Logo
news content

Media üçün sülh sifarişi
Bəlkə bu sifarişi yaratmaq üçün də sərəncam lazımdır?

Bir neçə il əvvəl Ermənistandan olan həmkarlarla maraqlı bir layihə icra edirdim.  Son məhsul insanların Azərbaycan-Ermənistan münaqişəsinə münasibəti, gələcəkdə iki xalqın dinc yanaşı yaşamasının mümkünlüyü barədə fikirlərindən ibarət film olmalıydı. Oldu da. Və bu filmdə respondentlərdən birinin sualıma verdiyi cavab çox maraqlı idi: “Əgər Azərbaycan prezidentinin bununla bağlı sərəncamı olarsa və ermənilər də razılaşarlarsa, yəqin ki, bu siyasətin nəticəsi olar və ermənilərlə birgə yaşayış mümkün olar”.

İrəvana səfər edən jurnalistlər Konyak Zavodunda “Sülh çəlləyi”nin qarşısında şəkil çəkdirməyi xoşlayırlar

Həmin cavabı yada salmaqda məqsədim var. Amma bu barədə bir qədər sonra. İndi keçək əsas mətləbə. Azərbaycan-Ermənistan münaqişəsi barədə kütləvi informasiya vasitələrində yazılanlara...

MÜŞAHİDƏLƏR nədən xəbər verir?

Azərbaycan kütləvi informasiya vasitələrində münaqişənin işıqlandırılması heç vaxt birmənalı qiymətləndirilməyib. Müxtəlif zamanlarda, müxtəlif adlarla həyata keçirilən, məqsədi münaqişə tərəfləri arasında qarşılıqlı inam yaratmaq olan layihələr icra edilib. Amma bir çox müşahidəçilər medianın destruktiv mövqedə dayandığını da deyir. 

Son bir ildə müşahidələrim əsasında o qənaətə gəlirəm ki, Azərbaycan oxucusu Ermənistan və ermənilər haqqında mənfi, aşağılayıcı məqalələrə daha çox maraq göstərir. Hər halda saytlardakı bu tipli məqalə, informasiya və şərhlərin ziyarətçi sayı bunu deməyə əsas verir.    

44 günlük müharibədən əvvəl də vəziyyət çox fərqli deyildi. Müşahidələr zamanı əldə olunan nəticələrin təhlili göstərir ki:  

Azərbaycan mediasında yayılan Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi barədə  materialların 99,99 faizi birmənbəlidir;  

Azərbaycan mediasında münaqişə barədə materialların 30 faizə qədəri Ermənistan mediasından götürülür;

Azərbaycan mediasında Ermənistan və ermənilər haqqında əksər materiallar neqativ çalarlıdır.

Vəziyyət son 10 ildə, demək olar ki, dəyişilməyib. 

NEQATİVİ doğuran səbəblər

Azərbaycan mediasında Ermənistan və ermənilər haqqında mənfi çalarlı informasiya, şərh və ya reportajların daha çox oxunması mediada bu tip materiallara daha çox yer verilməsi ilə nəticələnir. Yəni, sosial sifariş belə tələb edir. 

Rauf Qaragözov hesab edir ki, insanlar beyinlərində oturuşmuş fikir və rəylər haqqında oxumağı üstün tuturlar

Vəziyyətə aydınlıq gətirmək üçün siyasi psixologiya üzrə tanınmış ekspert, ADA Universitetinin professoru Rauf Qaragözova müraciət etdim: Niyə Azərbaycan mediasında ermənilər haqqında pozitiv yox, neqativ yazılar daha populyar olur? 

Rauf Qaragözov əvvəlcə sualıma ritorik sualla cavab verdi: Ermənilər haqqında çoxmu pozitiv yazılar olub ki, onlar da paylaşılsın və populyarlaşsın?

