Logo
news content
User
Kateqoriyalar

Analitika

Cənubi Qafqazın taleyini dəyişəcək layihə - Anakliya işə salınır
Qonşu ölkədə Orta Dəhlizin əsas qovşağı olacaq dərin dəniz limanının tikintisinə start verildi

Gürcüstanda Rusiyadan yan keçməklə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin mühüm halqası və gələcəyin regional logistika mərkəzi hesab olunan Anakliya dərin dəniz limanının tikintisinin əsas mərhələlərindən biri başlayıb. Bu barədə Georgia Online nəşri məlumat yayıb.

Ölkənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, Belçikanın “Jan De Nul” şirkətinə məxsus ixtisaslaşmış gəmi limanın akvatoriyasına daqxil olub. Gəmi iri tonnajlı konteyner daşıyan gəmilərin qəbulunu təmin etmək üçün dəniz dibinin dərinləşdirilməsi və giriş kanalının yaradılması işlərinə başlayacaq.

Layihə çərçivəsində dəniz dibinin dərinliyi 17,5 metrə çatdırılacaq. Növbəti mərhələdə isə uzunluğu 1380 metr olan dalğaqıranın tikintisinə başlanacaq. Nazirliyin məlumatına əsasən, layihə plan üzrə icra olunur və dibin dərinləşdirmə işlərinin 2027-ci ilin mayında başa çatdırılması nəzərdə tutulur.

2024-cü ildə dəniz infrastrukturunun tikintisi müqaviləsini qazanan Belçikanın “Jan De Nul” şirkəti işləri gürcü tərəfdaşları ilə birlikdə həyata keçirir. Dövlət isə gələcək limana avtomobil və dəmir yolunun tikintisini öz üzərinə götürüb.

Hakimiyyət layihənin birinci mərhələsini 2029-cu ilədək başa çatdırmağı planlaşdırır. İstismara verildikdən sonra liman ildə 600 minədək konteyner emal etmək gücünə malik olacaq. Layihənin ilk mərhələsinə yatırılacaq investisiyanın həcmi isə təxminən 600 milyon ABŞ dolları qiymətləndirilir.

Gürcüstanda “əsrin layihəsi” adlandırılan Anakliya limanının tikintisi dəfələrlə təxirə salınmışdı. 2020-ci ildə hökumət Gürcüstan-Amerika konsorsiumu ilə bağlanmış müqaviləni ləğv etdikdən sonra layihə faktiki olaraq dondurulmuşdu. Lakin beynəlxalq ticarətdə Orta Dəhlizin əhəmiyyətinin artması bu layihəyə yeni təkan verib.

İyul ayında Gürcüstan hakimiyyəti bəyan edib ki, liman Landlord modeli əsasında inkişaf etdiriləcək. Bu modelə əsasən, torpaq sahələri və əsas infrastruktur dövlətin nəzarətində qalacaq, ayrı-ayrı terminalların idarə olunması isə özəl və beynəlxalq operatorlara həvalə ediləcək.

İqtisadiyyat naziri Mariam Kvrivişvilinin sözlərinə görə, bu yanaşma yük axınlarının şaxələndirilməsinə və Anakliya limanının beynəlxalq nəqliyyat şəbəkəsinə daha sürətlə inteqrasiyasına imkan verəcək.

Çoxdan gözlənilən bu layihənin nəhayət ölü nöqtədən tərpəndiyini demək olarmı? Bu limanın fəaliyyətə başlaması Gürcüstan, Azərbaycan və Ermənistan üçün nə ifadə edəcək? O, Çin və Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqına yönələn yükdaşımaların həcminin nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola bilərmi?

Pressklub.az-ın suallarını politologiya professoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebiya cavablandırıb.

Onun sözlərinə görə, məsələ ondadır ki, Gürcüstan Anakliya limanı ətrafındakı ajiotajı müəyyən qədər azaltmağa imkan verən mühüm addımlardan birini atıb. “Bu limanın tikintisi uzun illərdir siyasi çalar daşıyır. Əvvəla, yəqin, çoxları bilir ki, əvvəlcə limanın ABŞ şirkəti tərəfindən tikilməsi nəzərdə tutulurdu. Daha sonra tenderi Çin şirkəti qazandı. Lakin sonda belə qənaətə gəlindi ki, bu məsələdə bir çox ölkələrin siyasi maraqları üst-üstə düşmür. Məhz buna görə Gürcüstanın tətbiq etdiyi model ən məqbul variant oldu. Bu, əslində, Landlord modelidir. Həmin modelə əsasən torpaq dövlətin nəzarətində qalır, terminalların idarə olunması isə özəl və beynəlxalq operatorlara verilir.

Biz gələcəkdə belə bir modelin tətbiqini gözləyirdik. Ancaq Gürcüstan hökuməti bu qərarı gözlənilmədən və qısa müddətdə qəbul etdi. Buna görə də düşünürəm ki, Gürcüstan bu məsələdə ABŞ-ın, Çinin və hətta Rusiyanın maraqlarını nəzərə alaraq məsləhətləşmələr aparıb”, – professor bildirib.

Onun fikrincə, məhz bu model ən optimal seçim olub.

İqtisadiyyat naziri Mariam Kvrivişvilinin də dediyi kimi, Gürcüstan bu model sayəsində yük axınlarını şaxələndirə və Anakliya limanının beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını sürətləndirə biləcək. Hesab edirəm ki, bundan təkcə Gürcüstan deyil, bütün region faydalanacaq.

İstisna etmirəm ki, Gürcüstan ilk növbədə bütün regionun maraqlarını ön planda saxlamağa çalışacaq. Ola bilsin ki, ən əlverişli şərait, məsələn, Azərbaycan və ya Qazaxıstan investisiyalarına yaradılacaq.

Hazırda Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər tam problemsiz olmasa da, yaxın gələcəkdə Aİ-dən investisiyalar yenə də gələcək. Bu nəqliyyat dəhlizi yalnız Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün faydalı olacaq”, – Naçkebiya vurğulayıb.

Rauf Orucov