Logo
news content
User
Kateqoriyalar

Analitika

Gürcüstanın seçimi: Rusiya və Belarus... Yolu?
Hakimiyyətin yalnız özünə uyğun namizədləri deyil, həm də özünə sərf edən opponentləri seçir

Müxalif “Lelo – Güclü Gürcüstan” birliyinin xarici əlaqələr üzrə katibi Qriqol Qeqeliya hakim “Gürcü Arzusu” partiyasının bir sıra müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı təşəbbüsünü sərt tənqid edib. O, bu cür müzakirələri diktator rejimlərinə xas ekstremal tədbir adlandıraraq, Gürcüstanın Belarus və Rusiyanın yolu ilə getdiyini bildirib.

Siyasətçinin sözlərinə görə, “Gürcü Arzusu” rejimi yalnız Avropa kursuna sadiq qalmaq görüntüsü yaradır, əslində isə sərt diktaturanı möhkəmləndirir.

Qeqeliya vurğulayıb ki, ölkə vətəndaşlarının təxminən bir milyonunun səs verdiyi partiyaları qadağan etməyə cəhd göstərilməsi yolverilməzdir və hətta “seçkili avtokratiya” formatı üçün belə ağlasığmazdır.

Onun sözlərinə görə, bu cür addımlar sivil dünyanın ciddi narahatlığına səbəb olur və Gürcüstanın beynəlxalq tərəfdaşlarının çox sərt reaksiyasına gətirib çıxaracaq.

Məsələ artıq beynəlxalq miqyas alıb. Avropa Parlamentində hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı rəsmi başlıqla debatların keçirilməsi planlaşdırılıb. Ardınca avroparlamentarilər müvafiq qətnamə üzrə səsvermə keçirəcəklər. 

Müxalifətçi Qeqeliyanın iddiaları nə dərəcədə əsaslıdır? Hazırkı hakimiyyət tanınmış müxalifət partiyalarının fəaliyyətini həqiqətən qadağan edə bilərmi? Əgər belədirsə, Gürcüstan hakimiyyəti bu addımın ölkənin gələcək Avropaya inteqrasiyasına ümumiyyətlə son qoya biləcəyindən və bütün Qərb dünyası ilə münasibətləri ciddi şəkildə pisləşdirəcəyindən ehtiyat etmir?

Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, Qriqol Qeqeliya ilə əsas məsələdə mübahisə etmir – ən böyük müxalifət partiyalarının qadağan edilməsi, həqiqətən də, müəyyən bir sərhədin aşılması deməkdir.

“Amma Belarus və Rusiya ilə müqayisələri hələlik siyasətçilərin ixtiyarına buraxardım. Gürcüstanda onsuz da vəziyyət kifayət qədər ciddidir və onu əlavə epitetlərlə daha da ağırlaşdırmağa ehtiyac yoxdur.

Üstəlik, biz artıq nəzəri ehtimalı müzakirə etmirik. Konstitusiya Məhkəməsinə iddia verilib və söhbət eyni anda bir neçə müxalifət partiyasından gedir. Buna görə də bu gün məsələ “Gürcü Arzusu”nun işi partiyaların qadağan olunmasına qədər çatdırmağa cəhd göstərib-göstərməyəcəyində deyil. O, artıq buna cəhd edir. Məsələ başqadır – Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edib-etməyəcəyi və bunun siyasi nəticələrinin necə olacağı.

Məhz burada ən maraqlı məqam başlayır. Çünki ayrı-ayrı müxalifət partiyaları ilə istənilən qədər mübahisə etmək, onları radikallıqda, parlamenti boykot etməkdə, seçkilərin nəticələrini tanımamaqda və ümumiyyətlə, bütün siyasi günahlarda ittiham etmək olar. Mənim özümün də Gürcüstan müxalifətinə çoxlu suallarım var. Amma əhəmiyyətli seçici dəstəyinə malik siyasi partiyaları qadağan etmək tamam başqa məsələdir. Demokratiyada pis müxalifəti seçkilərdə məğlub edirlər. Müxalifətin qadağan edilməsi isə hakimiyyətin yalnız özünə uyğun namizədləri deyil, həm də özünə sərf edən opponentləri seçməyə başlaması deməkdir. Bu isə artıq çox təhlükəli modeldir”, – politoloq bildirib.

Avropaya inteqrasiyaya gəlincə, onun sözlərinə görə, burada vəziyyət demək olar ki, sürreal xarakter alır.

“Gürcüstan Konstitusiyasında Aİ və NATO-ya inteqrasiya kursu təsbit olunub, hakimiyyət ölkənin Avropa gələcəyindən danışmaqda davam edir. Bu arada isə Avropa Parlamenti “Gürcü Arzusu” hakim partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı xüsusi debat keçirir. Məncə, elə bu başlığın özü Tbilisi ilə Brüssel arasındakı münasibətlərdə böhranın dərinliyini kifayət qədər yaxşı təsvir edir.

Partiyaların qadağan edilməsi Avropaya inteqrasiyanın üzərindən birdəfəlik xətt çəkəcəkmi? Mən “birdəfəlik” sözündən istifadə etməzdim. Ümumiyyətlə, siyasətdə çox az şey birdəfəlik olur. Amma tamamilə aydındır ki, belə bir qərar bugünkü Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdıracaq və onsuz da son dərəcə ağır olan Qərb tərəfdaşları ilə münasibətləri kəskin şəkildə pisləşdirəcək.

“Gürcü Arzusu” bundan ehtiyat edirmi? Məncə, sualı başqa cür qoymaq lazımdır. Hakimiyyətin addımlarına əsasən, bu gün Qərblə qarşıdurmanın siyasi qiyməti daxili siyasi sistem üzərində nəzarəti itirmək riskindən daha az təhlükəli hesab olunur. Məncə, bütün bəyanatlardan daha vacib olan məhz budur. Çünki siyasətçilər istənilən şeyi deyə bilərlər. Nəticə etibarilə, ölkənin istiqamətini bəyanatlar deyil, qərarlar müəyyən edir. Təəssüf ki, son illərin qərarları Gürcüstanı vəd etdiyi istiqamətə aparmır”, – Vasadze fikrini yekunlaşdırıb.

Rauf Orucov