İlk baxışda professor səbəbi sanki yazanlarda görür. Əslində isə Rauf Qaragözov ermənilərin Azərbaycan insanının yaddaşında illərlə formalaşmış obrazının bu reallığın yaranmasında ciddi rol oynadığı qənaətindədir:

“Belə bir mülahizə var: insanlar beyinlərində oturuşmuş fikir və rəylərə uyğun gələnləri oxumağı üstün tuturlar. Erməni bizim təsəvvürümüzdə mənfi obraz olduğu üçün, adamlarımız da məhz bunu bir daha təsdiqləyən yazılara üstünlük verirlər”.

Yenə də qapalı dairə: BİRİNCİ - Cəmiyyətin rəyini məhz media, informasiya resursları formalaşdırır. İKİNCİ - Bu gün cəmiyyətin tələbatı medianı məhz neqativ çalarlı materiallara yönləndirir. 

Məsələ MÜNAQİŞƏŞÜNASLIQ müstəvisində

Sözsüz ki, hər bir münaqişə kimi, Azərbaycan-Ermənistan münaqişəsinin də müxtəlif mərhələləri var. Amma bütün münaqişələr nəzəri baxımdan aşağıdakı mərhələlərdən ibarətdir: 

  • Birincisi – Münaqişənin yaranması.
  • İkincisi – Münaqişənin şəxsiləşməsi.
  • Üçüncüsü – Münaqişədən doğan münaqişə.
  • Dördüncü – Sülhün yaratdığı münaqişə. 

Birinci mərhələdə insanlar və ya toplumlar arasında nəyinsə uğrunda mübahisə, fikir ayrılığı yaranır. İkinci mərhələdə tərəflərin, heç münaqişə ilə bağlı olmasa belə, bütün fikirləri və atdığı addımlar qarşı tərəfdə qıcıq doğurur və etirazla qarşılanır. Üçüncü mərhələdə münaqişə tərəflərindən birinin atdığı addımlar digərinin daha sərt addımlar atmasına səbəb olur. Dördüncü mərhələdə isə tərəflər sülh uğrunda konfliktə başlayılarr. Yəni, hərə sülh üçün öz şərtini ortaya qoyur. 

Formal məntiqlə hazırkı dövrü nəzəri baxımdan Azərbaycan-Ermənistan münaqişəsinin dördüncü mərhələsi hesab etmək olar. Amma media resurslarını bir qədər araşdırmaq kifayət edir ki, onların münaqişənin məhz ikinci mərhələsində qaldığını görək. Yəni, qarşı tərəf hansı addımı atırsa atsın, bu mütləq neqativ reaksiya doğurur. 

RESPONDENTLƏRIN özəlliyi

Yuxarıda müşahidələrimlə bölüşərkən, Azərbaycan-Ermənistan münaqişəsinin şərhinə dair materialların birmənbəli olduğunu qeyd etdim.

Maraqlı odur ki, materialların birmənbəliliyiı qarşı tərəfin neqativ obrazının yaradılmasında xüsusi rol oynayır.  

Uzun illərin araşdırması göstərir ki, Qarabağ münaqişəsindən danışan respondent özünü ya qurban, ya da qəhrəman kimi təqdim etməyə çalışır. Və bu, mediada münaqişənin işıqlandırılması baxımından ciddi fəsadlar törədir. 

Əvvəlcə özünü qurban kimi qələmə verənlərlə bağlı. 

Sözsüz ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağ münaqişəsinin qurbanı hesab olunacaq yüz minlərlə insan var. Amma özünü daha çox əzabkeş kimi göstərmək cəhdi daha ağır vəziyyətlər uydurmağa vadar edir. Bu, mediada özünə yer tapır və qarşı tərəf barədə formalaşmış rəyi bir qədər də dərinləşdirir, cəmiyyətdə barışmaz əhval-ruhiyə yaradır. 

O ki qaldı özünü qəhrəman kimi qələmə verənlərə, onlar daha çox özlərinə böhtan atmaqla məşğuldurlar. Hətta bəzən törətmədikləri müharibə cinayətlərini də (bədən üzvlərini kəsmək və s.) boyunlarına götürürlər. Jurnalistlərsə bundan həvəslə yazırlar, çünki belə materiallar reytinq gətirir.   

