Logo
news content
User
Kateqoriyalar

Analitika

İranı məhv edib-etməmək seçimi
Tramp son dərəcə məsuliyyətli seçim barədə danışmağa başlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla qarşıdurmada növbəti addımlarla bağlı qərar verməyin lazım gələcəyi həlledici mərhələyə yaxınlaşır. O, Axios nəşrinin jurnalistləri ilə söhbətində qarşısında son dərəcə məsuliyyətli seçim dayandığını – İrana qarşı dağıdıcı gücdən istifadə edib-etməmək məsələsini həll etməli olduğunu vurğulayıb. Tramp əlavə edib ki, özü də yüksək risk zonasındadır.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Vaşinqtonun bu münaqişəyə birdəfəlik son qoymaq üçün genişmiqyaslı hərbi zərbələri bərpa edib-etməmək barədə qərar verməli olacağı məqam yaxınlaşır.

Qarşıdurmanın bu dönüş nöqtəsində ABŞ rəhbərliyi konkret olaraq hansı qərarı verəcək? Ağ Ev münaqişəyə son qoymaq məqsədilə İrana qarşı kütləvi zərbələri bərpa etməyə gedəcəkmi? Trampın açıqladığı – rəqibi məhv etmək və ya başqa həll yolları axtarmaq arasındakı seçim hadisələrin sonrakı inkişafına necə təsir göstərəcək?

Bununla bağlı Pressklub.az-a danışan tanınmış amerikalı analitik, İllinoys Universitetinin professoru Riçard Tempestin sözlərinə görə, Trampın voluntarist siyasi üslubu – “mənim başıma hər şey gələ bilər” yanaşması – İrana qarşı genişmiqyaslı hücum ehtimalının istisna edilmədiyini düşünməyə əsas verir.

Bununla belə, mənim fikrimcə, belə bir hücumun uğurla nəticələnməsi çətin görünür. Niyə? ABŞ-ın hərbi əməliyyatları əvvəlki mərhələlərdə genişləndirməsi ona həlledici qələbə qazandırmayıb. Eynşteynə aid edilən məşhur bir apokrifi xatırladım: “Dəlilik – fərqli nəticə gözləyərək eyni hərəkəti dönə-dönə təkrarlamaqdır”. Üstəlik, Tehranın asimmetrik cavab addımları – Hörmüz boğazının blokadaya alınması, onun müttəfiqləri olan husilərin Moha limanını və Bab əl-Məndəb boğazındakı adaları ələ keçirməsi, husilərin Səudiyyə Ərəbistanı ərazisinə zərbələri, eləcə də iranlıların özlərinin ABŞ hərbi bazalarına hücumları – Yaxın Şərq regionunda ABŞ-ın strateji vəziyyətinin pisləşməsinə səbəb olub”, – ekspert qeyd edib.

Onun fikrincə, İran, KXDR və Rusiya, şübhəsiz ki, müttəfiqdirlər.

Bunlar ABŞ və kollektiv Qərbin yaratdığı dünya nizamını dəyişdirməyə və bununla yanaşı, ABŞ-ın mövqelərini zəiflətməyə çalışan revizionist dövlətlərdir. Çin isə burada müəyyən qədər kənarda dayanır. Çünki iki fövqəldövlətdən biri olaraq yeni qlobal status-kvonun formalaşmasında maraqlıdır. Bu baxımdan Rusiyanın Ukrayna ilə, ABŞ-ın isə İranla müharibəsi Çin üçün qlobal qüvvələr balansını yenidən tənzimləmək imkanı yaradır. Bir-iki ildən sonra Pekinin hər iki münaqişənin nizamlanmasında açıq və ya pərdəarxası vasitəçi rolunu üzərinə götürdüyünü görsək, buna təəccüblənmərəm”, – Tempest ehtimal edib.

Rauf Orucov