Logo
news content
User
Kateqoriyalar

Analitika

Bölgələrdə insanlar vəziyyətin ciddiliyini anlamırlar  

Müəllif: Fərman Nəbiyev,
“Mingəçevir işıqları” qəzetinin və mi-news.az səhifəsinin baş redaktoru

İki ay öncə 

Yanvarın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə görüşürdü. Mən də mətbuat işçisi kimi iştirak edirdim. Adamlar dərd-sərlərini çatdırandan və cavablarını alandan sonra başçı zala göz gəzdirdi: “Daha kimin sualı var?”

Qalxıb dedim ki, məni şəhərdə koronavirusla bağlı hansı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi maraqlandırır. Yanımda əyləşmiş vəzifəli şəxslər kinayə ilə üzümə baxdılar. Yəni görüş bitəsi məqamda bu nə sualdır verirsən? O zaman Mərkəzi Xəstəxananın və Gigiyena-Epidemiologiya Mərkəzinin (GEM) nümayəndələri açıqlama verdilər ki, şəhərdə belə xəstəliyə məruz qalan şəxs hələlik aşkar olunmayıb, lakin Səhiyyə Nazirliyinin əmrinə əsasən tibbi və məktəbəqədər müəssisələrə, digər qurumlara xəbərdarlıq göndərilib, xəstəxanada ayrıca palata açılaraq Bakıdan göndərilmiş avadanlıqlarla təchiz olunub. O da bildirildi ki, şübhəli xəstələrdən qan analizləri götürülür və müayinə üçün mərkəzə ötürülür.

Çıxışları diqqətlə dinləyən icra başçısı da əlavəsini etdi, dedi ki, prezidentin tapşırığı ilə yanvarın 28-də baş nazirin yanında koronavirusla mübarizə ilə əlaqədar müşavirə keçirilib: “Xəstəlik çox ciddidir. Bütün dünya mətbuatı ondan yazır. Mənim məlumatıma görə, Ağciyər Xəstəlikləri İnstitutunda ayrıca palatalar açılıb. Səhiyyə təşkilatları və digər qurumlar, ictimaiyyət kifayət qədər diqqətli olmalıdır”.

Fevral ayı ərzində

Təəssüf ki, fevral ayında nə ölkənin başqa yerlərində, nə də Mingəçevirdə koronavirusa qarşı ciddi qabaqlayıcı tədbirlər həyata keçirildi. Vətəndaşlar qəzetimizə şikayət edirdilər ki, yaşadıqları evlərin zirzəmilərinə kanalizasiya suları axır, hətta qış vaxtı ağcaqanad əlindən mənzillərində otura bilmirlər. Bu məsələ icra başçısının səyyar görüşlərində də, demək olar, hər dəfə qaldırılırdı. “Azərsu” ASC-nin yerli nümayəndəsi hər dəfə məlumat verirdi ki, Dövlət Proqramına uyğun olaraq şəhərin su-kanalizasiya təsərrüfatının yenilənməsi davam etdirilir və yaxın vaxtlarda şikayət olunan binalarda da bu problem köklü həllini tapacaq. Dezinfeksiya stansiyası rəisinin isə cavabı həmişə birmənalı olurdu: “Biz təsərrüfat hesablı müəssisəyik. Təşkilatlar pul ödəməlidirlər ki, dərman alıb, dezinfeksiya işləri aparaq. Amma əksəriyyət müqavilə bağlamır, xidmətlərimizdən istifadə etmək istəmir”.

Əslində həm fevral ayında, həm də ondan qabaq əhali sağlamlıq və gigiyena məsələlərinə ciddi diqqət yetirmirdi. Antisanitar şəraitdə qab-qacağı yuyulan çayxanalarda gecədən xeyli keçənədək nərd, domino çırpmaq bekar adamların əsas məşğuliyyəti idi. Bunu GEM-in də, polisin də nümayəndələri görürdü və ötüb yanından keçirdilər. 