Azərbaycan Mətbuat Şurası belə hallara qarşı həssas yanaşmağı tövsiyə edir. 

Bu ilin mart ayında Ermənistanın “Noyan Topan” agentliyi Novruz Bayramı barədə aşağılayıcı material yayımladı. Buna cavab olaraq, azərbaycanlı jurnalistin göstərdiyi münasibət vəziyyəti bir qədər də gərginləşdirdi. Onun “zorakılığa çağırış” kimi anlaşılan materialından sonra Mətbuat Şurası Azərbaycan jurnalistlərini belə həssas  məsələlərdə daha soyuqqanlı və peşəkar davranmağa səslədi. 

Mətbuat Şurasının həmin jesti, sözsüz ki, təqdirəlayiq idi. Qurum belə halların qəbuledilməz olduğunu bildirməklə yanaşı, erməni mediasına müraciət edərək, onları da daha obyektiv olmağa çağırdı.  

Dondurulan ƏLAQƏLƏRİN yenidən bərpası

2020-ci ildə baş vermiş 44 günlük müharibəyə qədər Qərb donorları tərəfindən maliyyələşdirilən birgə layihələr icra olunurdu. Qarşılıqlı inamın yaranmasına yönələn bu layihələrin azalmasının obyektiv və subyektiv səbəbləri var, amma Ermənistanda onlar bir, Azərbaycanda isə tam başqa mahiyyətdən doğurlar. 

Azərbaycanda Qərb donorları tərəfindən maliyələşdirilən layihələrin icrasında təxminən 10 il əvvəldən yaranmağa başlamış çətinlik əsasən QHT-lərin xarici təşkilatlarla əməkdaşlığını əngəlləyən qanunlardır. Xarici donorlardan maliyyə yardımı almaq indi daha mürəkkəb olub. 

Azərbaycanda vətəndaş cəmiyyətinin əsas donoru hesab edilən QHT-lərə Dövlət Dəstəyi Agentliyi isə belə layihələrin dəstəklənməsi məsələsinə hələlik baxmır. 2024-cü il üçün elan olunmuş müsabiqədə sülh quruculuğu ilə bağlı layihələrin dəstəklənməsi nəzərdə tutulsa da, onlar arasında ermənilərlə birgə layihələrin maliyyələşdirilməsi mexanizmləri yoxdur. 

Əslində, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu cür layihələrə maraq göstərsə belə, erməni tərəfinin onlarda iştirak etmək istəməsi hələ ki, real görünmür. 

Ermənistan tərəfinin birgə layihələrə həvəs göstərməməyinin səbəbi isə “məğlubiyyət sindromu” ilə bağlıdır. 

Şura sədri qarşılıqlı təmasları mümkün hesab edir

Mətbuat Şurasının sədri Rəşad Məcid hesab edir ki, jurnalistika sülh ideyalarının  cəmiyyətlərə çatdırılmasının təminatında başlıca rol oynamalıdır. Bununla yanaşı, Şura sədri Azərbaycan və Ermənistan jurnalistlərinin təmasının effektli olmadığı qənaətindədir:

“Vaxtilə Avropa təsisatları buna daha çox səy göstərirdilər. Xalq diplomatiyasının elementi kimi medianı, jurnalistikanı əsas tuturdular. Jurnalistlərin təmaslarını təşkil edirdilər və sair. Ancaq təcrübə göstərdi ki, fərdi şəkildə müəyyən irəliləyişlər qeydə alınsa da, ümumən belə təşəbbüslər o qədər də səmərəli nəticələr doğurmadı. Onları kütləviləşdirmək  mümkünsüz oldu. Çünki ortada işğal faktı var idi. Bunu nisbətən konstruktiv düşüncəli erməni jurnalistlər də etiraf edirdilər. Əlbəttə, onların sayı çox az idi”.

