Gürcüstanda “absurd teatrı” – Partiyalar hansı əsasla qadağan edilir?
İqtidar seçicilərin yarısının səs verdiyi müxalif qüvvələri sıradan çıxarır
23 Oktyabr 2026
Gürcüstanın 19 vətəndaş cəmiyyəti təşkilatı hakim “Gürcü Arzusu” partiyasının beş əsas müxalifət partiyasının qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə verdiyi iddiaya baxılması ilə əlaqədar birgə bəyanatla çıxış edib.
QHT-lərin qiymətləndirməsinə görə, bu addım hakim partiyanın qeyri-demokratik və repressiv siyasətinin birbaşa davamıdır və ölkənin avtoritarlaşmasında keyfiyyətcə yeni, son dərəcə ağır mərhələni göstərir.
İddia beş siyasi birliyə aiddir: “Vahid Milli Hərəkat”, “Dəyişikliklər naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Qaxariya Gürcüstan naminə” və “Federalistlər”. Onların hamısı Qərbyönümlü kurs bəyan edir, ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmağın tərəfdarıdır.
Qeyri-hökumət təşkilatlarının bildirdiyinə görə, təqdim edilmiş iddia tamamilə əsassızdır və həm Gürcüstan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin və Venesiya Komissiyasının fundamental standartlarına ziddir.
Belə ki, iddiaçıların yeganə “sübutu” Konstitusiyanın və parlament reqlamentinin kobud şəkildə pozulması ilə yaradılmış müvəqqəti istintaq komissiyasının hüquqi qüvvəsi olmayan rəyidir.
Bəyanatda qeyd olunur ki, iddiada hakimiyyətin tənqidi, parlament boykotu, partiyalararası əməkdaşlıq, dinc etirazlar və beynəlxalq tərəfdaşlara müraciətlər kimi legitim demokratik vasitələr manipulyativ şəkildə konstitusiya quruluşunun devrilməsinə cəhdlə eyniləşdirilir.
Təşkilatlar bildirir ki, 2024-cü il parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına əsasən, bu partiyalar 784 830 vətəndaşın, yəni seçicilərin təxminən 38 faizinin dəstəyini qazanıblar. Onların qadağan edilməsi yüz minlərlə vətəndaşın siyasi təmsilçilik hüququndan məhrum edilməsi deməkdir.
“Bu addım onsuz da sarsılmış seçki institutuna ictimai etimadı birdəfəlik sarsıdacaq, gələcək seçkiləri mənasız edəcək, hakimiyyətin dinc və demokratik yolla dəyişdirilməsi perspektivini məhv edəcək və birpartiyalı diktaturanı rəsmiləşdirəcək”, – bəyanatda deyilir.
Qeyri-hökumət təşkilatları üç əsas ünvana müraciət edirlər:
Konstitusiya Məhkəməsinin hakimlərinə – siyasi plüralizmin və seçim azadlığının qorunmasının vacibliyini nəzərə alaraq, müstəqil və qərəzsiz davranmağa, Konstitusiyaya və insan hüquqlarının müdafiəsi standartlarına uyğun qərar qəbul etməyə çağırırlar.
Gürcüstan vətəndaşlarına – birpartiyalı idarəçiliyin qanuniləşdirilməsi ilə barışmamağa, öz konstitusion hüquqlarını – ölkədə hakimiyyəti müstəqil şəkildə seçmək və onu dinc yolla dəyişmək hüququnu qorumaq üçün vahid vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırlar.
Beynəlxalq ictimaiyyətə və tərəfdaşlara – Konstitusiya Məhkəməsində gedən prosesi və onun ölkədəki demokratik mühitə mümkün təsirini diqqətlə izləməyə çağırırlar.