İnsanlar məsələnin ciddiliyini hələ də anlamırlar  

Mingəçevirdə Azərbaycan dili və ədəbiyyatı fənni tədris edən Əlövsət Əliyev çox narahatdır. Onun fikrincə, şəhərdə karantin rejiminin tələblərinə ciddi əməl olunmur: “Son iki gündə mərkəzi bazardan Qələbə abidəsinədək olan ərazidə adamların sıx-sıx toplaşdığının şahidi oluram. Hamı bir-birinin içində, ağızlarında da maska yox! Şəhərin mərkəzindəki parkda skamyalarda əyləşən qocalar heç nə olmamış kimi şirin-şirin söhbət edirlər. Vallah, bu camaat  nə təhlükə gəldiyini başa düşmür”.

Mingəçevir bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı da eyni fikirdədir. O deyir ki, insanlar özlərini necə təhlükəyə məruz qoyduqlarını heç cür anlamırlar: “Mağazaya ərzaq almağa gedəndə çayxanada oturmuş gənclərin söhbətini - zarafatlarını eşitdim. Biri deyirdi ki, xüsusi rejim 10 nəfərin bir yerə yığışmasını qadağan edir, biz 6 nəfərik. O birisi gülə-gülə yoldaşının sözünə qüvvət verirdi ki, 65 yaşından yuxarı olanlar evdə qalmalıdırlar, bizə nə, bizim heç 30 yaşımız yoxdur. Doğrudanmı, gənclər hələ başa düşmürlər ki, hər kəs virus daşıyıçısı ola bilər, bir anda bütün yaxınlarını yoluxdurar? Qadağanı pozub, gəzintiyə çıxan yaşlılara nə deyəsən?..”

Mingəçevirə giriş-çıxış məhudlaşdırıldı

Martın 26-da Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir: “Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır”.

Bəs bu gün əhalisinə görə ölkənin dördüncü böyük şəhərində - Mingəçevirdə NK-nın tapşırıqları necə yerinə yetirilir? Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Sahib Əliyevin dediyinə görə, başçının sərəncamına əsasən “Mingəçevir ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi” üçün işçi qrup və qərargah yaradılıb: “Onların nəzarəti altında Dezinfeksiya stansiyası bütün orta ümumtəhsil məktəblərini, uşaq bağçalarını, idman və mədəniyyət obyektlərini, ticarət mərkəzlərini, supermarketləri və bazarları, marşrut avtobusları və dayanacaqları, iri sənaye, ticarət və xidmət müəssisələrinin binalarını, poçt şöbələrini, banklar və bankomatları tam dezinfeksiya edib. Eyni zamanda, əhaliyə xidmət göstərən supermarket, aptek, bazar və digər satış sahələrində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təlimat verilib. “Azərbaycan İES”in və avtovağzalın inzibati binaları, həmçinin ərazilərində olan avtonəqliyyat vasitələri də dezinfeksiya olunub”. 

S.Əliyev deyir ki, koronavirus təhlükəsi ilə əlaqədar səsgücləndiricilər vasitəsilə şəhərdə operativ qərargahın məlumatları yayılır, “Sahil” və “Dostluq” parklarında əhali arasında maarifləndirmə işləri aparılır, hətta oradakı skamyalar da götürülüb. Martın 27-dən isə  Mingəçevirə giriş-çıxış məhdudlaşdırılıb: “Səhər saatlarından etibarən şəhərin hər iki çıxış istiqaməti polis əməkdaşlarının tam nəzarətinə alınıb. Postlara yaxınlaşan sürücülərin qeydiyyat ünvanları müəyyən edildikdən sonra onların şəhərə girməsinə, yaxud şəhərdən çıxmasına icazə verilib-verilmədiyi izah olunur. Mingəçevirlə həmsərhəd ərazidə Yevlax Polis şöbəsi əməkdaşları da post qurublar”. 

Evdən çıxmayanlara kim qulluq edəcək?    

