Konstitusiya, referendum, seçkilər... – Paşinyan bütün kartları qarışdırıb
Ekspert: Hazırkı müxalifətin siyasi səhnədən sıxışdırılıb çıxarılması ehtimalı yüksəkdir
27 Oktyabr 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini bildirib.
“Bizim yeni Konstitusiyamız olmalıdır. Müxalifətdəki həmkarlarımızı bunun çox vacib məsələ olduğuna inandırmağa çalışacağıq. Buna nail olmasaq, başqa ssenarilər üzrə hərəkət edəcəyik. O cümlədən növbədənkənar seçkilər keçirə bilərik. Belə bir ssenarinin mümkün olmadığını kim deyib?” – Paşinyan bildirib.
Müxalifətdəki “Güclü Ermənistan” partiyası isə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin mümkün olmadığını bəyan edib.
“Paşinyan bizi Əliyevin tələbi ilə keçirilən yeni Konstitusiyanın qəbulu üzrə referenduma razı sala bilməz”, – partiyadan bildirilib.
“Qraparak” qəzetinin yazdığına görə, “Güclü Ermənistan” partiyasında Paşinyanın müxalifəti yeni Konstitusiyanın qəbuluna inandıra bilməyəcəyi təqdirdə növbədənkənar seçkilərə gedəcəyi barədə bəyanatına açıq şəkildə cavab verib-verməmək, yoxsa məsələ gündəliyə daxil edilənədək susmaq barədə uzun müddət müzakirələr aparılıb.
“Xatırladaq ki, Paşinyanın bəyanatına “Güclü Ermənistan” fraksiyasının katibi vasitəsilə cavab verilib. Bildirilib ki, partiya yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsini dəstəkləmək niyyətində deyil, “Əliyevin tələbi ilə” Konstitusiyanın dəyişdirilməsinə qarşıdır və növbədənkənar seçkilərə hazırdır.
Müzakirələr zamanı müxalifətçilər kəskin cavabın arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini və Paşinyanın yenidən onlara qarşı repressiv vasitələrdən istifadə edə biləcəyini ehtimal ediblər. Bununla belə, Paşinyanın onların üzərinə gəlməsini də cavabsız qoymayacaqları qərarına gəliblər.
Onlar əmindirlər ki, Paşinyan referenduma hazırlaşır, çünki artıq Əliyevin təzyiqinə qarşı dura bilmir. Ümumiyyətlə, elə bir mərhələyə qədəm qoymuşuq ki, Paşinyana hər tərəfdən təzyiq göstərilir: Rusiya Aİ–Aİİ dilemması ilə bağlı, Qərb Rusiyadan uzaqlaşmaq tələbi ilə, Əliyev isə anklavlar və Konstitusiya məsələləri ilə bağlı təzyiq edir”, – “Qraparak” yazır.
“Joxovurd” qəzeti isə hakimiyyətə yaxın mənbələrə istinad edərək yazır ki, Nikol Paşinyanın Konstitusiya dəyişiklikləri prosesinin baş tutmayacağı təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə bəyanatı hakimiyyət daxilində ciddi narahatlıq yaradıb.
“Məsələ ondadır ki, hakimiyyət nümayəndələrinin çoxu növbəti seçkilərdən sonra vəzifələrində qalmaq və rahat işləmək üçün ən azı dörd-beş il vaxtları olacağını düşünürdü. Lakin Paşinyanın bəyanatı göstərdi ki, vəziyyət istənilən an dəyişə bilər və hakimiyyət nümayəndələrinin siyasi gələcəyi onların düşündüyü qədər təminatlı deyil.
Əldə etdiyimiz məlumata görə, hakimiyyət dairələrində ən azı üç müxtəlif qrup daxilində kifayət qədər gərgin müzakirələr keçib. Hakimiyyət nümayəndələri onları nələrin gözlədiyini, Paşinyanın hansı addımları ata biləcəyini və yeni seçki prosesinə hazırlaşmağın lazım olub-olmadığını anlamağa çalışıblar.
Vəziyyəti daha da mürəkkəbləşdirən odur ki, hakimiyyət dairələrinin bəzi nümayəndələrinin fikrincə, Paşinyan kifayət qədər sərt qərar qəbul edərək komandasının bu ssenariyə hazır olmadığı halda növbədənkənar parlament seçkilərinə gedə bilər”, – nəşr qeyd edir.
Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı ilə əlaqələndirməklə hansı məqsədi güdür? Seçkilərlə bağlı bəyanat mandatı yeniləmək niyyətinin real göstəricisidir, yoxsa müxalifətə və öz komandasına təsir göstərmək üçün siyasi rıçaqdır?
