Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi: Pul, qaz və 300 minlik təhlükə
Paşinyan Putinin əlindəki bütün kartları hesablaya bilibmi?
05 Sentyabr 2026
Rusiya Ermənistana təzyiq göstərmək üçün bir neçə ciddi rıçaqa malikdir. Bunu NEWS.am-a müsahibəsində siyasi texnoloq Armen Badalyan Rusiyanın Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstanın paytaxtında keçirilmiş son görüşünü şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Kreml, məsələn, Rusiyadan Ermənistana pul köçürmələrinin qarşısını ala bilər. Söhbət 1-1,5 milyard dollardan gedir.
“İkincisi, onlar hələ də öz bazarlarını bizim kənd təsərrüfatı məhsullarımız üçün açmayıblar. Beləliklə, Ermənistanın illik itkisi təxminən 1 milyard dollar təşkil edə bilər. Nikol Paşinyan sentyabrda, oktyabrda və ya ən geci noyabrda haradansa 1 milyard dollar tapmalı olacaq. Bu, bankların nəhayət fermer təsərrüfatlarına əvvəllər verdikləri kredit vəsaitlərini geri qaytara bilməsi üçün lazımdır”, – Badalyan izah edib.
Bundan başqa, siyasi texnoloqun iddiasına görə, Moskva Rusiyada işləyən və yaşayan yüz minlərlə Ermənistan vətəndaşını deportasiya edə bilər.
“Bəzi qəzetlərdə 170 min nəfər rəqəmi göstərilib. Amma daha dəqiq desək, hazırda Rusiyada Rusiya vətəndaşlığı olmayan təxminən 800 min erməni yaşayır. Onları ölkədən çıxara bilərlər. Əlbəttə, hamısını yox, 300 min nəfər də kifayət edər. İndi belə bir vəziyyəti təsəvvür edin: respublikaya 300 min insan qayıdır və deyir: “Nikol Paşinyan, bizə çörək ver! Sənin ucbatından mən çörəyimi itirdim. Krasnodarda yaşayırdım və yaxşı yaşayırdım. Samarada yaşayırdım, Lipetskdə yaşayırdım, Moskvada yaşayırdım və öz biznesim var idi. İndi sənin ucbatından bütün bunları itirmişəm”. Sizcə, polis ortaya çıxıb “Hökumət binasından uzaqlaşın” deyəcək?” – ekspert bildirib.
Badalyan əmindir ki, hər şeyini itirmiş, üstəlik, bədbəxt övladlarının ac üzlərinə baxmağa məcbur olan insanlar polis əməkdaşlarının arqument və tələblərinə qulaq asmayacaqlar.
“Bütün bunlarla yanaşı, qaz məsələsi də var. Avropa İttifaqına getmək istəyirsiniz? O zaman Ermənistan üçün qazın qiyməti Aİ üzvü olan ölkələrdəki kimi olacaq. Hazırda sərhəddə qazın qiyməti 1000 kubmetr üçün 170,5 dollar olduğu halda, Avropada bu rəqəm təxminən 750 dollardır. Bu isə o deməkdir ki, son istehlakçı 1000 kubmetr qaz üçün 800-850 dollar ödəyəcək”, – ekspert əlavə edib.
Lakin onun sözlərinə görə, bu da hələ hamısı deyil. Badalyanın fikrincə, qazın bahalaşması dərhal elektrik enerjisinin qiymətinin də artmasına gətirib çıxaracaq. Bütün bunlar hamısı bir yerdə Ermənistanda istehsal olunan bütün məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq.
“Sevinclə səslərini və dəstəklərini Nikol Paşinyana verən pensiyaçılar və seçicilər adi çörəyə artıq 220 dram yox, 1000 dram ödəyəcəklər. Hər şey dəfələrlə bahalaşacaq”, – siyasi texnoloq izah edib.
Bəs Badalyan öz proqnozlarında nə dərəcədə haqlıdır? Rusiya ilə əlaqələrin kəsilməsi halında Ermənistanı həqiqətən də bütün bu fəlakətlər gözləyə bilərmi?
Bununla bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əmindir ki, Badalyanın bu proqnozları həm Paşinyana, həm də iqtisadiyyatı idarə edən məmurlara daha ətraflı şəkildə çoxdan məlumdur.

“Badalyanın sözlərində müəyyən qədər həqiqət var, amma bunun fəlakətə gətirib çıxaracaq dərəcədə olduğunu düşünmürəm. Badalyan bəzi məqamları bilərəkdən şişirdir. Xüsusilə də Rusiyadan 300 min erməninin deportasiya oluna biləcəyi barədə dedikləri o qədər də inandırıcı deyil. Rusiya Afrikadan, Şimali Koreyadan, Hindistandan və digər yerlərdən işçi qüvvəsi cəlb etdiyi halda, belə sayda insanı ölkədən deportasiya etməyəcək. Bir neçə yüz nəfərin deportasiya edilməsi mümkündür və son vaxtlar belə hallar da baş verib.
Koçaryan və Sarkisyanın hakimiyyəti dövründə Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılı idi. Ölkə iqtisadiyyatının 48 faizi Rusiyanın nəzarətindədir. İxrac da əsasən Rusiyaya yönəlib. Paşinyan hökuməti Qərbyönümlü siyasi xətt seçməklə ölkəni Rusiyanın təzyiqindən azad etmək istəyir. Alternativ olaraq Avropa bazarlarına çıxmağa çalışır. Avropa İttifaqı da bunun üçün şərait yaratmaq öhdəliyini üzərinə götürüb. Avropaya, xüsusilə də sərhəd açıldıqdan sonra Türkiyə bazarına çıxış əldə edildikdən sonra Rusiyadan iqtisadi asılılıq azalacaq. Yeri gəlmişkən, yaxın günlərdə Ermənistanda türkiyəli iş adamlarının iştirakı ilə görüş keçirilməsi gözlənilir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiya qazının qiymətinin artması tamamilə mümkündür və bunun baş verməsi halında Ermənistanın qazı İrandan alması ehtimalı var.
“Azərbaycan qazının alınması məsələsini də müzakirə etmək olar.
Ermənistana Rusiyadan iqtisadi asılılığını tədricən azaltmaq üçün vaxt lazımdır. Məhz buna görə də Rusiya prezidenti faktiki olaraq referendumun mümkün qədər tez keçirilməsini tələb edir. Referendum siyasi prosesdir və parlament seçkilərində məğlub olmuş Rusiyayönümlü qüvvələr bu müddət ərzində yenidən təxribat xarakterli addımlar ata, Rusiya da vətəndaş müharibəsinə qədər gedib çıxan təxribatçı siyasət yürütməyə başlaya bilər.
Lakin Badalyan onu da qeyd etməli idi ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən Rusiya idxal-ixrac əməliyyatlarını İrəvan üzərindən həyata keçirir və Ermənistan hazırda Rusiya üçün bir növ oksigen pəncərəsidir. Bu pəncərə bağlanarsa, Rusiyanın da kifayət qədər ciddi problemləri yaranacaq”, – İsmayıl vurğulayıb.
Rauf Orucov