa çağırıb.
“Hamı üçün aydın olub ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil, onu strateji məğlubiyyətə uğratmaq qeyri-realdır”, – Rusiya prezidenti deyib.
O, Moskva ilə əməkdaşlığın Avropa xalqlarının maraqlarına uyğun olacağını da bildirib. “Düşünürəm ki, əsrlər boyu Rusiyanın strateji məğlubiyyətinə can atan insanlar – təəssüf ki, bu gün də belə insanlar var – müasir həyatın reallıqlarını dərk edəcək və Rusiya ilə mehriban yaşamağın daha yaxşı olduğunu anlayacaqlar. Bu, onların xalqlarının maraqlarına uyğundur”, – Putin əlavə edib.
Bütün bunların fonunda ilk növbədə tamamilə ritorik sual yaranır: Putinə ümumiyyətlə hər hansı məsələdə etibar etmək olar? Bu adamın söylədiyi yalana görə üzr istədiyi hallar olubmu? Cavab aydındır. Üstəlik, hamı xatırlayır ki, Putin və onun bütün ətrafı 2022-ci il fevralın 24-dək bir neçə ay ərzində Ukraynaya hücum ehtimalını inkar edirdilər. Halbuki həmin vaxt Qərb kəşfiyyat xidmətləri Rusiyanın açıq-aşkar silahlı təcavüzə hazırlaşdığı barədə mediaya müntəzəm olaraq məlumat sızdırırdılar. Nəticədə, məhz belə bir hücumla üzləşdik.
Bu gün Putin Avropa ilə müharibəyə hazırlaşdıqlarını inkar edir. Bəs onun bu dəfə də, yumşaq desək, səmimi olmadığını göstərən konkret faktlar varmı?
Mövzu ilə bağlı Pressklub.az-a danışan postsovet ölkələri üzrə ekspert, Çexiya Radiosunun beynəlxalq xəbərlər şöbəsinin müxbiri Ondrjey Soukup (Praqa) bildirib ki, onun fikrincə, Avropada Vladimir Putinin sözlərini olduğu kimi qəbul edən insanlar qalmayıb.

“Əksinə, insanlar düşünəcəklər ki, əgər o, belə deyirsə, deməli, əslində bunun tam əksini edəcək.
Avropa ilə müharibənin hansı formada ola biləcəyi isə başqa məsələdir. Ukraynada müharibəni güclə davam etdirən Rusiya ordusunun başqa yerdə, məsələn, Baltikyanı ölkələrdə hətta məhdud miqyaslı münaqişəyə qoşulmaq üçün nə qədər qüvvəsinin qaldığı aydın deyil.
Buna görə də, çox güman ki, biz artıq müşahidə etdiyimiz bir prosesin davamını görəcəyik: Avropa ölkələrinin nə dərəcədə qətiyyətli olduqları sınağa çəkiləcək. Avropa ərazisində dron hücumları baş verə bilər. Yaxud mediada geniş işıqlandırılmayan başqa insidentlər yaşana bilər. Məsələn, bir neçə həftə əvvəl Belarus-Latviya sərhədində tanınma nişanları olmayan, üzlərinə balaklava taxmış silahlı şəxslər sərhəd hasarına zərər vurub, Latviya ərazisinə bir neçə on metr daxil olub, müşahidə kamerasını məhv etdikdən sonra yenidən Belarus ərazisinə qayıdaraq gözdən itiblər.
Bu, təcavüz aktı idi. Amma birincisi, hadisə Rusiyada deyil, Belarusda baş verib. İkincisi, həmin şəxslərin Rusiya və ya Belarus hərbçiləri olduğunu sübut edə bilərsinizmi? Belə hallarda qarşı tərəfin qətiyyətini bu cür yoxlayacaqlar: “Bizə nə edə bilərsiniz? Bunu biz etməmişik, ya hansısa muzdlu şəxslər törədib, ya da ümumiyyətlə, təxribatdır”.
Məncə, hansısa Avropa dövləti ilə genişmiqyaslı müharibədən daha çox, məhz belə hibrid əməliyyatların şahidi olacağıq”, – Soukup hesab edir.
Rauf Orucov