DSMF Mingəçevir şəhər şöbəsi sosial xidmət sektorunun müdiri Zəfər Hacıyev bildirdi ki, hazırda onlar 306 nəfərə qulluq edirlər: “70 yaşdan yuxarı 206 nəfər tənha ahıl vətəndaş və 100 nəfər işləməyən 2-ci qrup əlilliyi olan şəxs qeydiyyata götürülüb. Onlara həftədə iki dəfə 39 nəfər müxtəlif xidmətlər göstərir: evlərini təmizləyir, yeməklərini bişirir, digər işlərini görür. O ki qaldı karantinlə bağlı evdən çıxması yasaq olan 65 yaşından yuxarı insanlara qulluq göstərilməsinə, bu barədə bizə hələlik cəmi 2 qadın müraciət edib. Əvvəl 66 yaşlı Kubra Mehdiyeva zəng vurub dedi ki, çəliklə gəzirəm, indiyə qədər bazarlığımı qonşular edib, bəs sizin işçilərə necə, etibar edə bilərəmmi? İzah etdim ki, nə kömək lazımdırsa, göstərəcəyik. Sonra 5-ci mərtəbədə yaşayan və ayaqları xəstə başqa qadın müraciət etdi. O da bazarlıq məsələsi ilə bağlı zəng vurmuşdi. Həm də maraqlanırdı ki, indiki məqamda ailələrinə maddi yardım nəzərdə tutulubmu? Ancaq hələlik belə ailələrə maddi yardımla bağlı konkret göstəriş yoxdur”.  

Bu məsələ barədə iqtisadçı ekspert Rövşən Ağayevin Facebook səhifəsindəki fikirləri, düşünürəm, maraq doğurmaya bilməz: “Məcburi şəkildə evdə qalması ilə bağlı qərar çıxarılan yaşlılara və xəstələrə, tənha ahıllara sosial xidmətin zəruriliyi siyasi sistemin təşkilinin daha bir boşluğunu ortaya çıxardı. Normal ölkələrin hamısında ən ucqar kəndlərdə belə sosial xidmət funksiyasını üzərinə götürən bələdiyyə sisteminin varlığı yoxluq kimidir bizim ölkədə. Yəni adı var, özü yox. Sədri var, səlahiyyəti yox. Mühasibi var, maliyyəsi yox. Heç nə demirəm, TV-lərə baxın, görün Türkiyədə şəhər bələdiyyələri bu günlərdə hansı fövqəladə rejimdə çalışır. Hətta küçəyə çıxma qadağasını pozan yaşlıların belə əhavalını pozmadan küçə və parklarda onların arxasına düşür, maşınlara mindirib evlərinə çatdırırlar. Bələdiyyə əvəzsiz bir institutdur - əlində çoxlu pulu və səlahiyyəti olan, heç bir təyinatlı icra qurumunun heç vaxt əvəz edə bilməyəcəyi təsisat!”

Təbii ki, indiki halda 65 yaşından yuxarı insanların hamısının ən azından alış-veriş məqsədilə küçəyə çıxmasınin, marketə getməsinin qarşısını ala bilməyəcəyik. Hələlik bu adamlara sadəcə qonşularının, vətəndaş cəmiyyəti nümayəndələrinin dəstək olması vacibdir. Şəhərdəki əksər qeyri-hökumət təşkilatlarının indiki həssas məqamda susqunluq nümayiş etdirməsi də heç başa düşülən deyil.

Təbii ki, pozuntuları aşkarlamaq və təcili ölçü götürmək polisin vəzifəsidir. Amma hər birimizin vətəndaş təəssübkeşliyi olmadan təkcə dövlət qurumlarının, polisin gücü ilə bu vəzifənin öhdəsindən gəlmək çox çətin məsələdir. Unuduruq ki, “ölüm mələyi” qapımızın qarşısındadır və ciddi nəzarət olmasa, koronavirusun sürətlə yayılması, yeni ocaqların qalanması mümkündür...