Logo
news content
User
Kateqoriyalar

Analitika

40 illik savaş, 40 min qurban – Türkiyə sülhə nail olur
Amnistiyanın arxasında hansı böyük hesablar dayanır?

Türkiyə parlamenti PKK terror təşkilatı üzvləri üçün məhdud amnistiyanı nəzərdə tutan tarixi qanunun qəbul edilməsinin lehinə səs verib. Bu sənəd Ankaranın artıq dörd onillikdir davam edən və on minlərlə insanın öldürülməsinə səbəb olan terrorçularla münaqişəyə son qoymaq yolunda atdığı ilk qanunvericilik addımıdır.

Qanun PKK-nın həbsdə olan qurucusu Abdullah Öcalanın tərəfdarlarını təşkilatı buraxmağa və silahı yerə qoymağa çağırmasından təxminən il yarım sonra qəbul edilib. 

Qanun layihəsi parlamentdə təxminən 12 saat davam edən müzakirələrdən sonra təsdiqlənib: 600 deputatdan 468-i “lehinə”, 88-i “əleyhinə” səs verib, 6 deputat bitərəf qalıb. Sənədi hakim Ədalət və İnkişaf Partiyası, onun ultrasağçı müttəfiqi Milliyyətçi Hərəkat Partiyası və kürdlərin qurduğu DEM Partiya dəstəkləyib.

“Financial Times” qəzetinin yazdığına görə, qanun 12 maddədən ibarətdir və PKK-nın minlərlə üzvünün silahı yerə qoyması və cəmiyyətə reinteqrasiyası qaydasını müəyyən edir.

Sənəd bəzi hökmlərin icrasını dayandırır və törədilən cinayətin ağırlığından asılı olaraq, davam edən istintaqları beş və ya on il müddətinə dondurur. Belə güzəştlərdən yararlanan şəxslər yeni hüquq pozuntularına yol verməsələr, barələrindəki cinayət işlərinə xitam veriləcək, artıq çıxarılmış hökmlər isə ləğv olunacaq.

Bununla belə, amnistiya qəsdən adam öldürməyə görə məhkum edilmiş PKK üzvlərinə, eləcə də 2005-ci ildən əvvəl ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərə şamil edilməyəcək. Bu məhdudiyyət Abdullah Öcalana və PKK-nın digər yüksək vəzifəli üzvlərinə də aiddir. Türkiyə hakimiyyəti hələlik yalnız onların gələcəkdə qəbul ediləcək oxşar qanunvericilik dəyişikliklərinin əhatə dairəsinə düşə biləcəklərini vəd edir.

Bu, Türkiyə ilə PKK arasında sülhə nail olmaq üçün ilk cəhd deyil. Lakin PKK terror təşkilatının 1984-cü ildə başlayan fəaliyyətinin tamamilə sona çatacağına dair ən böyük ümidlər məhz bu cəhdlə bağlıdır. PKK-nın Türkiyədə terror fəaliyyəti nəticəsində təxminən 40 min insan həlak olub. Təşkilat Türkiyə, ABŞ, Aİ və Böyük Britaniyanın terror təşkilatları siyahısına daxil edilib.

Maraqlıdır, Türkiyənin bu qərarının uğurla nəticələnəcəyinə ümid etmək olarmı? Kürd terrorizmi müəyyən müddətdən mövcudluğunu dayandıracaqmı və Türkiyə nəhayət uzun illərdir davam edən bu təhlükədən xilas ola biləcəkmi?

Pressklub.az-ın suallarına tanınmış türkiyəli politoloq, “Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özər cavab verib.

Əvvəla, qeyd etmək istəyirəm ki, bu amnistiya olsa da, eyni zamanda “yarımamnistiyadır”. Söhbət birbaşa amnistiyadan deyil, PKK üzvlərinin reinteqrasiyasından gedir.

Düşünürəm ki, bu proses uğurlu olacaq. Əslində, PKK-nın Türkiyə ərazisində Türkiyə dövlətinə qarşı müqavimət göstərmək üçün faktiki olaraq nə siyasi imkanları, nə də silah-sursatı qalmayıb. Yəni PKK-nın Türkiyəyə təsir göstərmək üçün heç bir rıçaqı yoxdur.

Bundan əlavə, Ərdoğanın hakimiyyəti dövründə rəhbərlik PKK-nın əsas maliyyə mənbəyi olan narkotik ticarətinə qarşı fəal mübarizəyə başlayandan sonra onların maliyyə sistemi faktiki olaraq çökdü. Ona görə də əminəm ki, proses uğurlu olacaq. Çünki Türkiyədə bu prosesi həm müxalifət, həm də hökumət dəstəkləyir. Demək olar ki, bu, yaxşı hazırlanmış layihədir.

Burada söhbət digər layihələrdən də gedir. Bəsrə ilə Türkiyə arasında “İnkişaf yolu” adlı yeni layihə imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin yaradılması ilə bağlı yeni layihə var. Marşrutlardan biri İraqdan (İraq Kürdüstanından), ikincisi isə Suriyadan keçir”, – ekspert bildirib.

O, sözlərinə davam edərək qeyd edib ki, Ankara nə Suriyada, nə də İraqda bu layihələrin kürd silahlı birləşmələri tərəfindən bloklanmaması üçün Öcalanın rəhbərlik etdiyi qüvvələrlə razılaşmalı idi. “Şübhəsiz ki, layihə bu kontekstdə həmin insanlarla yeni münasibətlərin qurulmasına imkan verəcək. PKK üzvlərinə Türkiyə cəmiyyətinə reinteqrasiya olunmaları üçün stimul və imkan vermək lazım idi.

Açıq şəkildə demək olar ki, bu proses, ilk növbədə, həmin iki layihə ilə bağlıdır. İkincisi, hazırda Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasının yeni mərhələsi başlayır. Şengen zonasına vizasız səfər etmək imkanı əldə etmək üçün altı meyarı yerinə yetirmək qalıb. Onlardan biri terrorizm haqqında qanundur. Türkiyənin mövcud qanunvericiliyinin Avropa İttifaqının hüquq normaları ilə uyğunlaşdırılmalı olduğu məqamlar var. Hazırda müzakirə olunan qanun ilk addımdır. Düşünürəm ki, gələcəkdə amnistiya və cəmiyyətə reinteqrasiya digər terror təşkilatlarına da şamil ediləcək.

Beləliklə, burada iki aspekt var – iki nəhəng layihənin təhlükəsizliyinin təmin edilməsi və hazırda Avropa İttifaqı ilə qurulan münasibətlərin yeni mərhələsi.

Belə ambisiyalı addımların səbəbi budur”, – Özər yekunlaşdırıb.

Rauf Orucov