Əfsanəvi ABBA qayıdır...
21 Noyabr 2019
Xarici Jurnalistlər Birliyindən ünvanıma gələn dəvətnamə məni gəncliyimə qaytardı. Dəvətnamənin sağ küncündəki şəkildə əfsanəvi ABBA qrupunun solisti Byörn Ulvaeus əlindəki gülü Astrid Lindqrenə verirdi. Bu, həmin Byörn idi: saçları alnına tökülmüş, demək olar ki, bütün konsertlərdə cins kostyumla səhnəyə çıxan ABBA-nın boyca ən balaca üzvü.
ABBA-nı əksəriyyət tanısa da, bəlkə, Astrid Lindqrenin adı çoxlarına heç nə demir. Bəs Uzuncorab Pippini necə, tanıyırsınızmı? Karlsonu xatırlayırsınızmı? Hə, damda yaşayan, belində pər olan helikopter-adam var idi ha, onu deyirəm. Bunlar sovet uşaqlarının ən maraqlı nağıllarından idi. ”Multik” adlandırdığımız animasiya filmlərinə sevə-sevə baxardıq. Astrid Lindqren (1907-2002) onları qələmə alan yazıçıdır. Pippi də, Karlson da bu xanımın yaratdığı qəhrəmanlardır. İsveçli Lindqren dünyanın ən məhşur uşaq nağılçılarındandır. Onun qəhrəmanları bizim müasirlərimizdir, amma fantastik nağıl dünyasına daxil ola, və hətta bizi, oxucuları, tamaşaçıları da arxalarınca o aləmə apara bilirlər. İsveçdə Astrid Lindqrenin az qala bütün əsərlərinə filmlər çəkilib.
Soruşacaqsınız: “ABBA-nın bura nə dəxli”? Elə mən də Stokholm sirkinin binasına məhz bu suala cavab tapmaq marağı ilə yollandım: sirk hara, Byörn Ulvaeus və Benni Andersson (ABBA-nın digər solisti) hara, Uzuncorab Pippi hara? Görəsən, onları nə birləşdirir?..
Bütün İsveç mediası sirkdə idi. Əvvəl qəhvəaltı etdik. Düzünü deyim, ilk dəfə idi, içi xardallı kroassant yeyirdim, heç xoşuma gəlmədi. Biz öyrəşmişik ki, kroassant şirin olar, ya da pendirli-filan…
Bir qədər sonra medianı içəri dəvət etdilər. Yarıqaranlıq salonda böyük bilbord qoyulmuşdu. Aparıcı xanım Byörn Ulvaeusu alqışlar altında səhnəyə dəvət etdi. Byörn əvvəlcə bilbordun qara örtüyünü açdı. Lövhədə Pippinin və sirkin iri şəkillərini gördük.
Pippi ”ABBA”-nı birləşdirir
Byörn binanı göstərərək mətbuat konfransının qayəsini izah etdi:
- Gördüyünüz bu möhtəşəm sirk binası yay aylarında hər zaman bağlı olur. Biz sirkin müdiriyyəti ilə birgə belə qərara gəldik ki, gələn yay müzikl səhnəyə qoyaq və qəhrəman kimi Uzuncorab Pippini seçək.
Tamaşanın musiqisini ABBA-nin məşhur bəstəkarları və ifaçıları Benni Anderssonla Byörn Ulvaeus yazıblar. 2020-ci ilin iyun ayının 26-sı ilk dəfə səhnəyə çıxacaq "Pippi sirkdə" ("Pippi at the Circus") adlı müzikl bütün yay boyu proqramda qalacaq, tamaşada 15 nəfər iştirak edəcək və burada sirk elementlərindən geniş istifadə olunacaq.
Əsərin qısa məzmunu belədir: Pippi, Tommi və Annika sirkə gedirlər. Onlar sirk şəhzadəsi miss Karmensita və cadugər rəqqasə Elvira ilə görüşürlər. Daha sonra cürbəcür məcaralara baş vururlar. Böyük ağılları ilə fərqlənməyən polislər (”Uzuncorab Pippi”nin qəhrəmanları) Klin və Klan da burada rol alıblar. Müziklin ssenari müəllifi Tilde Byörfors, səhnə tərtibatçısı və kostyumeri Maqdalena Oberqdir. Bir çox filmlərdən, pyeslərə verdiyi quruluşlardan İsveç və Avropa tamaşaçılarına tanış olan Maria Blom isə həm müziklin quruluşçu rejissoru, həm də baş rolun ifaçısıdır.
Və nəhayət, əlbəttə ki, Benni Anderssonun və Byörn Ulvaeusun ecazkar musiqisi!!! Kim bilir, bəlkə, beləliklə ABBA özü də səhnəyə qayıtdı…
[embed]
Rahim Sadıqbəyli, Stokholm