Birgə bəyanatı aşağıdakı təşkilatlar imzalayıblar:
- Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət (ISFED)
- Vətəndaş Cəmiyyəti Fondu (Civil Society Foundation)
- Transparency International Georgia
- Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası
- Sosial Ədalət Mərkəzi
- İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI)
- Demokratiya Araşdırmaları İnstitutu (DRI)
- “Rights Georgia”
- Sapari
- Avropa Fondu (Europe Foundation)
- Avropa-Gürcüstan İnstitutu (EGI)
- Çoxpartiyalı Demokratiyanın Şərqi Avropa Mərkəzi (EECMD)
- “İnsan Hüquqları naminə Tərəfdaşlıq” (PHR)
- Gürcüstanın Strategiya və Beynəlxalq Münasibətlər Araşdırmaları Fondu (Rondeli Fondu)
- İnsan Hüquqları Mərkəzi (HRC)
- Tbilisi Pride
- Qadın Təşəbbüslərinə Dəstək Qrupu (WISG)
- Gürcüstanın Gələcəyi Akademiyası
- İşgəncə Qurbanlarının Psixososial və Tibbi Reabilitasiya Mərkəzi (GCRT)
Hakim “Gürcü Arzusu” partiyasının iddiasının yeganə arqumenti parlament reqlamenti və Konstitusiya pozuntuları ilə yaradılmış istintaq komissiyasının rəyi olduğu halda, bu iddia hüquqi baxımdan nə dərəcədə əsaslıdır?
Dinc etirazların, parlament boykotunun, hakimiyyətin tənqidinin və beynəlxalq tərəfdaşlara müraciətlərin “konstitusiya quruluşunu devirməyə cəhd” kimi qiymətləndirilməsi Venesiya Komissiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına nə dərəcədə ziddir?
QHT-lərin avtoritarlaşma mərhələsi kimi xarakterizə etdiyi şəraitdə Gürcüstan Konstitusiya Məhkəməsi qərəzsizliyini qoruyub siyasi plüralizmi müdafiə edə biləcəkmi?
2024-cü il seçkilərində “Vahid Milli Hərəkat”, “Dəyişikliklər naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Qaxariya Gürcüstan naminə” və “Federalistlər” partiyalarına səs vermiş 784 830 vətəndaşın, yəni seçicilərin təxminən 38 faizinin siyasi hüquqlardan məhrum edilməsinin nəticələri nələr ola bilər?
“Birpartiyalı diktatura”nın rəsmiləşdirilməsi və ölkədə hakimiyyətin dinc yolla dəyişdirilməsi perspektivinin tamamilə itirilməsi hansı risklər yaradır?
Əsas müxalifət qüvvələrinin qadağan edilməsi seçki sisteminə ictimai etimada və gələcək seçkilərin mənasına necə təsir göstərəcək?
İddiaya düşən beş partiyanın hamısının ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma kursunu dəstəklədiyini nəzərə alsaq, onların ləğvi Gürcüstanın beynəlxalq öhdəliklərinə və Avropaya inteqrasiyasına necə təsir edəcək?
19 vətəndaş cəmiyyəti təşkilatının müraciət etdiyi beynəlxalq tərəfdaşların hansı səmərəli monitorinq və reaksiya mexanizmləri var?
Pressklub.az-ın suallarını tanınmış gürcü şərhçilər cavablandırıblar.
Analitik, diplomat, Gürcüstan Avropa Demokratları Partiyasının baş katibi Mamuka Qamğrelidze bildirib ki, hazırda təkcə Konstitusiya Məhkəməsində deyil, Gürcüstanın siyasi həyatının bütün müstəvilərində baş verən prosesi absurd teatrı adlandırmaq olar.

“Ölkənin bütün siyasi həyatı sıfırlanır. Vətəndaşlar əsassız olaraq qanun pozuntularında ittiham edilir və həbs olunurlar. Sosial şəbəkələrdə adi şərhlərə görə cərimələr tətbiq edilir, hətta cinayət təqibi başlanır. Müxalifət mediasına hücumlar edilir. Qərbyönümlü dövlət qulluqçuları, xüsusilə diplomatlar dövlət qurumlarından uzaqlaşdırılır. Avropalı diplomatların və Avropa institutlarının ünvanına təhqiramiz ifadələr səsləndirilir. Bütün bunlar avtoritarizmin daha ağır formasına keçidlə nəticələnməli idi və belə də oldu.
Hökumət Konstitusiya Məhkəməsinə iddia təqdim edib. Məhkəmə ölkənin reytinqi ən yüksək olan beş müxalifət partiyasının qadağan edilib-edilməməsi məsələsinə baxır. Şübhəm yoxdur ki, məhkəmə iddianı təmin edəcək. Məsələ hətta iddianın qeyri-peşəkar və yanlış tərtib edilməsində də deyil, hərçənd bu da problemdir. Əsas məsələ hakim partiyanın Konstitusiya Məhkəməsinə verdiyi siyasi tapşırıqdır. Bu prosesin hüquqi baxımdan əsassız olduğunu məhkəmənin sədri Manana Kobaxidzenin iddiaya baxılmasına bir neçə gün qalmış istefa verməsi də təsdiqləyir.
