Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb
08 Sentyabr 2026
İyulun 31-nə olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 5 trilyon 163 milyard 913,2 milyon dram və ya 14 milyard 84 milyon dollar təşkil edib. İyun ayı ilə müqayisədə dövlət borcu 47 milyard 536 milyon dram (təxminən 128 milyon dollar - red.) artıb.
Bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında məlumat verilir.
Bu məbləğin əsas payını Ermənistan hökumətinin borcu təşkil edir - 5 trilyon 160 milyard 830 milyon dram. Bunun 2 trilyon 457 milyard 261,6 milyon dramını (təxminən 6,80 milyard dollar - red.) xarici borc, 2 trilyon 703 milyard 568,3 milyon dramını (təxminən 7,49 milyard dollar - red.) isə daxili borc təşkil edir.
Statistika Komitəsinin məlumatına görə, dövlət borcunun qalan hissəsi icmaların borclanmasının payına düşür - 3 milyard 83,2 milyon dram (təxminən 8,5 milyon dollar - red.).
Ölkənin Mərkəzi Bankının borcu iyulun 31-nə olan vəziyyətə görə, 168 milyard 698,8 milyon dram və ya 460 milyon 134 min dollar təşkil edib. Həmin vaxt dolların məzənnəsi 366,63 dram olub.
Xatırladaq ki, 2026-cı il üçün büdcə proqnozlarına əsasən, Ermənistanın ümumi dövlət borcunun (hökumətin borcu və Mərkəzi Bankın öhdəlikləri daxil olmaqla) ilin sonuna qədər təxminən 6 trilyon 569 milyard drama (təxminən 18,19 milyard dollar - red.) çatdırılması planlaşdırılır. Bu, proqnozlaşdırılan ÜDM-in təxminən 55%-ni təşkil edir.