Qrossi İranı MAQATE-nin nüvə nəzarətini bərpa etməyə çağırır
08 Sentyabr 2026
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın bəyan etdiyi nüvə materialları və obyektlərinin vəziyyətini yoxlaya bilmir. Qurumun baş direktoru Rafael Qrossi bunu Tehranın lazımi məlumatları təqdim etməməsi və obyektlərə çıxış verməməsi ilə izah edib.
Ötən ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehran MAQATE müfəttişlərinin həmin obyektlərə girişini dayandırıb.
Qrossi sentyabrın 7-də Vyanada MAQATE-nin İdarə Heyətinin iclasının açılışında çıxış edib. O, vəziyyəti "nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğuran məsələ" adlandırıb, problemin təcili şəkildə həllinə çağırıb.
Qrossi İranı MAQATE ilə konstruktiv əməkdaşlığa, nüvə proqramı ilə bağlı diplomatiya və danışıqlara qayıtmağa çağırıb.
"MAQATE-nin nəzarət mexanizmlərinin tam və effektiv gerçəkləşdirilməsi, Tehranın öz öhdəliklərini yerinə yetirməsi üçün bu ölkəni agentliklə konstruktiv əməkdaşlığa çağırıram", – Qrossi bildirib.