Hakim partiyanın nümayəndələrinin bəyanatlarından göründüyü kimi, təkcə partiyalar qadağan edilməyəcək, onların üzvlərinin siyasi həyatda iştirakı da yasaqlanacaq. Hökumətin görünməmiş təzyiqləri şəraitində qadağan olunmuş siyasi təşkilatların tərəfdarlarının yeni partiyalar qeydiyyatdan keçirməsi də faktiki olaraq mümkünsüz olacaq. Rusiya və ya Çindəki sistemə bənzər bir quruluş yaradılır: parlamentdə bir aparıcı partiya və onun peyk partiyaları. Çində bu birpartiyalı sistem, heç olmasa, daha dürüstdür. Orada konstitusiyada ölkədə partiya diktaturasının mövcud olduğu açıq şəkildə yazılıb. Gürcüstan hökuməti isə hələ də Avropa İttifaqına üzv olmaq niyyətini bəyan edir.
Düşünürəm ki, növbəti seçkilər açıq-aşkar saxtakarlığa çevriləcək. Təəssüf ki, Avropa İttifaqının Gürcüstanın demokratik yoldan uzaqlaşmasının qarşısını almaq üçün istifadə edə biləcəyi təsirli rıçaqları yoxdur.
Sonrakı hadisələri izləyəcəyik. Qorxuram ki, 2028-ci ildə “Gürcü Arzusu” konstitusion çoxluq əldə edəcək. Bu isə ona dövlətin Avropa və Avroatlantik strukturlara inteqrasiyasını nəzərdə tutan 78-ci maddəni Konstitusiyadan çıxarmaq üçün böyük imkan verəcək. Bundan əlavə, işğal olunmuş ərazilərin statusunun dəyişdirilməsi təhlükəsi də var. Bəlkə də, mən bir qədər təşvişə qapılıram, amma bütün mümkün riskləri nəzərə almamaq məsuliyyətsizlik olardı. Siyasi partiyalar olmadan bu risklərə necə qarşı çıxmaq isə artıq ayrıca məsələdir”, – Qamğrelidze fikrini yekunlaşdırıb.
Öz növbəsində, Tbilisidəki Qara Dəniz Beynəlxalq Universitetinin professoru, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Nika Çitadze bildirib ki, Gürcüstan Konstitusiya Məhkəməsi son parlament seçkilərində birlikdə seçicilərin səslərinin təxminən 50 faizini qazanan beş əsas müxalifət partiyasının qadağan edilməsi məsələsinə baxır.

“Bu partiyaların ləğvi demokratiya prinsiplərinə birbaşa ziddir. İlk növbədə, bu, həm siyasi partiyalara, həm də onlara səs verən və hazırda onları dəstəkləyən seçicilərə hörmətsizliyin təzahürüdür. Əslində, söhbət Gürcüstan əhalisinin demək olar ki, yarısından gedir.
İkincisi, demokratiya siyasi plüralizm üzərində qurulur. Hakimiyyət isə əsas müxalifət qüvvələrini aradan qaldırmaq və yalnız sözdə “müxalifət” partiyalarını saxlamaq istəyir. Halbuki bu partiyalar əslində artıq indidən Gürcüstanın hazırkı rəhbərliyinin siyasətini dəstəkləyirlər.
Siyasi partiyaların qadağan edilməsi diktatura rejimləri üçün səciyyəvi xüsusiyyətdir. Məsələn, bolşeviklər 1917-ci ildə hakimiyyətə gəldikdən sonra ilk qərarlardan biri Sovet Rusiyasında siyasi partiyaların fəaliyyətinin dayandırılması haqqında dekret oldu. Eyni şəkildə, nasistlər 1933-cü ildə Almaniyada hakimiyyətə gəldikdən sonra, artıq 1934-cü ilədək bütün müxalifət partiyaları ləğv edildi və yeganə icazəli siyasi qüvvə Milli Sosialist Partiyası oldu.
Belə bir addım demokratik normalara ziddir, Gürcüstanı Avropadan uzaqlaşdırır və Rusiyaya yaxınlaşdırır. Bu, təkcə Avropaya inteqrasiya üçün deyil, bütövlükdə Gürcüstanın dövlətçiliyi üçün təhlükə yaradır və ölkəni sovet idarəçilik üsuluna qaytarır”, – Çitadze hesab edir.
Rauf Orucov