Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pilotların pensiya davası: Məhkəmə iddianı təmin etdi

Azərbaycanın Milli Qəhrəmanı, 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin kapitanı olmuş İqor Kşnyakin ölümündən az öncə pensiyası ilə əlaqədar məhkəməyə şikayət veribmiş. Kşnyakin də daxil olmaqla, ümumilikdə 76 nəfərin şikayəti üzrə bugünlərdə məhkəmə yekun qərar verib.

Şikayətçilərin hamısı müxtəlif vaxtlarda mülki aviasiyadan pensiyaya çıxmış, amma hələ də eyni peşə üzrə fəaliyyətini davam etdirənlər olub. Onlar məhkəmədə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı iddia qaldırıblar. Narazılıqları isə pensiyalarının düzgün hesablanmaması, daha doğrusu, azaldılması ilə əlaqədar olub.

İddiaçılardan birinin AzadlıqRadiosuna bildirdiyinə görə, fərdi hesablarının sığorta hissəsində toplanmış kapital əsasında onların pensiyaları bir neçə dəfə yenidən hesablanıb: "Biz "güzəştli şərtlərlə pensiyaya çıxanlar" kateqoriyasına aidik. 2024-cü ilin yayında növbəti hesablamadan sonra pensiyalarımız azaldıldı".

Onlar iddia ərizələrində öncəki hesablamanın bərpasını tələb ediblər.

DSMF qərardan narazı qalıb

Bakı İnzibati Məhkəməsi iddianı təmin edib. Dövlət Sosial Müdafiə Fondu bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Fond İ.Kşnyakin istisna olmaqla, qalan 75 nəfərə münasibətdə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Həmin vaxt artıq təyyarə qəzası baş vermiş və Kşnyakin həlak olmuşdu.

Bakı Apellyasiya Məhkəməsi Fondun şikayətini təmin etməyərək qərarı dəyişməyib.

Dövlət Sosial Müdafiə Fondu ardından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Avqustda Ali Məhkəmədə bu məsələyə baxılıb və yekun qərar verilib.

İş Ali Məhkəmədə baxılarkən Fond ərizə göndərib ki, qalan 75 nəfərdən 7-si istisna olmaqla, digər şəxslər haqqında şikayətini geri götürür. 7 nəfərlə bağlı məsələyə gəlincə, Ali Məhkəmə onlarla bağlı aşağı instansiyada hərtərəfli araşdırma aparıldığını əsas gətirərək Fondun kassasiya şikayətini təmin etməyib.

1962-ci il təvəllüdlü İ.Kşnyakin 1982-2024-cü illərdə pilot kimi fəaliyyət göstərib. 2024-cü ilin dekabrında Qroznı üzərində vurulan AZAL-a məxsus "Embraer 190" təyyarəsinin kapitanı olub. Hadisə zamanı həlak olan Kşnyakin Qroznıda təyyarə vurulandan sonra Qazaxıstanın Aktau şəhərinə qədər onu idarə edərək sərnişinlərin bir hissəsinin sağ qalmasına nail olduğuna görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.