Rəşad Məcid hesab edir ki, Azərbaycan mediasının hazırkı davranışı Ermənistandan gələn siqnallara adekvatdır:

“Azərbaycan mediasının təmsilçiləri isə həm erməni həmkarlarının, həm də Ermənistan dövlətinin davranışlarına adekvat davranırlar. Durum, haradasa, anlaşılandır. Həm erməni, həm də Azərbaycan cəmiyyəti üçün keçmişdəki ədavəti unutmaq elə də asan deyil. Buna uyğun fikirlər və düşüncələr də mediada əksini tapır. Digər yandan isə, fikrim siyasi görünə bilər, amma onu da deməliyəm ki, Ermənistanda, Azərbaycandan fərqli olaraq, cəmiyyət xeyli dağınıqdır. Müxtəlif qütblər öz lokal maraqlarını ortaya atırlar. Şübhəsiz, bu onlara məxsus media orqanlarının fəaliyyətinə də təsir göstərməkdədir”. 

Amma bütün bunlara baxmayaraq, Şura sədri qarşılıqlı təmasları mümkün hesab edir və bunun üçün hər iki tərəfdən çağırışların olmasının vacibliyini bildirir. 

SİFARİŞ haradan gəlməlidir?

Hələlik nə Ermənistan, nə də Azərbaycan cəmiyyətində qarşılıqlı etimad üçün yollar axtarışına sosial sifariş yoxdur. Ola bilsin, media mənsubları belə sifariş gözəyirlər. 

Amma sosial sifarişi gözləmədən də müəyyən addımlar atıla bilər və atılır. Məsələn, Bakı və Yerevan Press klubları hazırda YouTube platforması üzərindən birgə televiziya proqramının yayımını həyata keçirirlər. Münaqişə, yaranmış böhrandan çıxış yolları ekspertlərlə müzakirə olunur. Ortaq məxrəcin tapılması üçün hər iki tərəfin məsələyə münasibəti araşdırılır.

Bu yerdə, nə qədər qəribə də olsa, yazının əvvəlində sitat gətirilən fikir aktual görünür. Bəlkə, cəmiyyətdə sosial sifariş yaranması üçün sərəncam verilməlidir? 

P.S. Həmkarım Vüsalə Məmmədovanın illər əvvəl Lent.az saytında “Əsir düşərgəsi” adlı silsilə yazıları dərc olunurdu. Xocalıdan olan həmvətənlərimizin yaşantıları əks edilirdi bu silsilədə. Məqalələrdən birində, bəlkə, heç kimin yadına düşməyən bir məqam da vardı:

- UAZ-ın arxa qapısını açdılar, gördük, içəridə də üç nəfər var...
- Onlar kim idi?
- Kəndçilərimiz. İki bacı və bir də Gülöyşə adlı qadın...
- Onlar nə halda idilər?
- Çox yaxşı halda idilər. Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...
- Bəs onların üst-başı necə idi?
- Elə Xocalıdan, evdən çıxdıqları kimi...
- Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?
- Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi, məni incitməyiblər. Əyin-başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...
- Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?
- Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…

Lent.az, 04 iyul 2014

Nəzərə alsaq ki, bu fakt Xocalı faciəsini yaşamış qadının dilindən səslənib, o zaman gətirdiyimiz sitat Qarabağ erməniləri ilə münasibətlərin qurulması üçün dayaq nöqtələrindən biri ola bilərdi. Sitat həm də onu göstərir ki, istər erməni, istər də Azərbaycan tərəfinin kənar təsirlər olmadan davranışları qarşılıqlı inamın mümkünlüyünə ümid yaradır. Sadəcə, bu davranışların mediada ifadəsini tapması üçün şərait münbit deyil. İndi hər iki tərəfdə həm fərd olaraq jurnalistlərin, həm də media orqanlarının belə münbit şəraitin formalaşdırılmasına köklənməsi vacibdir. Bunun üçün isə yenidən velosiped icad etmək lazım deyil. Həqiqəti yazmaq yetərlidir. Həqiqətin harada olduğunu görmək isə peşəkarlığa bağlıdır.