Gələn il pulu nəyə xərcləyəcəyik?
Müdafiə güclənir, sosial xərclər artır, neftdən asılılıq azaldılır
18 Sentyabr 2026
Maliyyə Nazirliyinin açıqladığı 2027-ci il dövlət büdcəsinin ilkin parametrləri və orta müddətli çərçivə ölkənin iqtisadi, hərbi və sosial siyasətinin ana xəttini nümayiş etdirir. Əvvəlki dövrün maliyyə göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, hökumət makroiqtisadi sabitliyi qorumaqla yanaşı, təhlükəsizlik, "Böyük Qayıdış" və sosial rifah öhdəliklərini əsas prioritet kimi saxlayır. Dövlət maliyyəsinin idarə olunmasında ehtiyatlı nəzarət mexanizmləri, qeyri-neft gəlirlərinin artırılması və sosial bloka ayrılan vəsaitlərin genişləndirilməsi xüsusi diqqət çəkir.
Gəlir və xərclərdə mülayim artım dinamikası
2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. 2026-cı ilin göstəriciləri ilə (38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc) müqayisədə həm gəlirlərdə (təxminən 625 milyon manat), həm də xərclərdə (696,4 milyon manat) mülayim artım gözlənilir. Büdcə kəsiri isə 3 milyard 166 milyon manat həddində nəzərdə tutulur ki, bu kəsirin daxili borclanma və digər fiskal alətlərlə örtülməsi planlaşdırılır.
İcmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat, xərcləri isə 50 milyard 386,7 milyon manat səviyyəsində müəyyən olunub ki, bu da dövlət maliyyəsinin ümumi miqyasının böyüdüyünü göstərir.
Neft Fondundan transfert azalır, büdcə qiyməti sabit qalır
Fiskal siyasətin diqqətçəkən məqamlarından biri neft gəlirlərindən asılılığın azaldılması istiqamətində atılan addımdır. 2027-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transferti 11 milyard 900 milyon manat nəzərdə tutulur. Bu, 2026-cı ilin transfert həcmi (12 milyard 750 milyon manat) ilə müqayisədə 850 milyon manat azdır.
Büdcə hesablamalarında "Azeri Light" xam neftinin 1 barelinin orta qiyməti 2026-cı ildə olduğu kimi 65 dollar həddində konservativ götürülüb. ABŞ dollarının rəsmi məzənnəsi 1,70 manat səviyyəsində sabit saxlanılıb, illik inflyasiya isə 5,3% proqnozlaşdırılır.
Strateji xərc prioritetləri
Cənubi Qafqazda formalaşan yeni geopolitik reallıqlar, regionda sülh prosesi ilə yanaşı davam edən hərbi-siyasi risklər və Silahlı Qüvvələrin modernləşdirilməsi zərurəti 2027-ci ilin dövlət büdcəsində də öz əksini tapır. Növbəti il üçün müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsaitin 8 milyard 816,4 milyon manata çatdırılması planlaşdırılır. Bu, 2026-cı ilin müvafiq xərc maddələri ilə müqayisədə təxminən 400 milyon manatdan çox artım deməkdir.
Bu həcmdə nəhəng resursun hərbi sektora yönəldilməsi ordunun maddi-texniki təchizatının yenilənməsi, yeni nəsil silah və texnologiyaların alınması, hərbi sənaye kompleksinin inkişafı və işğaldan azad edilmiş sərhəd zonalarında müdafiə infrastrukturlarının möhkəmləndirilməsi məqsədi daşıyır.
Müdafiə xərcləri ilə paralel olaraq, dövlət investisiya xərclərində (kapital qoyuluşlarında) əsas pay yenə də Qarabağ və Şərqi Zəngəzurun bərpasına verilir. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində şəhər və kəndlərin salınması, yolların, tunellərin, enerjı və su xətlərinin çəkilməsi dövlət büdcəsinin əsas inkişaf mühərriki olaraq qalmaqdadır.
Sosial bloka çəkiləcək xərclər nə qədər genişlənir?
2027-ci il büdcəsinin ən xarakterik cəhətlərindən biri maliyyə imkanlarının böyük hissəsinin sosial və humanitar sahələrə yönəldilməsidir. Sosial təyinatlı xərclərin ümumi dövlət büdcəsindəki xüsusi çəkisi 32 faizi üstələyərək 13,5 milyard manatdan çox təşkil edəcək. Bu da o deməkdir ki, dövlətin xərclədiyi hər 3 manatdan 1 manatdan çoxu birbaşa vətəndaşın rifahına, təhsilinə və sağlığına xidmət edəcək.
İlkin rəqəmlər göstərir ki, sosial müdafiə və təminat üçün 4,7 milyard manatı aşan paket nəzərdə tutulur. Beləliklə, 2026-cı ildə bu sahəyə ayrılan 4,4–4,5 milyard manatlıq vəsait 2027-ci ildə daha da artırılaraq 4,7 milyard manatlıq həddi keçir. Bu artım inflyasiya təzyiqlərini neytrallaşdırmaq üçün pensiyaların illik indeksləşdirilməsini, müavinət və təqaüdlərin həcminin böyüdülməsini, minimum əməkhaqqı islahatlarını və ünvanlı sosial yardım mexanizminin genişlənməsini maliyyələşdirəcək.
Təhsil xərcləri gələn il 4,7 milyard manatdan çox olacaq. 2026-cı ilin 4 milyard 550 milyon manatlıq göstəricisi ilə müqayisədə nəzərəçarpan artım gözlənilir. Ayrılan əlavə yüz milyonlarla manat vəsait ölkə üzrə yeni məktəb binası və uşaq bağçalarının inşasına, təhsil sisteminin rəqəmsallaşdırılmasına, ali təhsildə dövlət sifarişli yerlərin artırılmasına və diaqnostik qiymətləndirmə/sertifikasiyadan keçən müəllimlərin əməkhaqqı artımlarına xərclənəcək.
Səhiyyə xərclərində isə 2 milyardlıq hədd geridə qalır. 2026-cı ildə 1 milyard 920 milyon manat olan səhiyyə ayırmaları 2027-ci ildə ilk dəfə 2 milyard manat səviyyəsini ötəcək. Burada əsas pay İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən edilən köçürmələrin payına düşür. Məqsəd tibbi xidmətlər zərfinin əhatə dairəsini genişləndirmək, ağır xəstəliklərlə bağlı dövlət proqramlarını fasiləsiz təmin etmək və bölgələrdə, o cümlədən Qarabağda modern tibb mərkəzlərini istifadəyə verməkdir.
Maliyyə Nazirliyinin elan etdiyi rəsmi parametrlər sübut edir ki, 2027-ci ilin dövlət büdcəsi həm hərbi qüdrətin artırılması, həm də sosial dövlət prinsiplərinin qorunması arasında dəqiq hesablanmış balans üzərində qurulub. Ehtiyatlı neft qiyməti (65 dollar), azaldılan ARDNF transfertləri, gücləndirilmiş ordu və genişlənən sosial paket növbəti ilin iqtisadi modelinin təməl sütunlarını təşkil edir.
Turqut