Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransa vəd etdiyi silahları Ermənistana göndərdi
Aqil Rüstəmzadə: “Bu silahlar regionda hazırki güc balansında əhəmiyyətli dəyişikliyə səbəb olmayacaq”

“Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var, amma biz onu Ermənistana veririk”. Bunu Fransanın Ermənistandakı səfiri Olivier Decotigny özünün X səhifəsində yazıb. Diplomat tvitinə “Politico” jurnalında “Thales” şirkəti tərəfindən istehsal olunan radarlar haqqında məqaləni də əlavə edib. 

Bu məqalədə şirkətin 2008-ci ildən bu yana dünyanın 32 ölkəsinə 200 (təkcə 2023-cü ildə 40) GM radarı satdığı bildirilir. Həmçinin qeyd olunur ki, ötən aylarda Paris Ermənistana üç, Moldovaya isə bir sistem GM200 satıb. Moldova Aİ-nin Avropa Sülh Fondu tərəfindən maliyyələşdirilən daha bir radar almağa hazırlaşır.

Xatırladaq ki, Ermənistan və Fransa ötən il oktyabrın 23-də hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. Bundan cəmi 5 ay sonra - fevralda Fransa silahlı qüvvələr naziri Ermənistanın müdafiə texnikasının ilk partiyasını aldığını bəyan edib.

Sazişə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir.

Müdafiə nazirləri, həmçinin “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı niyyət memorandumu imzalayıblar. Fransanın müdafiə naziri silahların müdafiə xarakteri daşıdığını qeyd edib:

“Bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir. Ermənistan özünü müdafiə etməli və xalqını qoruya bilməlidir. Fransa Ermənistanın qurudan müdafiə qüvvələrinə təlim keçəcək, ordunun islahatı və modernləşdirilməsinə dəstək verəcək”.

Paris dəfələrlə bəyan edib ki, Ermənistana ancaq müdafiə ləvazimatları verir. İrəvanda erməni həmkarı Suren Papikyanla keçirdiyi birgə mətbuat konfransında Sebastyan Lekornu bu regionda prioritet məsələnin həm əhalinin, həm də sərhədlərin qorunması olduğunu bəyan edib. O, vurğulayıb ki, heç kim Ermənistan ordusunun müdafiə imkanlarını artırmasına və hərbi qüvvələrini gücləndirdiyinə görə tənqid edə bilməz. "Bizim səylərimiz sizə özünüzü ən yaxşı şəkildə müdafiə etməyə imkan verəcək", - Lekornu vurğulamışdı.

Ötən ilin sonunda Paris Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 “Bastion” zirehli maşınının Ermənistana gətirildiyini, daha 26-nın isə sonradan gətiriləcəyini, hazırda istehsalda olduğunu açıqlayıb.

Azərbaycan Ermənistana silah göndərişlərini qətiyyətlə pisləyib və bəyan edib ki, müəyyən edilmiş hərbi texnikanın ötürülməsi Ermənistanın hərbi potensialının güclənməsinə və regionda dağıdıcı əməliyyatlara xidmət edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Parisin İrəvana yararsız silahlar göndərdiyini bildirib.

Hərbi ekspert Aqil Rüstəmzadə Pressklub.az-a açıqlamasında Azərbaycan və Ermənistanın son illərdə aldığı silahların regionda hazırki güc balansında əhəmiyyətli dəyişikliyə səbəb olmayacağını deyir.  

“Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla müharibədən güclü ordu hesabına qalib çıxıb və hazırda silahlı qüvvələrini gücləndirir. İstər 44 günlük müharibədə, istərsə də ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatında Ermənistan ordusu böyük həcmdə texnika, canlı qüvvə itkisinə məruz qalıb, onun müdafiə qabiliyyəti sarsılıb. İrəvana ordunun döyüş qabiliyyətini bərpa etmək üçün uzun illər və milyardlarla dollar pul lazım olacaq”. 

Ekspert qeyd edir ki, Ermənistanın hazırda aldığı silahlar az miqdardadır, artilleriya sistemləri, radarlar və gecəgörmə cihazlarından ibarətdir, bu da ordunun ehtiyaclarının kiçik bir hissəsini ödəyə bilər. “Onların əldə etdikləri hərbi-texniki vasitələr Azərbaycan ordusuna hər hansı çətinliklər yarada bilməz”, - o əlavə edib. 

Azərbaycana gəldikdə, A.Rüstəmzadə bildirir ki, hazırda ordunun döyüş qabiliyyəti artırılır, İsraildən ən müasir silah sistemləri, yüksək dəqiqliyə malik vasitələr alınır: 

“Sonuncu dəfə Türkiyədən çox geniş imkanları olan, ən uğurlu ağır zərbə dronu “Akıncı” alınıb. Bundan başqa, Serbiyadan 48 ədəd özüyeriyən artilleriya qurğuları əldə olunub. Ermənistanla Azərbaycan arasında silahlanma nisbətini nəzərə almağa belə dəyməz. Ermənistan ordusu olduqca zəif, müharibədəki ağır məğlubiyyətdən sonra hələ də özünə gəlməmiş ordudur”.

Turqut