Konstitusiya islahatının Azərbaycanın tələbi ilə həyata keçirildiyi fikrinin önə çəkilməsi müxalifət elektoratının səfərbər olunmasına necə təsir edir? Bakının Konstitusiya və anklavlarla bağlı tələbləri Rusiya və Qərbin ziddiyyətli təzyiqləri ilə (Aİİ və Aİ arasında seçim dilemması, eləcə də Rusiyadan uzaqlaşmaq tələbi) necə uzlaşır?
Konstitusiyanın dəyişdirilməsi təşəbbüsü ölkə daxilində yaranmış dövlət ehtiyacının ifadəsidir, yoxsa xarici təzyiqlərin nəticəsidir? Paşinyanın komandasının hazırlıqsızlığına və müxalifətin müqavimətinə baxmayaraq növbədənkənar seçkilərə getməsi ölkənin siyasi sistemində hansı nəticələrə səbəb ola bilər?
Gürcüstan Texniki Universitetinin professoru, beynəlxalq münasibətlər doktoru, konfliktoloq Amiran Hevtsuriani Pressklub.az-a açıqlamasında bildirib, Ermənistan da digər dövlətlər kimi öz gündəliyinə malikdir və bu gündəliyin formalaşdırılması ölkənin suveren hüququdur.

“Ermənistan hakimiyyəti bu gündəlik çərçivəsində erməni cəmiyyətinin yüksək etimadını qazanıb və ölkənin inkişafı üçün öz suverenliyi daxilində zəruri addımlar atmaq hüququna malikdir. Hakim komanda bu mühüm addımlardan biri kimi Konstitusiya islahatını görür və təbii ki, belə bir islahat keçirmək hüququ var.
Başqa məsələ parlament müxalifətinin bu təşəbbüsü nə dərəcədə dəstəkləyəcəyidir. Çünki müvafiq islahatın həyata keçirilməsi üçün müxalifətin ən azı altı deputatının səsi lazımdır. Müxalifət müqavimət göstərərsə, böyük ehtimalla, Paşinyan növbədənkənar parlament seçkiləri təyin edəcək. Üstəlik, onun indiki parlament müxalifətini də siyasi səhnədən sıxışdırıb çıxarmaq ehtimalı yüksəkdir. Çünki mövcud şəraitdə müxalifətin hətta əvvəlki seçkilərdə qazandığı nəticələri təkrarlaya biləcəyinə şübhə var.
Aydındır ki, Paşinyan ölkənin hərtərəfli modernləşdirilməsini həyata keçirmək niyyətindədir. Bu proses keçmişə yenidən qiymət verilməsini və yeni geosiyasi reallıqların nəzərə alınmasını tələb edir. Ermənistan postsovet irsini geridə qoymağa və beynəlxalq siyasi arenada yeni ortaq məqamlar tapmağa çalışır. Buna görə də elan edilmiş Konstitusiya islahatına ölkənin modernləşdirilməsi kontekstində baxmaq lazımdır.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Konstitusiyanın dəyişdirilməsi təşəbbüsü xarici təzyiqdən daha çox, ilk növbədə, Ermənistanın daxili dövlət maraqları ilə şərtlənir.
Təbii ki, rəsmi Bakının amili öz əhəmiyyətini qoruyur. Eyni sözləri Kremlə də aid etmək olar. İrəvanın hər iki tərəflə xüsusi münasibətləri var və qərarların qəbulu prosesinin hər mərhələsində onların mövqeyini nəzərə almalıdır. Bununla belə, Ermənistanın vəziyyətinin pisləşdiyini söyləməzdim. Ölkə daha mürəkkəb dövr yaşayıb və bu gün öz qarşısında duran çağırışlara cavab vermək baxımından, məsələn, cəmi bir il əvvəl olduğundan daha geniş imkanlara malikdir.
Hazırda Ermənistanın qarşısında duran əsas vəzifələr daxili siyasi sabitliyi qorumaq, xarici təhdidləri zərərsizləşdirmək və xarici siyasət sahəsində təcriddən çıxmaqdır. Bu üç vəzifə bir-biri ilə sıx bağlıdır və onların həlli Ermənistan rəhbərliyinin ehtiyatlı, ölçülüb-biçilmiş siyasət yürütməsindən asılıdır. Görünür, bu siyasəti həyata keçirmək üçün rəhbərliyin kifayət qədər potensialı var”, – Hevtsuriani bildirib.
Rauf Orucov